Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Rusiya məhkəməsi Krım tatarlarına uzunmüddətli həbs cəzası kəsib


Müttəhimlər kürsüsündə
Müttəhimlər kürsüsündə

Rusiya məhkəməsi Ukraynanın Krım yarımadasından olan 6 nəfər barəsində qadağan edilmiş Hizb ut-Təhrir islamçı qruplaşmasının üzvləri olmalarına dair ittihamla uzunmüddətli azadlıqdan məhrumetmə hökmü verib. Onlardan beşi milliyyətcə Krım tatarıdır.

Rostov-Don şəhərindəki Cənub Dairəsi Hərbi Məhkəməsi noyabrın 12-də Muslim Aliyevi 19, Enver Bekirovu 18, Vadym Syruk-u və tanınmış insan haqları müdafiəçisi Emir-Useyn Kukunu 12, Refat Alimovu 8 və Arsen Dzhepparov-u 7 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty International insan haqları təşkilatı Rusiya hakimiyyət orqanlarının bu hərəkətini “müstəsna qəddarlıq aktı” kimi pisləyib və bildirib ki, bu altı nəfər “qondarma” məhkəmə dinləməsi və “saxta” ittihamlarla uzunmüddətli həbsxana cəzassına məhkum edilib.

Rusiya Krım yarımadasını qanunsuz ilhaq etdikdən sonra onlarca Krım tatarını Hizb ut-Təhrir təşkilatının üzvü olmaqda ittiham edərək məhkum edib.

İnsan haqları qrupları və Qərb hökumətləri Krımdakı Rusiya hakimiyyət orqanlarının onların təbirincə deyilərsə, türkdilli tatar icmasını hədəfləyən repressiya kampaniyasını pisləyib. Krım tatarlarının əksəriyyəti yarımadanın Rusiya tərəfindən ilhaqını qəbul etmədiklərini bildirirlər.

2016-cı ilin fevralında həbs olunmuş bu altı nəfər “terrorçu qruplaşmanın fəaliyyətində iştirak etməkdə və hakimiyyətin silahlı yolla ələ alınması cəhdində” ittiham olunurdu.

Vəkil Ayder Azamatov AzadlıqRadiosuna deyib ki, məhkumlərin heç biri təqsirli olduğunu deməyib.

Vəkil bildirib ki, onlar məhkəmənin qərarından şikayət verməyə hazırlaşdıqlarını deyiblər.

Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers Rusiya hakimiyyətini “ədalətsiz ittihamlara xitam verməyə və bu 6 nəfəri dərhal azadlığa buraxmağa” çağırıb:

“Emir-Usein Kuku yalnız Krım tatar icmasının haqları məsələsini qaldırdığına görə dəmir barmaqlıqlar arxasına atılıb. Bu faciəlidir ki, o, işğalçı qüvvənin aşırı repressiyasının qurbanı olub”.

Hizb ut-Təhrir Rusiyada terrorçu təşkilat kimi qadağan edilsə də, Ukraynada sərbəst fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG