Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:08

Rusiyada incəsənət - teatr, rəssamlıq, musiqi və kino yenidən dəyərlər və mədəniyyət uğrunda döyüş meydanına çevrilməkdədir.

Təkcə Vladimir Putinin indiki prezidentlik dövründə bir rəssamın öz xayalarını Qızıl Meydanda yerə mıxlaması, maskalı musiqiçilərin (Pussy Riot) həbsi gündəmi uzun müddət məşğul edib.

Rusiyanın sonuncu çarı və onun polyak məşuqəsi haqda filmsə qəzəbli etirazlar və kinoteatr sahiblərinə təzyiqlərlə üzləşib. Moskvadakı avanqard Qoqol Mərkəzinin rejissoru isə Rusiyanın mədəniyyət naziri ilə ictimaiyyət qarşısında mübahisə edəndən sonra maliyyə cinayətlərində ittiham olunub.

«Təkcə loyallıq istəmirlər»

Tanınmış moskvalı qalereya sahibi Marat Qelman deyir ki, Putin rejimində incəsənət xadimləri daha «neytral» deyillər. Guelman-ın özü 2014-cü ildə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına istehza edən rəsminə görə Rusiyanın mədəniyyət rəsmilərinin qəzəbinə tuş gəlmişdi:

«İndi təkcə Putinin tərəfində olmaq kifayət deyil. Elə bir dövrə gəlib çatmışıq ki, hakimiyyət təkcə loyallıq, sizin Putin-ə qoşulmağınızı istəmir. Onlar düşüncələrində hakimiyyətin yanında olan adamların birləşməsini istəyir. Onlar adamların «biz vətənpərvərik. Biz izolyasiyanın tərəfdarıyıq. Mənim yaradıcılığım Amerikaya, liberallara qarşıdır» deməsini istəyirlər».

Qoqol Mərkəzinin avqustda həbs edilmiş rejissoru Kiril Serebrennikov bu hadisədən cəmi bir ay öncə tanınmış sovet balet ustası Rudolf Nureyevin həyatına həsr olunmuş balet tamaşası üstündə mədəniyyət naziri Vladimir Medinski ilə mübahisə etmişdi. Serebrennikovun Böyük Teatrda səhnəyə qoyulacaq bu tamaşasında Nureyevin cinsi oriyentasiyasına da toxunulur. Sonradan teatrın direktoru tamaşanın təxirə salındığını bildirib. Hər hansı rəsmi məlumat olmasa da, Medinskinin tamaşada homoseksuallıq məqamına toxunulmasına qarşı çıxdığı deyilir. Qeyd edək ki, 2013-cü ildə Rusiyada «qeyri-ənənəvi» cinsi münasibətlərin azyaşlılara təbliğini yasaqlayan qanun qəbul olunub.

Kiril Serebrennikov
Kiril Serebrennikov

Yeltsin dövründə nisbi azadlıq vardı

Serebrennikovun guya dövlətin başqa bir layihəyə ayırdığı pulları mənimsəməsinə dair ittihamlar Rusiyanın incəsənət ictimaiyyətini şoka salıb. Serebrennikov Rusiyanın zəngin incəsənət ənənələrini ölkənin həm daxilində, həm də xaricində uğurla təqdim etdiyinə görə böyük qürur mənbəyinə çevrilmişdi.

Rejissorun ilk dəfə məhkəmə qarşısına çıxarıldığı günsə yüzlərlə insan Moskva küçələrinə axışmışdı.

Həbsindən öncə Serebrennikov 2013-cü ildə qəbul edilmiş, yuxarıda adıçəkilən qanuna və ukraynalı rejissor Oleq Sentsovun həbsinə etiraz etmişdi. Serebrennikov həmçinin, kilsənin içərisində Putin və Rus Pravoslav Kilsəsini tənqid edən videoklip çəkmiş «Pussy Riot» qrupunu müdafiə etmişdi.

Bütün incəsənət adamlarının dövlət qurumlarında çalışmalı olduğu sovet dövründən fərqli olaraq, müasir Rusiya incəsənət və mədəniyyət adamları 1990-cı illərdə, Boris Yeltsinin hakimiyyəti dövründə nisbi azadlığa malik idilər. Bu vəziyyət Putinin hakimiyyətə gəlməsinədək davam edib.

Putinin hakimiyyətinin ilk illərində Kreml ölkənin incəsənətin ifadəsi vasitəsi olan televiziya kanallarını ələ keçirməyə, onların fəaliyyətini məhdudlaşdırmağa başladı. 2000-ci illərin iqtisadi bumu hökumətin, o cümlədən də Mədəniyyət Nazirliyinin büdcəsini genişləndirdi. Nəticədə nazirlik incəsənət xadimlərinə daha çox pul verə bildi.

Mariinski Teatrında «Matilda» filminin nümayişi
Mariinski Teatrında «Matilda» filminin nümayişi

Sinfi istedadları üzə çıxaran layihələr

Eyni zamanda, ölkənin çox zəngin və nüfuzlu mesenat iş adamları sinfi istedadları üzə çıxaran incəsənət layihələrinə pul buraxmağa başladı. Belə layihələrdən biri Moskvada Daşa Jukova və onun milyarder keçmiş həyat yoldaşı tərəfindən yaradılmış «Qaraj» Müasir İncəsənət Muzeyidir.

Dövlət Sankt-Peterburqdakı məşhur Marrinski Teatrının rejissoru Valeri Qerqiyev kimi tanınmış incəsənət xadimlərinə maliyyə vəsaiti ayırmağa, onları dəstəkləməyə başladı. Qerqiyevin orkestri Suriyadakı Palmira xərabələrinə aparılıb və Rusiyanın oradakı hərbi uğurunu qeyd etmək üçün televiziya konserti verib.

Mədəniyyət Nazirliyi incəsənət layihələrini maliyyələşdirən ən böyük qurumdur. Buna görə də, onun rejissorlara, qalereya sahiblərinə və aktyorlara təsir gücü heç bir şeylə müqayisəyə gəlmir. Elə Serebrennikovun həbsi də dövlətin ayırdığı maliyyə vəsaiti ilə bağlıdır.

Azı bir tanınmış rejissor öz sənəti ilə Kremlə xidmət etdiyinə görə peşman olduğunu bəyan edib. Rusiya təhlükəsizlik agentlərinin qəhrəmanlığını təbliğ edən serialın müəllifi, rejissor Yuri Bıkov bu filmə görə üzr istəyib, rejimi dəstəkləməklə pərəstişkarlarına xəyanət etdiyini deyib. Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi bu filmin prodüseri hakim Vahid Rusiya Partiyasının idarə heyətinin üzvü Fyodor Bondarçukdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG