Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:34

Rusiyanın Arktika həmləsi


Rusiya arktik motoatıcı diviziyasının hərbçiləri Murmansk ətrafında təlim zamanı, 23 yanvar 2017 года

“Dahi rəhbər” Leninin adını daşıyan atom buzqıran gəmisi muzeyə çevriləndən təxminən 30 il sonra Rusiya yenidən Arktikada atom buzqıran gəmiləri yaradır.

Bir vaxtlar Sovetlər Birliyinin qüruru və böyük Arktika oyunu olan “Lenin” buzqıran gəmisi soyuq sularda əbədi lövbər salıb. Soyuq savaşın simvolu indi muzeyə çevrilib.

Di gəl, “dahi rəhbər”in adını daşıyan bu buzqıran gəminin istifadədən çıxarılıb ziyarətçilərin ixtiyarına verilməsindən təxminən 30 il sonra Rusiya Arktikada yenidən atom buzqıran gəmilərinin yaradılması yolunda addımlayır.

“İndependent” yazır ki, bu, şimal qütbündə özünün ənənəvi rəqibləri Kanada, ABŞ, Norveç, eləcə də bu sahədə yeni rəqibə çevrilən Çinlə rəqabət üçün Moskvaya lazımdır.

Rəsmi şəxs və hərbi analitiklərin müsahibələrindən, hökumət sənədlərinin icmallarından görünən odur ki, buzqıran gəmilərin inşası Sovetlər dönəmindən sonra Rusiyanın ən böyük tikintisidir. Belə bir inkişaf Moskvaya bəzi sahələrdə hətta bir vaxtlar SSRİ-dəkindən də çox hərbi imkanlar yaradır.

Rusiya hərbçiləri təlim zamanı, 23 yanvar 2017
Rusiya hərbçiləri təlim zamanı, 23 yanvar 2017

Tarix təkrar olunur?

Bu quruculuq işləri bir qədər uzaq hədəflərə, maliyyə və geosiyasi nəticələrə hesablanıb. Hesablamalara görə, Arktikada Səudiyyə Ərəbistanından da çox karbohidrogen ehtiyatları var. Moskva bu uğurlarıyla ciddi hərbi göstəricilər əldə etmiş olacaq.

“Tarix təkrar olunur”, – kommunist inqilabı liderinin şərəfinə adlandırılmış “Lenin” buzqıran gəmi-muzeyinin bələdçisi Vladimir Blinov belə deyir və fikrini tamamlayır:

“1950-ci illərdə, soyuq savaşın qızğın çağlarında bəzi sahələrdə ABŞ irəlidə olanda, biz dünyada ilk atom buzqıran gəmisini inşa etməklə amerikalılara qalib gəldik. Bu gün də eyni vəziyyətdir”.

Moskva prezident Putin dönəmində Arktika adalarında sovet dönəmindənqalma atılmış hərbi, hava və radiolokasiya bazalarını təmir eləyib yenidən qurur, yenilərini tikir və... Və beləcə, elə indidən Arktikadakı yarım milyon kvadratmil sahəyə iddiasını irəli sürür.

Ordu birliklərinin marallara qoşulmuş xizəklərin yanında, ağ kamuflyajda, hərbi silahlarla təlimindən aramsız şəkildə fotolar yayımlanır.

ABŞ Geoloji Xidmətinin hesablamalarına görə...

Arktikada 412 milyard barrel neft var, bu da dünyada kəşf edilməmiş neft və qaz ehtiyatlarının təxminən 22 faizi deməkdir.

Sibirdə neft mancanaqları, 19 may 1997
Sibirdə neft mancanaqları, 19 may 1997

Neftin ucuzlaşması və Ukrayna hadisələri ucbatından Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Arktikada yeni şelf layihələrini konservləşdirsə də, Kreml daha uzağagedən oyun oynayır.

Dünyanın ən böyüyü olacaq 3 atom buzqıran gəminin inşası da bu oyuna daxildir. Bununla da, Rusiya donanmasında buzqıran gəmilərin sayı 40-a çatacaq. Onlardan 6-sı nüvə enerjisiylə çalışır. Başqa heç bir ölkə hərbi və mülki gəmilərə kanallar açan atom buzqıran donanmaya sahib deyil.

Rusiyanın Şimal Donanması Murmanskda yerləşdiyindən, Kola yarımadasının buzlu sularında buranın da buzqıran gəmisi olacaq. Üstəlik, qanadlı raketlərlə silahlanmış iki donmayan korvet də Murmanskda lövbər salacaq.

Sərhədlər bərpa olunur?

“Gorbachev və Yeltsin-in rəhbərliyi dönəmində bizim Arktika sərhədlərimiz çılpaq qalmışdı”, - Rusiya Coğrafiya Cəmiyyətinin üzvü professor Pavel Makarevich-in sözləridir:. “İndi bu sərhədlər bərpa olunur”.

“İndependent” yazır ki, Krım və Kalininqradda aparılan tikinti işlərinin burada təkrarlanmasını Vaşinqtonda da hiss ediblər. ABŞ müdafiə naziri James Mattis deyib ki, “dünyanın istənilən hissəsini başqaları üçün tərk etmək bizim marağımızda deyil”.

Senator Dan Sullivan-ın sözlərinə görə, Mattis ayrıca yazılı təqdimatında Moskvanın Arktikadakı fəaliyyətini “aqressiv addımlar” kimi təsvir edib və ABŞ-ın bu istiqamətdə inkişaf strategiyalarını müəyyənləşdirəcəklərinə söz verib.

Bu isə Şimal Buzlu Okeanında silahlanmağa başlamaqdansa Amerika-Rusiya münasibətlərini bərpa etmək və Suriya məsələsində Moskva ilə birgə hərəkət etmək istəyən prezident Donald Trump-a potensial dilemma yaradır.

Tikinti işləri başqa bir yerdə də təşviş yaradır. ABŞ-ın 300-dək dəniz piyadası 6 ay müddətinə Norveçdə yerləşib. Bu, İkinci Dünya Müharibəsindən bəri Norveçdə xarici ölkənin hərbi qüvvələrinin yerləşdirilməsinə verilən ilk icazədir.

NATO durumu yaxından izləyir

Polşa, NATO-nun 'Dragon-15' adlı hərbi təlimləri, 16 oktyabr 2015
Polşa, NATO-nun 'Dragon-15' adlı hərbi təlimləri, 16 oktyabr 2015

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsi də hələ təzə xatirədir. NATO durumu yaxından izləyir. Onun 6 üzvü 2015-ci ildə regionda təlimlər keçirib.

Sovet dönəmində Arktikada böyük atəş gücü vardı, amma bu güc yalnız ABŞ-la nüvə savaşı aparmağa nəzərdə tutulmuşdu.

Arktikanın enerji ehtiyatları uğrunda mübarizə gücləndikcə, Rusiya özünün sabit və fəal hərbi iştirakını müxtəlif və bəzən üstün qalibiyyətlə əldə saxlayır.

Müdafiə naziri Sergei Shoigu bir neçəsi ilin sonunadək istifadəyə veriləcək 6 hərbi obyektin yenilənməsinə və yaradılmasına rəhbərlik edir.

Rusiya hərbi texnikasını da qış şəraitinə uyğunlaşdırmağa böyük pullar xərcləyir.

“Arktikada güc və hərbi infrastrukturun modernizasiyası həttta sovet dönəmində də görünməyən sürətlə gedir”, - “Moscow Defense Brief”in baş redaktoru Mikhail Barabanov Reuters-ə belə deyib və fikrini bu şəkildə tamamlayıb:

“Rusiyanın Arktikadakı fəallığı bir qədər qızışdırıcıdır. Bu, sürətlə silahlanma yarıışına gətirib çıxara bilər”.

Rusiyanın buzqıran gəmisi, 5 may 2016
Rusiyanın buzqıran gəmisi, 5 may 2016

Siyasətçilərsə Arktika quruculuğunun kommersiya yönünü həvəslə dartışırlar.

Yeni yol və dəmir yolları salınır, limanlar yenidən qurulur. Moskva özünün donanma qabiliyyətini artırır və Şimal Buzlu Okeanında yükdaşıma həcmini artırmağa hazırlaşır.

Süveyş kanalının şimal variantı?

Rusiya Murmanskdan Alyaska yaxınlığındakı Berinq boğazınacan uzanan Şimal Dəniz Yolunun minisüveyş kanalı olacağına ümid bəsləyir. Bu yol Asiyadan Avropaya aparılan dəniz yüklərinin daşınma müddətini azalda bilər.

Rusiya daxilində bu marşrutun populyarlığının artsa da, yüksək tranzit xərcləri və buz təbəqəsinin proqnozlaşdırıla bilinməməsi bu yolun xarici şirkətlər üçün cəlbediciliyini azaldır.

Amma Murmansk qubernatorunun müavini Grigory Stratiy Reuters-ə deyib ki, dəniz yollarına Asiya ölkələrindən böyük maraq var. Buzqıran gəmilər 2020-ci illərdə günboyu həmin marşrutla hərəkət etməyə şərait yaradacaq: “Hava necə olsa da, Şimal Yolu gərəkli sayılacaq. Ona ehtiyac get-gedə artacaq”. Stratiy Rusiyanın Arktikaya xarici investisiya cəlb etməyə can atdığını da sözlərinə əlavə edib. Rusiyanın burda hərbi qüvvəsini artırmasına gəlincə,o, gülərək deyib ki, qorxulası bir şey yoxdur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG