Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 08:00

'Rusiya  Qarabağda uzunmüddətli qalmaq istəyir'


Kəlbəcərdə Rusiya hərbi qüvvələri, 24 noyabr 2020

Son günlər Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, hər gün istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, ölən və yaralanının olduğu da bildirilir.
İyulun 14-də Prezident İlham Əliyev deyib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil :

«Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq...»

Nikol Paşinyan 15 iyul 2021
Nikol Paşinyan 15 iyul 2021

İyulun 15-də isə Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan hökümətin iclasında deyib ki, onlar Azərbaycanla sülh anlaşmasına hazırdır :

«Lakin bunun yalnız bir yolu var, İlk öncə Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir. Bu olmadan sülh anlaşması sadəcə mümkün olmayacaq».

O, habelə qeyd edib ki, Azərbaycan beynəlxalq arenada səsləndirdiyi sülh byanatlarına rəğmən regionda sülhün bərqərar olmasına əngəl törətmək üçün əlindən gələni edir.
Bəs görək baş verənləri Azərbaycanda ayrı-ayrı təhlilçilər necə dəyərləndirirlər?

«Niyyəti də ondan ibarətdir ki, …»

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov-un «Turan» Agentliyinə bildirməsinə görə, son günlər Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə atəşkəsi pozması onu göstərir ki, onlar məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirirlər :

«Niyyəti də ondan ibarətdir ki, Azərbaycanla sülh müqaviləsini imzalamağla bağlı təşəbbüs reallaşmasın».

Onun qeyd etməsinə görə, vaxtilə danışıqlar prosesində irəliləyiş baş verərkən dərhal Ermənistan tərəfi hərbi təxribatlara əl atırdı ki, danışıqların nəticələri heçə ensin :

«İndi isə sülh müqaviləsi ilə bağlı, söhbətlər aktuallaşıb, Zəngəzur dəhlizinin ( Ermənistanın Sünik rayonu) açılması ilə bağlı məsələlər gündəmdədir. Bundan savayı sərhədin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər artıq beynəlxalq müzakirə məsələsinə çevirilməkdədir. Bütün bu reallıqların fonunda artıq regionda yeni tarixi şərait yaranır».

Elman Nəsirov, 2018
Elman Nəsirov, 2018

«Kommunikasiyaların açılması Ermənistanın üçün bir nicat yoludur»
Komitə üzvü hesab edir ki, əslində həmin şərait Ermənistan üçün də çox faydalıdır : «Kommunikasiyaların açılması Ermənistanın çökməkdə olan iqtisadiyyatı üçün bir nicat yoludur. Ancaq Ermənistan tərəfi buna getmir».

Deputatın fikrincə, baş verənlərə səbəb Ermənistandakı revanşist qüvvələridir:

«Onlar bu gün də bəhanə axtarırlar ki, N.Paşinyana qarşı etiraz dalğasını yaratsınlar və bundan maksimum faydalanmaq istəyirlər. N.Paşinyan da bu situasiyanın girovuna çevrilib. O, bu gün çox gözəl anlayır ki, əməkdaşlığın alternativi yoxdur. Alternativ - müharibə və Ermənistanın sonu deməkdir. Həm də bilir ki, Ermənistan xalqı seçkilərdə ona yox, sülhə səs verib».

E.Nəsirov qeyd edib ki, Nikol Paşinyanın indi sülh müqaviləsinin imzalaması yanğın effekti yarada bilər :

«Ona görə də o çox ehtiyatlıdır və bir çox hallarda bu cür təxribatlara göz yumur, Azərbaycanı aqressiv hərəkətlərdə ittiham edir».

Onun fikrincə, bu zaman məsələsidir və bir müddət sonra hər şey öz yerini tapacaq : «Vaxtilə də Ermənistan danışıqlardan imtina etdi. Nəticəsi isə məğlubiyyət oldu. İndi də Ermənistanın bu cür addımları ona gətirib çıxara bilər ki, Ermənistan çox böyük problemlərlə üz-üzə qala bilər».

«Onlar istəmir ki, statussuz Qarabağ olsun»

Ilham Ismayıl, Bakı,17 avqust 2009
Ilham Ismayıl, Bakı,17 avqust 2009

Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl da AzadlıqRadiosuna bildirib ki, istər Azərbaycan-Ermənistan dövlət sərhədində, istərsə də Qarabağdakı təmas xəttində baş verən atışmalar intensivləşib:

«Bu, bizim xeyrimizə deyil. Biz istəyirik sülh müqaviləsi imzalansın və ərazi bütövlüyümüz çərçivəsində bu məsələ bitsin, erməni əsilli olan Azərbaycan vətəndaşları yaşadıqları yerlərdə qalıb yaşasınlar. Qarşı tərəf isə bununla razı deyil. Onlar istəmir ki, statussuz Qarabağ olsun».

«Çıxış yolu...»

Ekspert deyir ki, Ermənistanı təhrik edənlər qlobal güclər var:

«Faktiki olaraq Minsk qrupunun həmsədr ölkəlrinin ( Rusiya, Fransa və ABŞ ) bu günlər səfirlərinin Azərbaycandakı diplomatların Şuşa səfərindən imtinası ilə da onların Ermənistan tərəfində dayandığı görünür. Üstəlik də Rusiya sülhməramları adı altında Qarabağda uzunmüddətli qalmaq istəyir».

O, qeyd edib ki, prosesin uzanması Ermənistana sərf edir :

«Ona görə də onlar təxribatlar törədirlər. Ermənistan tərəfi fikirləşir ki, Azərbaycan nə qədər güzəşt etmirsə, ona beynəlxalq təzyiqi diaspor vasitəsilə artıracaqlar. Buna isə əsas lazımdır. Əsas da həmsədrlərin onlara verdiyi ilhamlandırıcı mesajlardır».
İ.İsmayılın fikrincə bu vəziyyətdən çıxış yolları var :

«Çıxış yolu Azərbaycanın 10 noyabr bəyanatının icrasını Rusiya dövlətindən tələb etməsidir. Bu bəyanatın bəndləri yerinə yetirilsə bu, artıq sülhün yarısının həll olunması deməkdir».

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib( 5 illik ).

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG