Rusiya neftini Çinə daşıyan ən azı bir neçə tanker həmin ölkənin limanında yükləndiyini gizlətmək üçün geolokasiya (olduğu yer) siqnalını saxtalaşdırıb. Beləliklə, onlar ABŞ sanksiyalarından yan keçə biliblər. Bu barədə "The New York Times" araşdırmasında yazır.
Nəşr xəritələrdə Yaponiyanın Niiqata limanı yaxınlığında göstərilən, lakin əslində Rusiyanın Kozmino limanının yanında dayanan üç gəmini müəyyən edib. Bunu peykdən çəkilmiş fotoşəkilləri və sosial şəbəkələrdəki yazıları öyrənməklə aşkar etmək mümkün olub. Yaponiya və Rusiya limanları arasında təxminən 400 dəniz mili (737 kilometr) var.
Kozmino terminalı müstəsna olaraq Şərqi Sibir-Sakit Okean boru kəmərindən neftin ixracı üçün istifadə olunur. Bu kəmərdən neftin orta qiyməti G7 ölkələrinin Rusiya üçün bir barelə görə müəyyən etdiyi 60 dollar qiymət tavanından xeyli yuxarıdır. Həmin həddən yuxarı satılan Rusiya neftini daşıyan tankerləri Qərb şirkətləri sığortalamamalıdır.
"The New York Times" Rusiya limanlarına girişi gizlədən daha üç gəmi tapıb. Araşdırmaya görə, onlar dəqiq nə daşıyırdılar, müstəntiqlər öyrənə bilməyiblər. Bütün sözügedən altı gəmini ABŞ-ın "American Club" sığorta şirkəti sığortalayıb. Bu şirkətin nümayəndəsi nəşrə bildirib ki, sığorta "sanksiyaların pozulması başlayan kimi dayanır". Lakin material dərc olunana kimi sığorta dayandırılmayıb.