Keçid linkləri

2026, 27 Aprel, bazar ertəsi, Bakı vaxtı 16:27

Rusiya hərbçiləri Malinin Kidal şəhərindən çıxıblar

Mali hərbçiləri
Mali hərbçiləri

Rusiya hərbçiləri Malinin şimal-şərqindəki Kidal şəhərini tərk etdiklərini bildiriblər. Məlumatı Rusiya Müdafiə Nazirliyinin tərkibindəki "Afrika korpusu" təsdiqləyib.

Rusiya hərbçiləri və Malinin hökumət qüvvələri silahlı antihökumət qruplaşmalarının hücumundan sonra bu addımı atıblar. Şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirdiyi, ölkədə vəziyyətin mürəkkəb olaraq qaldığı bildirilir. Kidal vacib regional mərkəz sayılır.

Şənbə günü antihökumət silahlıları paytaxt Bamako və ölkənin şimalında bir sıra şəhərlərə koordinasiyalı hücumlar həyata keçiriblər. "Afrika korpusu"nun Telegram kanalı bunu "Qərb xüsusi xidmət orqanlarının hazırladığı dövlət çevrilişi cəhdi" adlandırıb. Rusiyalı hərbçilər bütün mühüm mövqeləri qoruyub saxladıqlarını iddia ediblər.

Helikopter vurulması və nazirin ölümü

Döyüşlər zamanı "Afrika korpusu"na məxsus helikopterin vurulduğu, ekipajın və bortda olan mobil atəş qrupunun həlak olduğu bildirilir. Bu məlumat rəsmi təsdiqlənməsə də, bazar günü axşam Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın həlak olduğunu açıqlayıb. Nazirin aprelin 25-də Katidə hərbi bazada baş vermiş partlayış nəticəsində öldüyü iddia olunur.

Son hücumlara görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. "Reuters" agentliyinin təhlükəsizlik mənbələri hücumları "Əl-Qaidə"yə bağlı silahlı qruplaşmalarla əlaqələndirir.

Mali on ildən çoxdur ki, "Əl-Qaidə" və "İslam Dövləti" ilə əlaqəli silahlı qruplaşmalar, həmçinin tuareq separatçıları ilə mübarizə aparır.

"Reuters" yazır ki, Mali hakimiyyəti son dövrdə ABŞ ilə yaxınlaşmağa çalışır. Tərəflər Vaşinqtona ölkə üzərində kəşfiyyat uçuşlarını bərpa etməyə imkan verəcək razılaşmanı müzakirə edir.

XS
SM
MD
LG