Rusiyanın Ali Məhkəməsi ölkənin ekstremizm qanunlarının ittiham hüdudlarını dəqiqləşdirərək daraldıb. Məsələn bundan sonra Facebook-da kiminsə postunu sadəcə olaraq “like” və ya repost etmək cinayət əməli sayılmayacaq.
Ali Məhkəmənin 20 sentyabr tarixli qərarından əvvəl son vaxtlar çox sayda rusiyalıya qarşı VKontakte və Facebook sosial media platformalarında materiallar dərc etdiklərinə görə cinayət işləri qaldırılırdı.
Bu cinayət işlərinin qaldırılması hökumətin internet və ifadə azadlığı üzərinə hücumu kimi qiymətləndirilirdi.
Ali Məhkəmə sədrinin müavini Vladimir Davydov sentyabrın 20-də jurnalistlərə deyib ki, sosial mediada hansısa materialı sadəcə repost etmək avtomatik olaraq cinayət əməli sayılmır.
Bunun cinayət əməli sayılması üçün hakimiyyət orqanları materialdan məqsədin nifrət və etnik düşmənçiliyi qızışdırmaq olduğunu isbat etməlidir.
Davydovhttps://www.currenttime.tv/a/29499973.html deyib: “Hakimlər sadəcə olaraq materialın dərci, repost edilməsi və ya ona “like” qoyulması faktından çıxış etməməli, bunun arxasındakı motivləri araşdırmalıdırlar”.
O deyib ki, məhkəmələr həm də araşdırlan şəxsin əvvəllər ekstremizm ittihamlarına hədəf olub-olmadıqlarına baxmalıdır.
Son zamanlar bir çox Rusiya vətəndaşları ölkənin ekstremizm qanunlarının yayğınlığına və geniş təfsir olunmaq imkanına görə cinayət təqibi ilə üzləşiblər.
Ötən il Çeboksarı şəhərindən olan 27 yaşlı bir nəfər özünün əvvəllər “ekstremist materiallar repost etmək ittihamı barədə xəbəri” repost etdiyinə görə “ekstremist materialların kütləvi yayılmasında” ittiham olunmuşdu.
Hakimiyyət orqanları internetdə satirik materialların, dini fiqurlar barədə zarafatların dərc olunmasına da kəskin reaksiya verir.
Avqust ayında Barnaul şəhərindən olan 38 yaşlı bir nəfər sosial mediada Rusiya Pravoslav Kilsəsi başçısının bahalı qol saatı barədə post yazdığına görə ittihamla üzləşmişdi.