Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ən iri banklardan biri olan ENBD bankı rusiyalı müştərilərinə xəbərdarlıq məktubları göndərir.
Forbes jurnalının bankın iki müştərisinə və maliyyə bazarlarındakı mənbələrə istinadla verdiyi məlumatda deyilir ki, bank müştərilərə onların aktivlərinin ayrıca hesaba köçürüləcəyi barədə xəbərdarlıq edir.
Məktubda deyilir ki, əgər müştəri Avropa İttifaqının, Avropa İqtisadi Zonası və ya İsveçrənin sakini deyildirsə, onun aktivləri ayrıca seqreqasiyalı hesaba keçiriləcək və bu hesablardakı pulun nəqdləşdirilməsinə və ya nəqd pul köçürmələrinə məhdudiyyətlər qoyulacaq.
Direktiv
ENBD izah edir ki, bu məhdudiyyətlər “Avropa İttifaqının direktivi” əsasında tətbiq olunur.
Bu qaydalarda BƏƏ sakini olan rusiyalılar üçün heç bir istisna nəzərdə tutulmayıb.
Məsələ ilə tanışlığı olan bankirlərdən biri Forbes jurnalına deyib ki, ENBD də Avropa və İsveçrə bankları kimi Clearstream və Euroclear beynəlxalq depozit xidmətlərindən istifadə edir və buna görə də onların tələblərinə əməl etməyə məcburdur.
Həmin bankirin sözlərinə görə onun söhbət etdiyi başqa bankların əməkdaşları depozitarilərdən heç bir bildiriş almadıqlarını və rusiyalı müştərilərlə bağlı hər hansı tədbir görməyi planlaşdırmadıqlarını deyirlər.
Səbəb sanksiyalardır
Lakin bankir əlavə edib ki, BƏƏ-dəki başqa bankların da rusiyalıların investisiya fəaliyyətini məhdudlaşdıracağını istisna etmək olmaz.
Müstəqil maliyyə eksperti Nataliya Smirnova deyir ki, Rusiya mənşəli pulların BƏƏ bankları vasitəsilə investisiyasını çətinləşdirən Avropa İttifaqının sanksiyalarıdır.
Ekspert xatırladıb Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 5-ci paketinə görə Avropa İttifaqı vətəndaşlığı və ya burada daimi məskunlaşmaq hüququ olmayan rusiyalılar Avropa banklarında 100 min avrodan artıq pul saxlaya bilməzlər.
Sanksiyaların 7-ci paketi isə bu qaydanı rusiyalıların nəzarətində olan xarici şirkətlərin Avropa hesablarına şamil edib.
UBS və Сredit Suisse banklarının xəbərdarlığı
Bundan bir gün əvvəl RBK xəbər agentliyi İsveçrənin bank sektorundakı hüquqşünaslara və başqa mənbələrə istinadən bildirirdi ki, İsveçrənin UBS və Сredit Suisse bankları Rusiyadan olan müştərilərə Rusiya büdcəsinə vergi ödənişləri etdikləri təqdirdə onların hesablarının bağlanacağına dair xəbərdarlıq edib.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və prezident Co Baydenin mart ayında verdikləri birgə bəyanatda deyilirdi ki, Rusiyaya qarşı sanksiya və ixrac məhdudiyyətlərinə əməl edilməsinin təminatı məqsədilə nəzarət gücləndiriləcək:
"Bu işin çərçivəsində biz bütün dünya boyunca üçüncü ölkələrdən olan əlavə subyektlərə qarşı birgə təbdirlər görəcəyik ki, dünyanın istənilən yerindən Rusiyanın müharibəsinə dəstəyin qarşısı alınsın”.