Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:24

Rusiya məhkəməsi amerikalı investorun bankını əlindən alır


Amerikalı investor Michael Calvey
Amerikalı investor Michael Calvey

Rusiya məhkəməsi Baring Vostok özəl investisiya fonduna aid bankın nəzarətinin ondan alınması barədə hökm çıxarıb.

Bu bank Rusiyada bir müddətdir davam edən çəkişmənin əsas səbəbi idi və bu çəkişmə fondun amerikalı təsisçisinin həbsi ilə nəticələnmişdi.

Rusiyanın Uzaq Şərqindəki Blaqoveşşensk şəhərinin məhkəməsi bu hökmü mayın 17-də verib və Rusiyada qanunun alililiyi, habelə investisiya mühiti barədə ciddi suallar doğurub.

Moskvadan 8 min kilometr uzaqda, Çin sərhədində yerləşən şəhərin yerli məhkəməsi Baring Vostok fondunu Vostochny bankındakı səhmlərinin 10 faizini satmağa məhkum edib.

Bu 10 faizi alacaq şirkət Artem Avetisian adlı şəxsə məxsusdur. Baring Vostok onun partnyorlarını Vostochny bankının aktivlərini qəsb etməkdə ittiham edib.

Baring Vostok məhkəmənin qərarını “əsassız” adlandırıb və hakimləri sübutları lazımi qaydada nəzərdən keçirməməkdə ittiham edib.

Fondun bəyanatında deyilir ki, “bugünkü məhkəmə qərarı Rusiyada ədliyyə sisteminin reputasiyasına ciddi zərbə vurub”.

Ötən fevralda amerikalı investor Michael Calvey və daha dörd nəfər Vostochny bankı ilə əlaqədar fırıldaqçılıqda ittiham olunaraq həbs ediliblər.

Bu həbslər bir çox Qərb investorlarını heyrətə salmış və Rusiyanın biznes liderləri və hökumət rəsmilərinin narazılığına səbəb olmuşdu. Onlar məhkəmənin və prokurorluğun motivlərini şübhə altına alırdılar.

Aprel ayında Moskva məhkəməsi Calvey barədə məhkəməyə qədər həbs qətimkan tədbirini ev məhbusluğu ilə əvəz edib.

Calvey ilə bağlı məsələyə ABŞ dövlət katibi Mike Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında danışıqlarda da toxunulub.

Calvey Moskvada mənzillənən Baring Vostok fondunu 1994-cü ildə yaradıb.

XS
SM
MD
LG