Rusiyanın hərbi dəniz donanması Norveçin sahillərində beynəlxalq sularda raket atışlarını məşq etməyə hazırlaşır. Bu barədə məlumatı Norveç və NATO rəsmiləri veriblər. Hazırda şimal alyansı Soyuq müharibədən bəri özünün ən böyük manevrlərini keçirir.
NATO-nun baş katibi Jens Stoltenberg oktyabrın 29-da deyib ki, alyans bu əvvəlcədən planlaşdırılmış sınaqlar barədə məlumatlandırılıb.
Stoltenberg Norveçin NTB xəbər agentliyinə deyib ki, “Rusiya şimalda, eləcə də Norveç sahillərində güclü hərbi mövcudiyyətə malikdir”.
Onun sözlərinə görə Rusiya bu yerlərdə təlim oyunlarını tez-tez keçirir.
Norveçin hava limanlarının və hava naviqasiyası xidmətlərinin əməliyyatçısı olan Avinor şirkətinin sözçüsü deyib ki, Rusiya bu sınaqlar barədə NOTAM (notice to airmen) adlanan sənədi təqdim edib. Aviatorlara xəbərdarlıq sayılan bu sənəddə uçuş yollarında qarşıya çıxa biləcək təhlükələr barədə dəqiq məlumatlar olur.
Sözçü Erik Lodding, dpa xəbər agentliyinə deyib ki, bu “cari mesajlardan” biri idi.
Sınaq atışları noyabrın 1-dən 3-dək Kristiansund, Molde və Alesund şəhərlərinin yaxınlığındakı beynəlxalq sularda keçiriləcək.
Norveçin müdafiə naziri Frank Bakke-Jensen deyib: "Burada dramatik heç nə yoxdur. Biz bunu qeydə almışıq və Rusiya manevrlərini izləyəcəyik”.
Oktyabrın 25-də NATO özünün Trident Juncture kod adlı manevrlərinə başlayıb. Stoltenberg bu manevrləri “Avropanın böyüyən təhlükə şəraitində olduğu bir vaxtda güclü qüvvə nümayişi” adlandırıb.
Döyüş silahları ilə aparılan bu manevrlər noyabrın 7-dək davam edəcək.
Bu manevrlərdə 50 min əsgər, 10 min maşın və 300-dən çox təyyarə, habelə bütün 29 NATO ölkəsindən olan gəmilər iştirak edir.
Şimali Atlantikadan Baltik dənizənədək ərazini əhatə edən bu manevrlərdən məqsəd alyansın hər hansı üzvünün üzərinə hücuma cavabı məşq etməkdir.
Rusiya 2017-ci ilin sentyabrında ölkənin qərbində, habelə Belarus ərazisində Zapad-2017 adlı böyük manevrlər keçirmişdi.