Rusiyada yoxsulluq səviyyəsi yüksək regionların Ukraynadakı müharibədə itkiləri də yuxarıdır. BBC-nin rus xidməti belə bir araşdırma aparıb. Jurnalistlər "Mediazona" və könüllülər komandası ilə birgə fevralın 6-dək Ukraynadakı təcavüzkar müharibədə həlak olmuş 173 mindən artıq Rusiya hərbçisinin adını müəyyən ediblər. Bunlar açıq mənbələr əsasında təsdiqlənmiş itkilərdir, real ölü sayı daha yüksəkdir.
"The Bell" nəşri isə BBC və "Mediazona"nın məlumatları əsasında ətraflı təhlil dərc edib. Təhlilin müəllifi Aleksandr Kolyandr qeyd edir ki, rəsmi məlumatlara görə, əhalisinin 15 faizindən çoxu yoxsulluq həddindən aşağı yaşayan Zabaykalye diyarının sakinlərinin müharibədə ölmə ehtimalı moskvalılara nisbətən 15 dəfə çoxdur. Moskvada region əhalisinə nisbətdə ölənlərin payı cəmi 0.02 faizdir. Bu isə ölkə üzrə ən aşağı göstəricidir.
Ən yüksək ölüm payı Tuva və Çukotkada (0.5 faiz), Buryatiyada (0.4 faiz) qeydə alınıb. Bu regionlar da kasıb bölgələr sayılır. Şimali Qafqaz respublikaları istisnadır. Rəsmi statistikaya görə, kasıb olmalarına baxmayaraq, adambaşına itki səviyyəsi Moskva və Sankt-Peterburqla müqayisə edilə bilər. Aleksandr Kolyandr yazır: "Orada ailə bağları güclüdür, kölgə iqtisadiyyatının payı böyükdür. Rəsmən yoxsulluq həddindən aşağı yaşayanların sayı çox görünür. Amma reallıqda onların şəraiti digər regionların ən kasıb sakinlərindən daha yaxşı ola bilər".
Təhlilçinin fikrincə, regionlar üzrə itkilərin bölgüsü onu göstərir ki, Kreml müharibənin ağırlığını, itkilərin yükünü Moskva, Sankt-Peterburq və Şimali Qafqaz respublikalarından mümkün qədər uzaq saxlamağa çalışır.
Müharibədə ölənlərin 56 faizi könüllülərin, səfərbər edilənlərin və islah koloniyalarından müharibəyə göndərilmiş məhkumların payına düşür. Digər yandan, məhkumların faizi, zabitlərin payı da (onlar adətən müqaviləli hərbçilərdir) azalmaqdadır.
Moskva itkilərlə bağlı məlumat dərc etmir.