Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Skripal missiyasındakı üçüncü agentin kimliyi ‘müəyyənləşdirilib’


Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsindən öncə kəşfiyyat missiyasına çıxmış üçüncü rusiyalı hərbi kəşfiyyat zabitinin kimliyi müəyyənləşdirilib. “The Telegraph” qəzeti sentyabrın 27-də yazıb ki, antiterror polisi və təhlükəsizlik xidmətləri həmin agentinin kim olduğunu aşkarlayıblar.

Bu rusiyalının Solsberi şəhərinə keçmiş agentə hücum planına kömək məqsədilə getdiyi bildirilir. Ondan sonra iki həmkarı hərbi dərəcəli Noviçok sinir qazını Britaniyaya aparıblar. Bu qaz Sovet İttifaqında hazırlanıb.

Martın əvvəlində 67 yaşlı Skripal və qızı, 34 yaşlı Yulia skamyada huşsuz vəziyyətdə tapılıblar. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Dawn Sturgess zəhərin qalığı ilə təmasda olandan sonra dünyasını dəyişib, partnoyu xəstəxanaya düşüb.

Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb.

Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib.

***

Kreml ‘Noviçok şübhəlisinin’ Rusiya kəşfiyyatçısı olduğuna ‘inanmır’

Sentyabrın 27-də Kreml təhqiqat saytı Bellingcat-ın Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və onun qızını zəhərləyənlərin Rusiya hərbi kəşfiyyatının zabitləri olduğuna dair məlumatına şübhə etdiyini bildirib.

Dmitry Peskov
Dmitry Peskov

Bellingcat sentyabrın 26-da bildirmişdi ki, İngiltərənin Solsberi şəhərində kimyəvi hücum həyata keçirənlərdən birinin – Ruslan Boshirov-un əsl adı polkovnik Anatoly Chepiga-dır.

Bu ayın əvvəllərində Britaniya prokurorları iki rusiyalı - Ruslan Boshirov və Aleksandr Petrov barəsində Skripal və onun qızına qarşı Noviçok kimi tanınan kimyəvi zəhərlə qətlə qəsd ittihamı irəli sürüblər.

Britaniya bunu da bildirir ki, bu iki nəfər Rusiya hərbi kəşfiyyatı - GRU-nun məxfi agentləridir.

Kəşfiyyat məsələlərini araşdıran Bellingcat bildirib ki, təhqiqat partnyoru Insider-lə birlikdə Ruslan Boshirov kimi tanınan şəxsin əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Anatoly Chepiga olduğunu müəyyənləşdirə bilib.

Ruslan Boshirov kimi tanınan "Noviçok şübhəlisi"
Ruslan Boshirov kimi tanınan "Noviçok şübhəlisi"

Chepiga-nın vaxtilə Çeçenistanda xidmət etdiyi və Rusiyanın ən yüksək mükafatı olan Rusiya Federasiyasının Qəhrəmanı medalı ilə təltif olunduğu bildirilir. Bu mükafatı Rusiya prezidenti Vladimir Putin şəxsən verir. Bellingcat bildirir ki, Chepiga-nın şəxsiyyəti onu tanıyan mənbələr tərəfindən təsdiq olunur.

Ötən həftə Bellingcat xəbər verirdi ki, iki şübhəlinin Rusiya Baş Kəşfiyyat İdarəsi ilə bağlılığını aşkar edib.

Sentyabrın 27-də Kremlin sözçüsü Dmitry Peskov Bellingcat saytının xəbərini şərh edərkən deyib: “Çox adamlar bir-birinə oxşayır. Amma mən bu təhqiqatda adı çəkilən vətəndaşın kim olduğunu bilmirəm”

Rusiya indiyədək Skripallara kimyəvi hücumda Moskvanıın əli olduğunu inkar edir.

Bundan əvvəl prezident Vladimir Putin İngiltərənin Solsberi şəhərində Skripalın evinin yaxınlığında təhlükəsizlik kamerasına düşmüş iki rusiyalının turist səfərinə çıxmış iki vətəndaş olduğunu demişdi.

Bellingcat saytının məlumatından sonra Putinin bəyanatına münasibət barədə suala cavab verən Peskov deyib: “Prezident deyib ki, bu adamlar mülki şəxslərdir. O aldığı informasiyaya əsaslanıb…Siz və mən bu adamların keçmişi haqqında heç nə bilmirik. Bu bizim iş funksiyamızın xaricindədir”.

Peskov deyib ki, Rusiya rəsmiləri Bellingcat saytının informasiyası ilə bağlı məsələni araşdıracaqlar.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Maria Zakharova Bellingcat saytının məlumatını Rusiyaya qarşı “informasiya kampaniyası” adlandırmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG