Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:29

Rus knyazlarının dəbilqəsindəki "Allah"


Aleksandr Nevskinin dəbilqəsi
Aleksandr Nevskinin dəbilqəsi

Tarixlə maraqlananlar rus knyazlarının dəbilqələri üzərində ərəb yazılarının olmasından xəbərdardırlar. Romanovlar sülaləsindən olan ilk rus çarı Mixail Fyodoroviç Romanovun dəbilqəsində isə Quran ayəsi həkk edilib: "Möminləri Allahın köməyi və tezliklə gələcək qələbə müjdəsi ilə sevindir". XIX əsrdə bu dəbilqəni hətta Rusiya imperiyasının gerbinin mərkəzinə yerləşdirmişdilər. Bir rəvayətə görə, bu dəbilqəni əvvəllər XIII əsrdə yaşamış Novqorod, Kiyev və Vladimir knyazı Aleksandr Nevski taxıbmış.

Ancaq Rusiyanın "Komsomolskaya Pravda" qəzeti yazır ki, ekspertiza nəticəsində bu dəbilqənin XVI əsrdə Osmanlı imperiyasında hazırlanaraq şərq naxışları və yazıları ilə bəzədildiyi sübut edilib. Dəbilqə digər hədiyyələrlə birlikdə Rusiyaya çatdırılıb. Üstündən bir əsr keçmiş, yaraq-əsləhə ustası Nikita Davıdov dəbilqəni xristian müqəddəslərinin simaları ilə bəzəyib. Bu o dövrdə adi praktika sayılırmış. Nə qədər olmasa, Allahın yerdəki canişini sayılan çar üzərində Quran yazıları olan dəbilqə taxıb insanların qarşısına çıxmayacaqdı.

"Rus usta da mənasını bilmədən onu naxış kimi həkk edib"

Bəs görəsən, bu Şərq yaraq-əsləhəsi rus çarlarının əlinə necə düşüb? Moskva Kremlinin soyuq silah kolleksiyasının qoruyucusu Vasili Novoselov deyir: "Onlar XV əsrin sonu – XVI əsrin əvvəllərində rus çarları arasında populyar olmağa başlayıb. O zaman döyüş meydanında yay üstünlüyü ələ keçirməyə başlamışdı. Belə yaraq-əsləhəni şərqdən satın alır, ancaq çox vaxt hədiyyə olaraq əldə edirdilər. Manevrli döyüşdə oxlardan qorunmaq lazım idi. Buna görə də əsil-nəcabətli döyüşçünün yaraq-əsləhəsində kürə-konus şəkilli dəbilqələr, metaldan zəncir şəklində hörülmüş boyun örtükləri peyda olmağa başlayır. Bütün bunlara polad qılınc da əlavə edilirdi. Dəbilqələri bəzəyən şərqli ustalarsa dekora ərəb, yaxud fars dilində yazılar da həkk edirdilər. Bu yazılar çox vaxt dini xarakter daşıyırdı".

Novoselovun sözlərinə görə, yaraq-əsləhənin üzərindəki bu Şərq yazıları çox vaxt ənənəvi dekorun bir hissəsi kimi qəbul edilirdi. O, İvan Qroznının hazırda İsveçdə saxlanan dəbilqəsinin üzərindəki naxışı misal kimi göstərir. Bu dəbilqə Rusiya tarixinin ən ağır dövrlərindən sayılan, 1598 - 1613-cü illərə təsadüf edən Qarışıqlıq dövründə Kremldən polyaklar tərəfindən götürülüb. Sonradan isveçlilər Varşavanı tutanda bu dəbilqəni qənimət kimi ələ keçiriblər. Dəbilqənin üzərində eyni sözün dəfələrlə yazıldığını görmək olur. Bu, ərəbcə "Allah" sözüdür.


"Görünür, rus usta da mənasını bilmədən onu naxış kimi həkk edib. Buna görə də sözün ayrı-ayrı hissələrini mənasız yerə bir neçə dəfə təkrarlayıb", - o deyir.

Türk silahqayırma sənəti məşhur olub

Sıravi döyüşçülərə gəlincə, Novoselov deyir ki, onların yaraq-əsləhəsi muzeydə tək-tük, möcüzə nəticəsində salamat qalmış nümunələr şəklində təmsil olunub. Çünki Qarışıqlıq dövründə polyak qarnizonu Kremlin cəbbəxanasını qarət edib.

İvan Vasilyeviçin bu dəbilqəni erkən yaşlarında, bir ehtimala görə 16 yaşında taxdığı bildirilir.

Mütəxəssislər deyirlər ki, həm XVI əsrin əvvəllərində, həm də XVII əsrdə türk silahqayırma sənətinin uğurları hər yerdə, o cümlədən Avropa və Rusiyada məşhur idi. Türk ustaların hazırladığı yaraq-əsləhə rus knyazları arasında çox populyar idi. Bu yaraq-əsləhə arasında dəbilqələr, zəncirvarı toxunuşla toxunmuş metal köynəklər, zirehlər, qılınc, qalxan, yəhər, yüyən və hətta odlu silahlar da var. Onların bəziləri qənimət kimi ələ keçirilib, bəziləri isə müharibə olmayan dövrlərdə satın alınıb.

Ancaq rus ustalar da ta XVII əsrin ikinci yarısına qədər hətta çar üçün hazırladıqları yaraq-əsləhəni ərəb yazıları ilə bəzəyirdilər. Bu dövrdən sonra daha belə yazılara rast gəlinmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG