İyunun 24-də Strasburqda yay sessiyasına başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiya ilə bağlı səsvermə keçirəcəyi gözlənilir. Söhbət Moskvanı üçillik fasilədən sonra yenidən quruma qaytarmaqdan gedir. AzadlıqRadiosunun (RFE/RL) əməkdaşı Rikard Yozvyak yazır ki, bu baş verərsə, 2014-cü ildə Krımın ilhaqından bəri Qərbin Rusiyaya sanksiyalarından biri ilk dəfə aradan qaldırılmış olacaq.
Bu vaxta qədər nə baş verib
2014-cü ildə AŞPA Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaqına və Şərqi Ukraynadakı silahlı separatçılara dəstəyinə belə reaksiya verdi – Rusiya nümayəndə heyətini ilin sonunadək səsvermə və qurumun idarəedici orqan və missiyalarında iştirak hüququndan məhrum etdi. Rusiyalı nümayəndələr hələ də sessiyalarda danışa, qərarlar təklif edə və AŞPA-nın müxtəlif komitələrində səs verə bilərdilər. Növbəti il bu sanksiyalar uzadıldı. 2016-cı ildə isə Rusiya daha Assambleyada iştirak etmək istəmədiyini bildirdi. Üstəlik, Rusiya öncəki iki ilin ödənişini də etməmişdi. Bu məbləğ 33 milyon avro, Şuranın büdcəsinin 7%-ini təşkil edirdi.
Bundan başqa, söhbətlər gedirdi ki, nümayəndə heyətinin işi bərpa olunmazsa, norveçli Torbörn Yaqlandı əvəzləyəcək yeni Baş katibin seçilməsi ilə bağlı səsvermədə iştirak edə bilməzsə, Rusiya, ümumiyyətlə, Avropa Şurasını tərk edə bilər.
Sözügedən səsvermə iyunun 24-dən 28-dək keçiriləcək sessiyada baş tutacaq.
İyunun 24-ü müzakirə olunacaq hesabatın nə başlığında, nə də 12-abzaslıq mətnində Rusiyanın adı çəkilmir. Ancaq sənədin iki sətrindən belə məlum olur ki, hesabat qəbul olunarsa, AŞPA nəinki gələcəkdə buna bənzər sanksiyalar qəbul etmək iqtidarında olmayacaq, hətta Rusiyanı dərhal geri çağıracaq. Hesabatın ilk versiyasında deyilir ki, «üzvlərin Assambleya və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq hüququ problemli kontekstdə… ləğv oluna və ya dayandırıla bilməz».
Hesabat qəbul olunarsa, Rusiya nümayəndə heyəti elə növbəti gün baş tutacaq əsas səsvermələrə qatıla biləcək. İyunun 24-28-də keçiriləcək sessiyanın gündəliyinə baxsaq, bu, tamamilə mümkün görünür. Hesabat iyunun 24-də müzakirə olunacaq və səsə qoyulacaq. Bir qayda olaraq, belə müzakirələr sessiyanın ilk günü müzakirəyə çıxarılır…
Hesabatın qəbul edilməsi və Rusiyanın yenidən tam səsvermə hüququ ilə Assambleyaya qayıtması ehtimalı çox yüksəkdir. Avropa Şurası xarici işlər nazirlərinin ötən ay Helsinkidə keçirilən görüşündə qəbul edilən bəyannamədə «bütün üzv dövlətlərin bərabər əsaslarla iştirakına imkan verilməsi» məsələsi xüsusi vurğulanmışdı. Qeyd edilmişdi ki, qurumun üzvləri AŞPA-nın iyun sessiyasında bütün üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakını alqışlayırlar. Nəticədə AŞPA-nın Qaydalar üzrə komitəsi iyunun 3-də Parisdə keçirilən görüşündə sözügedən hesabatı lehinə 18, əleyhinə 6 səs olmaqla qəbul edib.
Tərəfdarları və əleyhdarları
Fransa və Almaniya bu dəyişikliyin əsas katalizatoru olub. Berlin və Parisin nümayəndələrinin bu sənədin lehinə səs verəcəyi gözlənilir. Əsas arqumentsə bundan ibarətdir ki, dialoq imkanlarını yaxşılaşdırmaq üçün Rusiyanı AŞPA-da görmək daha yaxşıdır. Rusiyanı kənarda saxlamaq, yaxud Avropa Şurasını tərk etməsinə yol açmaq həm də Rusiya vətəndaşlarının öz işlərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməsini önləyər və büdcə qüsurlarını daha da kəskinləşdirər.
Gürcüstan, Ukrayna, Böyük Britaniya, Latviya, Litva və Estoniya kimi ölkələrin hesabatın keçməməsi üçün əlindən gələni edəcəyi gözlənilir. Əvvəllər də AŞPA-da Rusiyanın geri dönüşünü asanlaşdırmağı nəzərdə tutan sənədlər müzakirə ediləndə bu baş verib.
Moskvaya sanksiyaların aradan qaldırılmasını istəməyənlər hesab edir ki, Rusiyanın quruma geri çağrılması AŞPA-nın nüfuzunu aşağı salacaq. Bu o demək olacaq ki, Rusiya qurumun qoyduğu tələblərdən hər hansını yerinə yetirmədən geri qayıdır. İşin daha mühüm tərəfi isə onun başqa ölkələr üçün mənfi presedent yaratmasıdır. Nəticədə gələcəkdə hər hansı ölkəyə sanksiya tətbiq etmək çətinləşə bilər. Bundan başqa, bu addım Rusiyanın Krımı ilhaq etməsinə legitimlik qazandırmaq kimi dəyərləndirilə bilər: Rusiya Krımdan seçilmiş Duma üzvlərini də AŞPA-ya göndərsə, qurumun bu addımı sorğulamaq üçün hər hansı əsası qalmır…