Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:03

Rusiyada kinoteatrlar Hollivud filmlərinin pirat versiyasını göstərir


Kinoteatr
Kinoteatr

Rusiya kinoteatrları Amerika filmlərini müştərilərinə göstərə bilmək üçün yenidən piratlığa üz tutmağa başlayıblar.

Prezident Vladimir Putinin Ukraynaya hücumundan sonra bir çox iri Hollivud studiyaları yeni filmlərinin Rusiyada göstərilməsini dayandırdıqlarını bildiriblər. "Paramount", "Disney", "Warner Bros." və "Sony" kimi studiyalar yeni filmlərinin bu ölkədə nümayişlərini qeyri-müəyyən müddətə dayandırıblar. Bunun nəticəsində Rusiyanın kinoteatr şəbəkələri auditoriya cəlb etmək üçün ABŞ blokbasterlərinə müraciət edə bilmir.

Kino industriyasının məhvi ehtimalı

Rusiya Kinoteatr Sahibləri Assosiasiyasının verdiyi məlumata görə, ölkənin yerli kino industriyası boşluğu dolduracaq qədər güclü və cəlbedici deyil.

"Bir sıra dövlətlərin... Rusiya Federasiyasına qarşı irimiqyaslı və misli görünməmiş sanksiyalar tətbiq etməsi fonunda ölkədə kino industriyasının bütövlükdə məhvi ehtimalı yüksəkdir. Biz bununla bağlı narahatlığımızı ifadə edirik. Təəssüf ki, buraxılan Rusiya filmlərinin kəmiyyət və keyfiyyəti kinoteatrların kontent tələbatını tam ödəməyə qadir deyil. Bundan əlavə, bəzi Rusiya filmlərinin dövlət dəstəyi almalarına rəğmən, buraxılması bizə məlum olmayan səbəblərdən təxirə salınıb və ya bütövlükdə ləğv edilib", –ölkə boyu 700 kinoteatr və 2 min 600 ekranı təmsil edən qurum bildirib.

Baş verənlər fonunda Rusiya kinoteatrlarının yenidən internet piratlığına üz tutması, bəlkə də, təəccüb doğurmamalıdır.

500 rubla bilet

Aprelin ortalarında "VK" və "Telegram" kimi sosial media platformalarında kinoteatrların yeni Hollivud filmləri göstərməsi ilə bağlı postlar paylaşılmağa başladı. Məsələn, aprelin 21-də Moskvadakı "WIP" müasir incəsənət mərkəzində "The Batman" filminin nümayişi keçirilib və biletlər 500 rubla (7.36 dollar) satılıb. İnformasiyanın mənbəyi müəyyən edilməsə də, TorrentFreak-ə görə, film (rus dublyajı ilə birlikdə) bir torrent-saytdan endirilib.

Üstəlik, Rusiya kinoteatrları hələ də "The Batman" filminin baxış üçün açıq olduğunu göstərirlər.

1990-cı illərə qayıdış...

Bundan başqa, "Netflix"in ekşn filmi olan, baş rollarını Dueyn Conson və Rayan Reynoldsun oynadığı "Red Notice" də göstərilir. Bu isə qəribədir, çünki "Netflix" də Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

"Filmlərin piratlıq, daha doğrusu, oğurluq yolu ilə əldə edilən kopiyalarının kinoteatrlarda qanunsuz ictimai nümayişi Rusiya kino biznesini qanuni məcradan çıxararaq 1990-cı illərin qanunsuz biznes dövrünə qaytarır", – Kinoteatr Sahibləri Assosiasiyasının bəyanatında deyilir.

Həqiqətən də, bu kimi pirat film nümayişləri sovet dövrünü və 1990-cı illəri xatırladır. Sovet dövründə əksər Qərb filmlərinin yalnız pirat versiyalarını görmək mümkün idi. O zamanlar bu filmlər Rusiyaya VHS-kasetlər şəklində qaçaqmalçılıq yolu ilə gətirilirdi. Bu günsə Rusiya kinoteatrlarının əlində daha sadə və sürətli vasitə var – internet.

Ehtiyatlı davranış

"The New York Times" yazır ki, bəzi kinoteatrlar pirat filmləri açıq nümayiş etdirsə də, bəziləri daha ehtiyatlı davranmağa çalışır. Onlar məkanı ayrı-ayrı şəxslərə icarəyə verirlər. Məsələn, Yekaterinburqda bir qrup kinoteatrda bir neçə zalı icarəyə götürüb sosial media vasitəsilə insanları "The Batman" filminə bilet almağa çağırıb.

"The Batman" filmi Moskvadan beş saatlıq məsafədə yerləşən İvanovoda da ən azı bir məkanda göstərilir. Mahaçqalada bir kinoteatrda "Don't Look Up", Monqolustan sərhədində yerləşən Çitada isə "Turning Red" filmi nümayiş etdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG