Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:32

Rusiya ABŞ-ı İŞİD-ə köməkdə ittiham edir


İttihamları Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov səsləndirib

Rusiya Birləşmiş Ştatları Suriyadakı İslam Dövləti ekstremist qruplaşmasının döyüşçülərinə kömək edərək onların əks-hücuma keçməsinə imkan yaratmaqda ittiham edib.

Rusiyanın Müdafiə Nazirliyi bu ittihamları oktyabrın 4-də səsləndirib. Hazırda Rusiyanın dəstəklədiyi Suriya hökumət qoşunları və Birləşmiş Ştatlar tərəfindən dəstəklənən qüvvələr, İD ekstremist qruplaşmasından ərazinin geri alınması üçün rəqabət aparırılar.

İki ayrı-ayrı kampaniya bir-birinə yaxın məsafədə aparıldığından Rusiya və ABŞ hərbçiləri bir-birlərini digər tərəfdən hədəflənməkdə ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib ki, Suriya hökumət qüvvələri üzərinə İD-in bir sıra hücumları ABŞ missiyasının yerləşdiyi İordaniya sərhədi yaxınlığındakı əl-Tənf ətrafından edilib.

Konaşenkov bildirib ki, bu hücumlar ötən həftə Homs əyalətindəki Əl-Qəryəteyn yaxınlığında və Palmira şəhərini Deyr ez-Zorla birləşdirən magistral yolda edilib.

Sözçü deyib ki, hücum edənlərin Suriya hökumət qoşunlarının yeri barəsində dəqiq koordinatları olub. Konaşenkov iddia edib ki, belə məlumatlar yalnız peyk müşahidəsi ilə əldə edilə bilərdi.

Konaşenkov deyib: “Əgər ABŞ tərəfi belə əməliyyatlara gözlənilməz “təsadüf” kimi baxırsa, Suriyadakı Rusiya aviasiyası öz nəzarətində olan zonada belə “təsadüflərin” kökünü kəsə bilər”.

Rusiya sözçüsü bildirib ki, Suriyada İŞİD-in son məğlubiyyətinin qarşısını alan terrorçuların hərbi qabiliyyəti yox, “onlara bizim amerikalı həmkarlarımız tərəfindən verilən dəstəkdir”.

Son həftələrdə Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qoşunları və ABŞ tərəfindən dəstəklənən və kürdlərin çoxluq təşkil etdiyi Suriya Demokratik Qüvvələri İD-ə qarşı Deyr ez-Zor əyalətində eyni vaxtda döyüşürlər.

Moskva və Vaşinqton hərbçiləri təsadüfi toqquşmaların önlənməsi məqsədilə ötən ay ilk üzbəüz görüşlərini keçirmişdilər.

Buna baxmayaraq qarşılıqlı ittihamlar belə insidentlərin aradan qaldırılmadığını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG