2026, 12 Noyabr, cümə axşamı, Bakı vaxtı 07:40

İrkutskda karantin ləğv edilib

İrkutsk vilayətinin Şelehov şəhərində yerləşən yoluxucu xəstəliklər xəstəxanası – Tibbi Yardım və Xilasetmə Mərkəzi
İrkutsk vilayətinin Şelehov şəhərində yerləşən yoluxucu xəstəliklər xəstəxanası – Tibbi Yardım və Xilasetmə Mərkəzi

Rusiyanın İrkutsk şəhərində və vilayətində Tauna Qarşı İnstitutun əməkdaşının ölümündən sonra tətbiq olunmuş epidemiya əleyhinə tədbirlər başa çatıb. Oktyabrın 8-də vilayətin qubernatoru İqor Kobzev tibb müəssisələrində karantin rejiminin ləğv olunduğunu bildirib.

Qubernatorun sözlərinə görə, vəfat edən əməkdaşla təmasda olmuş şəxslərin tibbi nəzarət müddəti də yekunlaşıb. Onların heç birində xəstəlik əlaməti qeydə alınmayıb, şəhər və vilayət ərazisində yeni yoluxma halı aşkarlanmayıb. Aparılan 5 minə yaxın laborator analizin nəticəsində heç bir təhlükəli patogen tapılmayıb.

"Rospotrebnadzor" bundan əvvəl bildirmişdi ki, vəfat edən laborantın bioloji materiallarının analizi zamanı onun peşə fəaliyyəti ilə əlaqəli hər hansı mikroorqanizm aşkarlanmayıb. Tauna Qarşı İnstitut isə taun kulturası ilə iş zamanı laboratoriyada heç bir qəzanın baş vermədiyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada tauna yoluxma riskini aşağı, görülən epidemiya əleyhinə tədbirləri isə qənaətbəxş qiymətləndirib.

7 oktyabr

Rusiya: Taun institutu əməkdaşının ölümü barədə ÜST-yə məlumat verilib

Rusiya ötən həftə Sibirdəki taun institutunda laborantın vəfat etməsi barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi qaydada məlumat verib. Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 7-də bunu təsdiqləyib və medianı hadisə haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

Peskov "ABC News"un xəbərini şərh edib. ABŞ-nin bu media orqanı Vaşinqtonun ölüm hadisəsinə görə Rusiyaya rəsmi etiraz etdiyini və Moskvanı daha şəffaf olmağa çağırdığını yazmışdı.

Vəfat edən laboratoriya əməkdaşının hansı şəraitdə xəstələndiyi açıqlanmayıb. Hadisədən sonra rəsmi qurumlar onlarla insanı karantinə alıb, Rusiyanın səhiyyəyə nəzarət qurumunun rəhbəri İrkutsk vilayətinə ezam olunub.

Peskov hadisə ilə bağlı yayılan məlumatların böyük hissəsinin yanlış olduğunu deyib, insanları dövlət nəzarət qurumu olan "Rospotrebnadzor"un rəsmi açıqlamalarına əsaslanmağa çağırıb. Qurum ötən gün bildirib ki, vəfat edən əməkdaşla təmasda olmuş şəxslərin heç birində taun infeksiyası aşkarlanmayıb.

Peskov onu da deyib ki, hazırda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında hər hansı telefon danışığı planlaşdırılmayıb. Tramp bir gün əvvəl bu məsələni Putinlə "çox yaxında" müzakirə edəcəyini bildirmişdi.

6 oktyabr

Tramp Rusiyadakı taun ehtimalını Putinlə müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə İrkutsk vilayətində ehtimal olunan taun xəbərlərini müzakirə edəcəyini bildirib.

Tramp jurnalistlərin bu mövzunu Putinlə müzakirə edib-etmədiyi barədə sualına cavabında söhbətin "yaxın vaxtlarda" reallaşacağını deyib. Bu barədə AFP məlumat yayıb.

Tramp bundan əvvəl ABŞ-nin Rusiyaya yardım göstərməyə hazır olduğunu bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio da Vaşinqtonun İrkutsk vilayətindən gələn məlumatları izlədiyini demişdi. Onun sözlərinə görə, ABŞ rəsmiləri, hələlik, yeni informasiyaya malik deyil və "təşviş üçün əsas" yoxdur.

Oktyabrın 6-da ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində ehtimal olunan ağciyər taunu yoluxması və karantin tədbirləri barədə məlumatlarla əlaqədar ABŞ vətəndaşlarına xəbərdarlıq edib. Amerikalılara karantinə alınmış obyektlərdən uzaq durmaq, qızdırma və ya tənəffüs yolları simptomları yarandıqda tibbi yardım almaq tövsiyə olunub.

Səfirlik Dövlət Departamentinin ABŞ vətəndaşlarına Rusiyanı tərk etmək barədə qüvvədə olan tövsiyəsini də xatırladıb.

İrkutsk Taun Əleyhinə İnstitutunun əməkdaşının Şelexov şəhər xəstəxanasında ölümündən sonra mümkün ağciyər taunu halı barədə məlumatlar yayılıb. Bir neçə media qurumu mənbələrə istinadən ölümə ağciyər taununun səbəb ola biləcəyini yazıb. Xəstə ilə təmasda olan şəxslərin müşahidə altına alındığı bildirilib. Diaqnoz rəsmi təsdiqlənməyib.

"Rospotrebnadzor" ölümə "mənşəyi müəyyən edilməmiş" pnevmoniyanın səbəb olduğunu açıqlayıb.

İrkutskda Elmi-Tədqiqat Taun Əleyhinə İnstitutunun laboratoriyası
İrkutskda Elmi-Tədqiqat Taun Əleyhinə İnstitutunun laboratoriyası
5 oktyabr

Rusiyada taun şübhəsi. ABŞ konqresmeni uçuşları dayandırmağa çağırır

ABŞ Rusiyada ağciyər taunu şübhəsi ilə bağlı xəbərləri diqqətlə izləyir. Sibirdə, İrkutsk vilayətində 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra ABŞ-nin bəzi siyasi xadimləri Rusiyaya səfər məhdudiyyətlərinin qoyulmasına çağırırlar.

Dövlət Departamentinin sözçüsü oktyabrın 4-də AzadlıqRadiosuna bildirib ki, İrkutskda ölümlə nəticələnmiş ağciyər taunu şübhəsindən məlumatlıdırlar, digər dövlət qurumları ilə birlikdə vəziyyəti yaxından izləyirlər.

Departament Rusiya hakimiyyətini dəqiq məlumatları operativ və açıq şəkildə paylaşmağa çağırıb. Qurum həmçinin vurğulayıb ki, taun xəstəliyi, xüsusilə müalicəyə erkən başlandıqda antibiotiklərlə uğurla müalicə oluna bilir.

Ağ ev də hadisələrin gedişatını və Rusiyanın karantin tədbirlərini nəzarətdə saxlayır. Administrasiyanın yüksəkvəzifəli rəsmiləri jurnalistlərə hökumətin xəbərlərdən agah olduğunu, mümkün addımları nəzərdən keçirdiyini bildiriblər.

Hazırda ABŞ ilə Rusiya arasında birbaşa kommersiya uçuşları yoxdur. Vaşinqton hələlik taun şübhəsi ilə bağlı əlavə səfər məhdudiyyətləri elan etməyib.

Narahatlıq artır

Bu xəbərlər ABŞ-nin bəzi konqresmenləri və keçmiş rəsmiləri arasında narahatlıq doğurub. Bunun bir səbəbi Rusiyanın bioloji silah tədqiqatları sahəsindəki keçmişidir.

Nümayəndələr Palatasının Silahlı qüvvələr komitəsinin yüksəkvəzifəli üzvü, Nebraskadan olan respublikaçı konqresmen Don Beykon Rusiyanın Ukraynadakı ABŞ dəstəkli laboratoriyalarda bioloji silah tədqiqatları aparılması barədə iddialarını yada salıb.

"Ukraynanı hədəf alanların biolaboratoriyalarla bağlı iddialarını xatırlayıram. Bu, Rusiyanın dezinformasiya əməliyyatlarının ən bariz nümunəsi idi. Amma reallıqda biolaboratoriyalar elə Rusiyanın özündədir", – Beykon sosial mediada yazıb.

Rusiya Vaşinqton və Kiyevi Ukraynada bioloji silah obyektləri işlətməkdə ittiham edir. Hər iki hökumət bu iddiaları rədd edir, müstəqil araşdırmalar isə bu iddiaları təsdiqləyən sübut aşkarlamayıb.

Bununla belə, Sovet İttifaqı 1972-ci il Bioloji Silahlar Konvensiyasına qoşulsa da, Soyuq müharibə dövründə hücum məqsədli geniş bioloji silah proqramı həyata keçirib. Qərbə sığınan şəxslərin ifadələri və bəzi araşdırmalar taun törədicisi daxil olmaqla, müxtəlif patogenlərlə bağlı hərbi tədqiqatları sənədləşdirib. Hətta antibiotiklərə davamlı ştamların hazırlanmasına cəhd göstərildiyi də bildirilir.

İrkutskdakı hadisənin baş verdiyi laboratoriyada taunun silah olaraq hazırlanmasına və ya əməkdaşın ölümünün hücum təyinatlı bioloji silah proqramı ilə əlaqəsinə dair açıq sübut yoxdur.

İllinoysdan olan keçmiş respublikaçı konqresmen Adam Kinzinqer Rusiya ilə hava əlaqələrini tamamilə kəsməyə çağırıb. "Bütün dünya Rusiyaya və Rusiyadan BÜTÜN uçuşları qadağan etməlidir", – Kinzinqer sosial mediada yazıb.

O, sonradan durum aydınlaşanadək Rusiyadan uçuşların dayandırılmasına və Rusiya vətəndaşlarının digər ölkələrə girişinin qadağan edilməsinə çağırıb.

İrkutskda nə baş verib?

Hadisə İrkutsk Taun Əleyhinə İnstitutunda qetdə alınıb.

Sibirin müstəqil "Lyudi Baykala" nəşrinin yaydığı məlumata görə, 28 yaşlı laborant Darya Şipilova sentyabrın 25-də institutda işləyərkən içərisində ağciyər taunu bakteriyaları olan sınaq şüşəsini təsadüfən sındırıb. Xəbərə görə, o, sonradan ağır xəstələnib və oktyabrın 2-də ölüb.

Rusiya hakimiyyəti bu məlumatı rəsmən təsdiqləməyib.

Rusiyanın "Rospotrebnadzor" istehlakçı hüquqlarına və ictimai sağlamlığa nəzarət qurumu bildirib ki, Şipilovaya "mənşəyi bilinməyən pnevmoniya" diaqnozu qoyulub. Açıqlamaya görə, onun peşə fəaliyyəti nəzərə alınaraq əlavə müayinələr aparılıb, amma işi ilə əlaqəli hər hansı mikroorqanizm aşkarlanmayıb.

"Rospotrebnadzor" institutda patogen mikroorqanizmlərlə bağlı hər hansı qəzanın qeydə alınmadığını da bildirib.

Buna baxmayaraq, rəsmi qurumlar ehtiyat tədbirlərinə əl atıblar. Şipilova ilə təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb və ya təcrid edilib. Regiondakı xəstəxanalarda isə məhdudiyyətlər tətbiq olunub.

Bu tədbirlər müxtəlif ehtimalların yayılmasına yol açıb. Rusiya rəsmiləri əvvəlcə taun barədə açıq danışmaqdan yayınsalar da, yerli və müstəqil mənbələr taun törədicisi olan "Yersinia pestis" bakteriyası ilə bağlı mümkün laboratoriya qəzasından bəhs edirlər.

"Rospotrebnadzor" İrkutskda və yaxınlıqdakı Şelexov şəhərində epidemioloji vəziyyəti "sabit" adlandırıb.

Ağciyər taunu nədir?

Taun xəstəliyini, adətən, vəhşi gəmiricilər və birələr arasında yayılan "Yersinia pestis" bakteriyası törədir. Onun ağciyər forması birbaşa ağciyərləri zədələyir, yaxın təmas zamanı tənəffüs damcıları vasitəsilə insandan insana keçə bilir.

Xəstəlik sürətlə inkişaf edir, amma müasir antibiotiklərlə vaxtında aparılan müalicə yüksək təsir göstərə bilir.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Şipilova ilə yaxın təmasda olan şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi qərarını məhz ağciyər taunu ehtimalı izah oluna bilər. Amma karantin və müşahidə tədbirləri onun mütləq tauna yoluxması və ya xəstəliyin yayıldığı anlamına gəlmir.

Hazırda İrkutsk sakinləri arasında xəstəliyin daha geniş kütləyə yoluxmasına dair ictimaiyyətə açıq və təsdiqlənmiş sübut yoxdur.

​
XS
SM
MD
LG