Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 16:42

Rusiyanın 'Eurovision' seçiminə kiminsə etirazı var?


Yulia Samoilova

Currenttime.TV portalı yazır ki, «Eurovision» mahnı müsabiqəsində Rusiyanı «Flame is burning» mahnısı ilə Yulia Samoilova təmsil edəcək.

Y.Samoilova uşaqlıqdan əlil arabasının köməyilə hərəkət edir. Hələ 13 yaşı olarkən ona Verdniq-Hoffman xəstəliyi – onurğa əzələ atrofiyası diaqnozu qoyulub. Bu, əzələlərin işinin pozulduğu irsi xəstəlikdir. Samoilova birinci dərəcəli əlildir və əlil arabasında hərəkət edir.

SOÇİ OLİMPİADASINA DA QATILIB

Ancaq bütün bu maneələrə baxmayaraq, o, dəfələrlə müxtəlif yarışlarda iştirak edib, 2014-cü ildə Soçi Paralimpiya Oyunlarının açılışında da çıxış edib.

Bəs builki müsabiqənin ev sahibi Ukrayna Samoilova-nın seçilməsinə nə reaksiya verib?

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Samoilova-nın seçilməsini Rusiyanın «növbəti təxribatı» adlandırıb. O qeyd edib ki, Samoilova-nın 2015-ci ildə Krıma getməsi nəzərə alınarsa, ona Ukrayna qanunvericiliyinin normaları tətbiq olunmalıdır.

«Xarici İşlər Maydanı» layihəsinin rəhbəri Andrii Klymenko isə Facebook-da yazıb ki, «2015-ci il iyunun 27-də Samoilova Gazmanov və Lolita ilə birlikdə işğal olunmuş Kerçdə çıxış edib... Əslində, SBU (Ukrayna Təhlükəsizlik Xidməti) belə artistləri Ukraynaya buraxmır».

«QARA SİYAHI»DA KİMLƏR VAR?

SBU-nun mətbuat katibi Olena Gitlianska isə Facebook-da qeyd edib ki, qurum məsələylə bağlı qərarını verəcək, amma Y.Samoilova Ukraynaya girişi yasaqlanan mədəniyyət xadimlərinin «qara siyahı»sına daxil deyil. Bu siyahıda Iosif Kobzon, Jerar Depardieu, Mikhail Boyarsky, Oleg Gazmanov, Valeria, Grigory Leps, Nikita Mikhalkov kimi tanınmışların adları var.

Rusiyanın özününsə məsələyə baxışı fərqlidir.

Kreml Samoilova-nın seçilməsində təxribat xarakterli bir şey görmür. «Mən ümumiyyətlə, «təxribat» sözünü işlətməzdim. Bu, Rusiya telekanalının seçimidir. Demək olar ki, hamı Krımda olub. Yəqin ki, Krımda olmamış adam yoxdur. Nə qədər olmasa, bu, beynəlxalq müsabiqədir. Təşkilatçı ölkə yəqin ki, müsabiqənin keçirilmə qaydalarına əməl etməlidir», –deyə Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitry Peskov bildirib.

«SİYASİ KOMMERSİYA ŞOUSU»

Dövlət Dumasının Mədəniyyət komissiyası sədrinin birinci müavini, Rusiyanın xalq artisti Iosif Kobzon-sa, ümumiyyətlə, Rusiyanın Kiyevdə keçiriləcək beynəlxalq müsabiqədə iştirakına qarşıdır. O bu tədbiri «siyasi kommersiya şousu» adlandırır. «Mən bizim ifaçıların bu yarışda iştirakına qarşıyam. Bu, düzgün deyil. Allah eləməmiş, əlili incitsələr, bu, böyük biabırçılıq olacaq. Bu, məni narahat edir...» – Kobzon deyib.

Bir çox müstəqil jurnalist və bloqqerin fikrincə, Samoilova-nın namizədliyindən öncə xeyli hazırlıq işi görülüb. Bloqqerlər bu yaxınlarda «Minuta slavı» (Şöhrət dəqiqəsi) proqramı ətrafında yaşanmış qalmaqalı da həmin hazırlığın bir hissəsi hesab edirlər. Münsiflər əlilliyi olan insanların çıxışlarına çox kobud reaksiya vermişdilər. Məsələn, tanınmış aparıcı Vladimir Pozner bir ayağı olmayan iştirakçını «yasaqlanmış fənd» işlətməkdə ittiham etmişdi. «Sizin kimi ayaqsız adam çıxanda, «yox» demək mümkün deyil», – Pozner demişdi.

SAVADLI PİAR

AzadlıqRadiosunun jurnalisti Yelena Rykovtseva-nın sözlərinə görə, «Birinci kanal»ın prodüserləri bu yolla publikanı Yulia Samoilova-nın «Eurovision»a göndərilməsinə hazırlamağa çalışıblar. «Adı çəkilməyən redaktorun işdən çıxarılması haqda nağıllara inanmayın. Belə şeylərə görə işdən çıxarmırlar, mükafat verirlər. Rusiyanın «Eurovision– 2017»də iştirak edəcək namizədinin savadlı təşkil edilmiş piarına görə», – Rykovtseva deyir.

Martın 11-də «Minuta slavı» proqramının münsifləri etdikləri kobudluğa görə həmin iştirakçılardan üzr istəyiblər. Martın 12-də isə «Birinci kanal» «Eurovision»a Yulia Samoilova-nın göndəriləcəyini elan edib.

«Birinci kanal»ın mətbuat xidmətindən bildirilib ki, Samoilova-nın seçilməsinin «Minuta slavı» proqramı ətrafındakı durumla heç bir əlaqəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG