Avropa təhlükəsizlik rəsmilərinin fikrincə, Rusiyanın iki kosmik aparatı qitə üzərindəki azı 12 əsas peyklərlə əlaqəni ələ keçirib. Bu haqda "The Financial Times" qəzeti yazır.
Rəsmilər daha öncə belə halın qeydə alınmadığını deyirlər. Bu zaman nəinki peyklərin ötürdüyü həssas informasiyaya risk yaranır, Moskva bu peyklərin trayektoriyası ilə manipulyasiya edə, hətta onları sıradan çıxara bilər.
FT yazır ki, son üç ildə Rusiyanın kosmik aparatları Avropa peyklərini daha sıx izləyib. Bu, Moskva Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonrakı dönəmə təsadüf edir.
İllərdir Qərbin kosmik qurumları Rusiyanın orbitdə şübhəli manevrlər edən "Luç-1" və "Luç-2" obyektlərini izləyir. Onlar Avropanın ən mühüm geostansiya peyklərinə riskli şəkildə yaxınlaşıblar.
Avropanın aparıcı kəşfiyyat rəsmisinin dediyinə görə, "Luç" aparatlarının məqsədi Yerdəki stansiyalardan peyklərə ötürülən data kanallarının yaxınlığında mövqe tutmaq olub.
Rəsmi Avropa peyklərinə ötürülən həssas informasiyasının şifrələnməməsindən də narahatlığını bildirib. Bu peyklərin çoxu illər öncə buraxılıb, o zaman müasir kompüterlər, indiki kimi şifrələmə qabiliyyəti yox idi.
Qəzet kəşfiyyat və hərbi rəsmiləri istinadla yazır ki, Kreml pozucu fəaliyyətini kosmosa apara bilər, artıq bunun üzərində işləyir.
"Peyk şəbəkələri müasir cəmiyyətlərin "Axilles dabanı"dır. Onlara kim hücum etsə, bütöv ölkələri iflic edə bilər. Rusiyanın fəaliyyəti xüsusilə kosmosda hamımıza fundamental təhdiddir. Bu təhdidi gözardı edə bilmərik", – Almaniyanın müdafiə naziri Boris Pistorius ötən ilin sentyabrında deyirdi.