Rusiyanın Ədliyyə Nazirliyi "Rusiya LGBT Şəbəkəsi"nin və "Vıxod" LGBT təşəbbüs qrupunun "ekstremist təşkilatlar" kimi tanınmasını və yasaqlanmasını tələb edib. Hər iki iddianı fevralın 2-də Sankt-Peterburq şəhər Məhkəməsi icraata qəbul edib. İşlər üzərində "Məxfi" qrifi olduğundan məhkəmə iclasları fevralın 24-də qapalı keçiriləcək.
Məhkəmə nazirliyin arqumentlərini qəbul edərsə, Rusiyada təşkilat əməkdaşlarını 10 ilədək, onunla əməkdaşlıq edən şəxsləri isə 6 ilədək həbs cəzası gözləyə bilər.
"Rusiya LGBT Şəbəkəsi" və "Vıxod" Rusiyada diskriminasiya və homofobiya cinayətlərindən zərər çəkmiş şəxslərə hüquqi və psixoloji yardım göstərir. Hər iki qrup Rusiyada LGBTQ+ fərdlərin hüquqlarının pozulması və diskriminasiya hallarını monitorinq edir, beynəlxalq hüquq-müdafiə təşkilatlarına ötürür. Rusiya hakimiyyəti "Rusiya LGBT Şəbəkəsi"ni və "Vıxod" təşəbbüsünü "xarici agentlər" reyestrinə salıb.
"Rusiya LGBT Şəbəkəsi"nin şura sədri Natalya Solovyova deyib ki, təşkilat "ekstremist" damğasını və Ədliyyə Nazirliyinin arqumentlərini məhkəmədə mübahisələndirəcək.
Rusiyada 2013-cü ildən LGBT-təbliğatını yasaqlayan qanun qüvvədədir. Formal olaraq bu qanun LGBTQ+ mövzusunda məlumatların yetkinlik yaşına çatmayanlar arasında yayılmasını məhdudlaşdırmaq üçün qəbul edilib. Praktikada isə mətbuatda və ya yaş məhdudiyyəti olmayan saytlarda LGBT praktikasına sadəcə toxunmaq, eynicinsli münasibətlər haqqında danışmaq belə 5 min rubladək (110 manat) cərimə ilə nəticələnə bilər. İnternetdə təbliğata görə cərimə isə 100 min rubladək (2 min 224 manat) yüksəlir.
Bu qanun LGBT-yeniyetmələr üçün təhsil resurslarının bağlanmasına, filmlərə, mahnılara və kitablara senzuraya, çoxsaylı kvir-şəxslərin Rusiyadan getməsinə səbəb olub. Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildə bu qanununu diskriminasiya xarakterli sayıb. Hüquq-müdafiə təşkilatları isə Rusiyada LGBT+ fərdlərə sistemli təqiblərin olduğunu vurğulayırlar.