Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 13:44

Rusiya boyunca rəssamların evlərində axtarış aparılır


Katrin Nenaşeva
Katrin Nenaşeva

Rusiyanın Moskva, Peterburq, Yekaterinburq, Nijni Novqorod, Ulyanovsk və Samara şəhərlərindəki yerli rəssamların evlərində axtarışlar aparılır.

Güman edilir ki, bu, Pussy Riot qrupunun iştirakçısı və Mediazona saytının keçmiş naşiri Pyotr Verzilova qarşı dövlət xəyanəti ittihamı ilə başlanmış işlə bağlı ola bilər.

Sankt Peterburq şəhərində FTX əməkdaşları rəssam Katrin Nenaşeva və onun rəfiqəsi Nataşa Çetverionun mənzillərinə gələrək axtarış aparıblar.

OVD-Info saytı yazır ki, bunun ardınca Nenaşevanı nömrəsiz avtomobildə dindirməyə aparıblar. Nenaşeva bir neçə saatdan sonra sərbəst buraxılıb. Onun bu işdə hansı qismdə olması məlum deyil.

Moskvada rəssam Philippenzonun tanışını mənzilindən aparıblar. Hazırda onunla heç bir əlaqə yoxdur.

Yekaterinburqda axtarışdan sonra rəssam İlya Mozgi də dindirilməyə aparılıb.

Nijni Novqorodda rəssamlar – Artyom FilatovAndrey Olenev, Ulyanovskda Yeqor Xoltov dindirilib. Onun kompüterindən şəkilləri və kompüterin sistem blokunu götürüblər.

Dövlətə xəyanət maddəsi

Doxa saytı yazır ki, Filatov, Olenev və Xoltov polis idarəsindən Verzilovun dövlət xəyanəti işi ilə bağlı şahidlər qismində buraxılıblar.

Habelə “Yav” art-qrupu üzvlərinin – rəssam Saşa Blot, “Ölülər partiyasının” iştirakçısı Kristina Bubentsova (onu sonradan sərbəst buraxıblar) polis idarəsinə aparılıblar.

Bundan başqa Pussy Riot iştirakçıları Rita Floresin, Olqa Kuraçovanın və Olqa Paxtusovanın evlərində axtarış aparılıb.

Samarada rəssam Denis Mustafinin anasının mənzilində axtarış keçirilib.

Pyotr Verzilovun anasının mənzilində də axtarış olub.

Rusiya mediası yazır ki, axtarışların ən azı bir qisminə orderi Moskvanın Lefortovo məhkəməsi dövlətə xəyanət işi üzrə verib.

Verzilovun işi

Bundan əvvəl Verzilova qarşı dövlətə xəyanət ittihamı ilə iş açılması barədə xəbər verilməmişdi.

2023-cü ilin oktyabrında Verzilov Yuri Duda müsahibəsində demişdi ki, o ən azı 2022-ci ildən Ukrayna ordusunda xidmət edir.

Həm Rusiya, həm də Kanada vətəndaşı olan Verzilov Moskvanı 2020-ci ildə tərk edib.

Moskva şəhər məhkəməsi martın 11-də Verzilovun işini Rusiya ordusu barədə saxta məlumatlar yaymaq ittihamı ilə təkrar araşdırmaya göndərib.

Verzilova Buça qətliamı ilə bağlı postlarına görə bundan əvvəl bu maddə ilə 8 il yarım iş kəsilmişdi.

Rusiya məhkəmələri – feyk – saxta məlumat dedikdə Ukrayna müharibəsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin məlumatlarından fərqli xəbərləri nəzərdə tuturlar.

XS
SM
MD
LG