Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:28

Rusiya Gürcüstanı ‘ağcaqanad düzəltməkdə’ ittiham edir


Tbilisidəki Richard Lugar adına ictimai sağlamlıq mərkəzi
Tbilisidəki Richard Lugar adına ictimai sağlamlıq mərkəzi

Rusiya Tbilisidəki Richard Lugar adına ictimai sağlamlıq mərkəzini təhlükəli bioloji eksperimentlər aparmaqda ittiham edib.

Moskva iddia edir ki, bu laboratoriyada ABŞ-ın dəstəyi ilə xəstəlikləri yaya bilən həşaratlar tədqiq olunur.

CurrentTime saytının yazdığına görə Rusiya öz mütəxəssislərinə bu laboratoriyaya və onun bütün sənədlərinə giriş verilməsini tələb edir.

Son dəfə eyni ittihamlar iki il bundan əvvəl səslənmişdi.

O vaxt Rusiya XİN bəyan etmişdi ki, “Moskva Tbilisidəki Lugar mərkəzində insanlar üzərində təcrübələr aparılmasına yol verməyəcək”.

Moskvanın bu dəfəki bəyanatında “insan üzərində eksperimentlərdən” söz açılmır.

Rusiya iddia edir ki, Richard Lugar adına mərkəzdə “amerikalı mütəxəssislər təhlükəli infeksion xəstəliklərin törədiciləri üzərində elmi-tədqiqat işi aparırlar” və bütün bunlar bilavasitə “Rusiyanın sərhədləri yaxınlığında” baş verir:

"Bu bioobyektin bazasında həşaratlardan təhklükəli bioloji agentlərin yayılması üçün istifadə edilməsi yolları araşdırılır. Diqqəti cəlb edən budur ki, infeksiyalı ağcaqanadların havadan yayılması üçün pilotsuz uçan cihaza ABŞ-da artıq patent verilib. Bundan başqa habelə zəhərli maddələr və infeksiyalı agentlərlə doldurulmuş mərmilər də patent alıb”.

Sovetdən qalma obyekt

Tbilisidə Rusiya tərəfinin bu ittihamlarını “dezinformasiya” adlandırıblar və xatırladıblar ki, sözü gedən laboratoriya Gürcüstanda hələ sovet zəmanəsindən fəaliyyət göstərir.

Gürcüstan bildirir ki, o vaxt bunu “taunla mübarizə stansiyası” adlandırırdılar.

Lakin 2000-ci illərin əvvəllərindən ABŞ yeni mərkəzin tikintisi və təchizatı üçün vəsait ayırıb.

Bu laboratoriyaya təhlükəli bioloji materialların məhdudlaşdırılması və kütləvi qırğın silahları ilə mübarizə proqramının müəlliflərindən olan senator Richard Lugar-ın adı verilib.

ABŞ senatoru Richard Lugar
ABŞ senatoru Richard Lugar

Tbilisi bildirir ki, buna baxmayaraq, laboratoriyanın profili dəyişməyib. Müəssisə Gürcüstanın sanitar-epidemioloji təhlükəsizliyini təmin edir.

Bu da vurğulanır ki, mərkəzin strukturuna Gürcüstanın səhiyyə orqanları da daxildir.

Gürcüstanın bəyantında deyilir ki, burada ayrı-ayrı vaxtlarda Amerika, Avropa və hətta Rusiya alimləri də çalışıblar.

Tbilisi Moskvaya şərt qoyur

Gürcüstan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzini rəhbəri Amiran Gamkrelidze deyib:

"Bu, Rusiya tərəfindən verilən bu tipdə ilk bəyanat deyil. Belə bəyanatlar vaxtaşırı təkrarlanır. Onlar özləri də gözəl bilirlər ki, bu bəyanatların motivi siyasidir və heç bir elmi və peşəkar əsası yoxdur. Rusiyalıların özləri, jurnalistlər və alimlər dəfələrlə bu laboratoriyada olublar. Bu yüksək səviyyəli elmi-tədqiqat laboratoriyasıdır. Bu laboratoriya pandemiya dövründə nə qədər faydalı olduğunu göstərib və COVID-19-a qarşı cavab tədbirlərinin görülməsində ciddi rol oynayıb”.

Moskva isə israr edir ki, Rusiya mütəxəssislərinə bu laboratoriyaya giriş verilməli, onlara bütün otaqlar və sənədlər göstərilməlidir.

Tbilisidə buna cavab olaraq bildiriblər ki, Rusiya nümayəndə heyətini istənilən vaxt qəbul edə bilərlər.

Amma Tbilisi əlavə edir ki, Rusiya nümayəndələri laboratoriyaya yalnız hər hansı beynəlxalq qrupun tərkibində və BMT egidası altında keçirilən konkret tədbir çərçivəsində gələ bilərlər.

Vaxtilə Azərbaycan da ittiham olunurdu

ABŞ-ın Gürcüstandakı səfirliyi Rusiyanın ittihamlarını “yalançı uydurmalar” adlandırıb.

Gürcüstan Strateji Təhlil Mərkəzinin rəhbəri Teona Akubardiya isə deyib:

"Bir tərəfdən bu, Gürcüstan da daxil keçmiş sovet ölkələri üzərində hansısa nəzarətin saxlanması istəyindən irəli gəlir. Moskva nüfuz dairələri yaradılması istəyini açıq ifadə edir. Lakin bu, həm də ABŞ-ın Gürcüstandakı və başqa ölkələrdəki təsirini zəiflətmək cəhdidir”.

Rusiyanın federal mediaları da Kremlin kampaniyasına qoşulublar və Lugar mərkəzini region üçün xarakterik olmayan atipik mikroorqanizmlərlə işləməkdə ittiham edirlər.

Lakin Gürcüstan tərəfi bildirir ki, belə iddiaları irəli sürənlər bu laboratoriyanın yalnız üçüncü səviyyə təhlükəsizliyə malik olduğunu unudurlar. Bu o deməkdir ki, laboratoriya prinsip etibarilə əksər patogenlər üzərində işləyə bilməz.

Bunun əksi olaraq Rusiya və Belarusun ərazisində dördüncü səviyyə laboratoriyaları mövcuddur.

Bundan iki il əvvəl Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov buna bənzər iddiaları Azərbaycana qarşı da səsləndirmişdi.

O vaxt ABŞ-ın Azərbaycandakı səfirliyi iddiaları “uydurma” adlandırmışdı.

Azərbaycanın Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, "Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriya mövcud deyil”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG