Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:40

Kremlə gərək olmayan 'Bizimkilər'


Putin tərəfdarları Qızıl Meydanda - 2007
Putin tərəfdarları Qızıl Meydanda - 2007

Onlar Putin-in dövründə böyüyüblər. 2018-ci ilə qədər hakimiyyətə gəlməyə hazırlaşırdılar. «P nəsli». Dünənki məktəblilər. Onlar üçün sosial liftin sürəti birbaşa Kremlə sevgilərindən asılı idi. Bu hərəkatların sayı onlarla idi: «Naşi» (Bizimkilər), «Rossiya Molodaya» (Gənc Rusiya), «Molodaya Qvardiya» (Gənc Qvardiya), «Mestnıye» (Yerlilər), «Stal» (Polad) və s. Bəs indi onlar haradadırlar? Bu işin daşını nə vaxt atıblar? AzadlıqRadiosunun qırğız xidməti bu suala cavab axtarıb.

Küçə siyasətinin ulduzu Maksim Mishchenko Kremlin diqqətini özünə cəlb etmişdi. Onun Bauman İnstitutunda tələbə yoldaşlarından yaratdığı «Rossiya Molodaya» hərəkatı «narıncı təhlükə» və Limonov-un «Başqa Rusiya»sı ilə mübarizə aparır, Qələbə meydanında müxalifətin mitinqlərinə mane olur, orada donor günü keçirir, qeyri-qanuni miqrantlarla mübarizə aparır, bazar və vağzallara gələrək qeydiyyatı olmayan miqrantları axtarırdı.

Maksim Mishchenko
Maksim Mishchenko

YARIM MİLYARD RUBL

Gənc və üzlü Mishchenko prezident administrasiyasının küçə siyasətinə cavabdeh işçilərinin xoşuna gəlirdi. 2007-ci ildə onu Dövlət Dumasına götürdülər. Ancaq qanunvericilik məsələsində özünü göstərə bilmədi. 2011-ci ildə deputat səlahiyyətlərindən vaxtından əvvəl imtina edən Mishchenko çətinliklə İctimai Palataya düşə bilsə də, ora da bircə il qala bildi. Onun sonuncu vəzifəsi Tula vilayətinin daxili siyasət nazirinin müavini oldu. Burada o, öyrəşdiyi işlə, mitinqlər və QHT-lərlə məşğul idi. Çernobıl qəzasını yad etmək üçün tədbirlərin keçirilməsinə büdcədən pul aldı. Heç bir iş görmədi, 650 min rublluq vəsaiti isə saxta hesablara köçürdü. Barəsində hökmün oxunmasından az əvvəl Facebook-da bu sözləri yazdı: «Siyasətlə mənimki qurtardı».

Kreml 2005-ci ildə yaradılmış «Naşi» hərəkatına yüz milyonlarla rubl xərcləmişdi. Rusiya dünyanın mərkəzidir, liberallar, faşistlər və qərbyönlülər azadlığa təhlükədir, onları prezident Vladimir Putin-ə nifrət birləşdirir, «Biz vətəni sevirik» – bu, onların manifesti idi.

«Vedomosti» yazır ki, təkcə 2007-2010-ci illər arasında hərəkata təxminən yarım milyard rubl ayrılıb.

Vasily Yakemenko
Vasily Yakemenko

LAYİHƏDƏN KAFELƏR ŞƏBƏKƏSİNƏ

Ancaq bu sahədə Vladislav Surkov dövrünün sona çatması ilə əvvəlcə «Naşi» hərəkatının federal komissarı, daha sonra Gənclərlə iş üzrə Federal Agentliyin (Rosmolodyoj) rəhbəri Vasily Yakemenko da vəzifəsindən uzaqlaşdırıldı. Beləliklə, prezidentə vurğunlar artıq Kremlə gərək olmadılar. «Naşi» layihəsi bağlandı. Yakemenko-nun özününsə yeni partiya yaratmasına imkan vermədilər. Hazırda o, «Yeş piroq» (Piroq ye) kafelər şəbəkəsi ilə məşğuldur.

Birləşmiş müxalifətin liderlərindən biri olan Garry Kasparov «nasist»ləri ən çox qıcıqlandıran adamlardan idi. Onun şəklini öz düşərgələrində yerə sərmiş, başını isə nizəyə keçirmişdilər. «Naşist»lər küçədə Kasparov-u təhqir edən vərəqələr paylayırdılar. Bir dəfə hətta ondan şahmat taxtasını imzalamasını xahiş etmiş, sonra isə həmin taxtanı zərblə başına vurmuş, ona xəsarət yetirmişdilər. Bu zaman ucadan onu Rusiyadan getməyə çağırmışdılar.

2013-cü ildə İstintaq komitəsi Kasparov-u ifadə verməyə çağırdı. Bundan sonra o, Rusiyanı tərk edib bir daha geri dönmədi.

V.Putin və Masha Drokova
V.Putin və Masha Drokova

«GREEN CARD»A APARAN YOL

Tanınmış «nasist»lərdən biri də hərəkatın mətbuat katibi, Yakemenko-nun silahdaşı Kristina Potupchik idi. O, liberal jurnalistlər və müxalifətçilərlə bağlı kompromat dolu videolar yayırdı.

Yakemenko-nun uzaqlaşdırılmasından sonra Potupchik bir müddət gözdən itdi. Ancaq hakimiyyətdən çox da uzaqlaşmayıb – hazırda İctimai Palatada işləyir. Ancaq artıq radikal Putin tərəfdarı yox, mərkəzçidir. Bəzən hətta Facebook-da liberal postlar paylaşır və Instagram-da keçmiş opponentləri ilə çəkdirdiyi şəkillərini yerləşdirir.

«Naşi» fəalı Masha Drokova Putin-ə sağlığında heykəl qoyulmasını tələb edirdi. Ancaq o, jurnalist Oleg Kashin-ə qarşı arxasında Vasily Yakemenko-nun durduğu deyilən hücumdan sonra «Naşi» sıralarını tərk edib. Drokova-nın barəsində Danimarka rejissoru Lise Birk Pedersen «Putin-in öpüşü» adlı sənədli film çəkib.

Bir müddət piar-konsultant işlədikdən və startaplarla çalışdıqdan sonra ABŞ-a köçüb. Bu yaxınlarda Facebook-da «green card» alması xəbərini ingiliscə paylaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG