Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:17

Rusiya məmurlarıyla bağlı korrupsiya qalmaqalları


Dollar və rubl

Milyonlarla nağd pul və burulmuş əllər

Rusiyada korrupsiyayla mübarizəni siyasətçilər, ictimai xadimlər, jurnalistlər və hüquq-mühafizə orqanları aparırlar. Ancaq beynəlxalq reytinqlərə baxdıqda, bu, korrupsiyanın səviyyəsinə, demək olar, təsir göstərmir. Güc qurumlarının işi bu mənada daha effektivdir. Onlar məmurları məsuliyyətə cəlb edə bilsələr də, onlardan bəzisi hay-küylü həbslərdən sonra dövlət işinə qayıdırlar. Bu barədə “Currenttime TV” yazır.

Buna da bax: Navalny Medvedevin əmlakı ilə bağlı araşdırmanın nəticələrini açıqladı

“PUTİN ƏMR VERSƏ”

Masa üzərində səpələnmiş pul bağlamaları, bir cüt şkafı doldura biləcək yüzdollarlıq əskinaslar. Əlləri burulmuş yüksək çinli məmurları və üzərində barmaq izləri olan əskinasları göstərən operativ çəkilişlər. Federal telekanallarda baş xəbərlərin süjetləri. Bəs sonra nə?

Andrey Belyaninov
Andrey Belyaninov

Keçən ilin yayında, həmin dövrdə federal səviyyəli məmur, Gömrük Xidmətinin rəhbəri olan Andrey Belyaninovun evindəki fotolarda o, idman şalvarında nağd pullarla dolu qutularla görünür. 10 milyon rubl, 400 min dollar və 300 min avro. Bunun məntiqi davamı kimi Lefortovo kamerası görünür. Amma yox. Ölkənin baş gömrük vəzifəsindən istefa. Tapılan pulların, eləcə də divarlarda asılmış XVI əsrə aid rəsmlərin şəxsi yığım olduğu haqqında inandırmalar səsləndi. Vəssalam. Hamı inandı. Andrey Yuriyeviçə irad yoxdur.

Belyaninova heç bir ittiham irəli sürmədilər. Axtarış haqqında olan informasiya isə dövlət KİV-lərinin gündəliyindən yoxa çıxdı. Bundan əlavə, axtarışlardan yarım il sonra canlı efirdə Vladimir Putin qalmaqalı işıqlandıran medianı tənqid etdi.

Buna da bax: Putinin müəmmalı dostu Kolbin

Belyaninov sadiq şagird kimi cavab verdi: “Putin əmr versə, unitazları yumağa da gedərəm”. Unitazları yumaq, hələ ki, lazım deyil. Yeni il qabağı Belyaninova yeni iş yeri təklif etdilər. Mediaya dərs verərək bu yerin hara olduğunu gizli saxladılar.

5 İL HƏBS CƏZASI VƏ...

2012-ci ilin payızında Yevgeniya Vasiliyevanın FTX-TV ekranlarında görünən rəsmləri və milyonları daha parlaq və səs-küylü idi. Müdafiə Nazirliyinin əmlak departamentinin rəhbərinin Moloçnı döngəsindəki evini səhər saat 6-da şəxsən müdafiə naziri Anatoliy Serdyukov açdı. Bundan sonra isə istefaya getdi və Müdafiə Nazirliyindəki korrupsiya işində fiqurant olmadı.

Vasiliyevanın özünü ev dustağı kimi saxladılar. Daha sonra ona dövlətə 647 milyon rubl ziyan vurmaq ittihamı ilə 5 il həbs cəzası kəsildi. Vasiliyeva müvəqqəti təcridxanada 2 ay yarım və daha 34 gün koloniyada qaldı. Bundan sonra şərti olaraq vaxtından əvvəl azad edildi. İndi vokalla, rəssamlıqla və zərgərlik biznesiylə məşğul olur.

Aleksandr İqnatenko
Aleksandr İqnatenko

Moskva vilayəti prokurorunun o vaxtkı birinci müavini Aleksandr İqnatenko 2011-ci ildə gizli kazinolar işində ilişdi. Bahalı İsveçrə saatlarının kolleksioneri olan İqnatenkonun ən yaxşı qızıl xronoqrafları kolleksiyası var idi. Onu qeyri-leqal oyun mərkəzlərinə “krışa”lıq etməkdə ittiham etdilər. İşi açdılar, bağladılar, sonra yenə də açdılar. Beynəlxalq axtarışa verildi və 2012-ci ildə Polşanın Zakopane dağ kurortunda Litva vətəndaşı kimi başqa soyadla saxlanıldı. İqnatenkonu Rusiyaya ekstradisiya etdilər, iki ay müvəqqəti təcridxanada saxladılar və azad etdilər. 2013-cü ilin yayından prokurordan xəbər yoxdur. Eləcə də onun səs-küylü işindən. Qalmaqallı hadisənin fiqurantları azadlıqdadır. Gəzən xəbərlərə görə, gizli kazinolar işləməyə davam edir. Görünür, artıq yeni “krışa” altında.

Buna da bax: Bankir: 'Putin-in nə maşını, nə də pulu var'

8,5 MİLYARD RUBLLUQ VƏSAİT

“Currenttime.tv” bu cür daha bir neçə faktı və sonda ötən ilin payızını yada salır.

DİN-in antikorrupsiya komitəsini rəhbəri Dmitri Zaxarçenko keçən payız xəbərlərin qəhrəmanına çevrildi. Onu sentyabrın 10-da həbs etdilər. Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olundu. Ən maraqlısı evində axtarış aparılarkən baş verdi. Zaxarçenkonun bacısının evində 120 milyon dollar və 2 milyon avrodan artıq pul aşkar edildi. Götürülən pulların məbləği rubl ekvivalenti ilə 8,5 milyard rubl idi.

Dmitri Zaxarçenko
Dmitri Zaxarçenko

Sonra polkovnikin qohumunun hesablarında daha 16 milyon dollar tapıldı və həbs qoyuldu.

Zaxarçenko özü ittihamları qəbul etməyərək deyir ki, pullar onun deyil. Yeri gəlmişkən, KİV-də irəli sürülən versiyalardan birinə görə, onun evində tapılan vəsait güc strukturları mafiyasının “obşak”ıdır. Zaxarçenkonun işi hələlik araşdırma mərhələsindədir. O özü isə Lefortovo İstintaq Təcridxanasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG