Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:38

Allahın adını daşıyan kənddə kondom zavodu


Bogolyubovo Monastırı
Bogolyubovo Monastırı

Moskvadan 180 kilometr şimal-şərqdə, Vladimir vilayətində yerləşən Boqolyubovo kəndinin dindarları kənddəki monastırın yaxınlığında kondom zavodunun tikilməsinə etiraz edirlər.

Yerli hökumət bu zavodu tikməklə həm də 200 iş yeri açmağa ümid edirdi.

Ancaq tikinti başlayandan sonra monastırın icması dini səbəblərə dayanaraq bu təşəbbüsə etiraz edib.

Dekabrın 4-də, yerli medianın yazdığına görə, təqribən 120 pravoslav fəal yerli hökumətin administrasiyası qarşısında yürüş keçirərək tikintinin dayandırılmasını tələb edib.

Buna da bax:​ Yaraqlılar 1400 yaşı olan monastırı yerlə-yeksan etdilər

“GÖZLƏNİLMƏZ ETİRAZ”

Əsasən xəz palto və papaq geymiş, əllərində ikonalar və taxtadan düzəldilmiş iri xaç olan yaşlı qadınlardan ibarət dəstə ucadan dualar oxuyub. Kütlənin əlində "Müqəddəs yerdə kondom istehsalına yox!" və "Müqəddəs Məryəm, bizi sayğısızlıqdan qoru!" kimi şüarlar olub.

Mübahisə obyektinə çevrilmiş zavod tikilib başa çatdırılsa, kondomdan başqa uşaq bezi və yapışqan bandaj da buraxacaq.

Noyabrın 22-də bir qrup pravoslav dindar zavodun tikintisinə etiraz petisiya təqdim edib. Zavodun məxsus olduğu "Bergus" şirkəti bildirib ki, planları dəyişməyə çox gecdir. Ancaq şirkət noyabrın 24-də etirazçıları qəbul etməyə razılıq verib.

"Bergus"un aid olduğu KIT holdinqinin direktoru Pavel Spichakov-un sözlərinə görə, şirkət üçün bu etiraz "tamamilə gözlənilməz" olub.

Buna da bax: Qədim fransız monastırının adaya çevrilməyi

PAKLIQ VƏ MÜQƏDDƏSLİK

"Mən düşündüm ki, onlar kənddə iş yerləri və vergi gəlirlərinin yaradılmasını dəstəkləyəcəklər", deyə Spichakov RFE/RL-in rus xidmətinə bildirib.

Yerli jurnalistlərdən birinin noyabrın 24-dəki görüş barədə paylaşdığı məlumatdan bəlli olur ki, etirazçılar kondomdan cinsi yolla keçən xəstəliklərə qarşı vasitə kimi istifadənin əleyhinə çıxış edirlər. "Paklıq pis xəstəliklərdən qorunmaq alətidir. Biz Boqolyubovodan paklıq və müqəddəslik yaymalıyıq!" etirazçılardan biri deyib.

Etirazçıların narahatlığı hazırlanacaq gigiyenik vasitələrin üzərində kəndin adının yazılması ilə bağlıdır. "Boqolyubovo" – "Allahı sevənlər" deməkdir. 4 min 500 sakini olan kənd XII əsrdə yaşamış rus knyazı Andrei Bogolyubsky-nin adını daşıyır. Elə kənddəki Nerl çayı üzərindəki Pokrov Kilsəsini də knyaz Andrei Bogolyubsky tikdirib. Kilsə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Buna da bax:​ Çar Ivan Qroznıya qoyulan ilk heykəl etirazla qarşılanıb

15-20 NƏFƏR

Etirazçılar həm də zavodun tikildiyi yerə etiraz edirlər. Zavod Boqolyubski Monastırının yaxınlığında yerləşən bir kərpic zavodunun yerində tikilir. Bu ərazi həm də məktəbə yaxındır.

Yeri xəbər saytı olan "Pro Vladimir" üçün yazan jurnalist Kirill Vasilyev-in sözlərinə görə, zavodun tikintisini əngəlləməyə çalışan əsasən 15 - 20 nəfərdir. Onların da çoxu Bogolyubovonun yerli sakinləri deyil.

Vasilyev deyir ki, fəallar kəndlilərin çoxunun imzasını toplamağa çalışsalar da, bunu bacaracaqlarına çox da ümid bəsləməyiblər. "Küçədə rastlaşdığımız insanlar və müəssisənin işçiləri bu məsələyə ya neytral yanaşır, ya da yeni iş yerlərinin yaranmasından məmnundur. Əvvəllər burada kərpic zavodu var idi. O bağlandı. İnsanlar işsiz qaldılar. İndi onlar Vladimirə (regionun mərkəzinə) getməli olurlar", – Vasilyev deyir.

Buna da bax:​ Hərbi ekspert: 'İndi partlayırsa, demək ki, hardasa səhlənkarlığa yol verilib'

DEMOQRAFİYA PROBLEMİ

Rus Pravoslav Kilsəsi mübahisəyə neytral yanaşaraq heç bir ictimai açıqlama verməyib. Kilsə öz davamçılarına kondomdan istifadəyə icazə verir. Ancaq həm də bildirir ki, "xudbin istəklərə görə bilərəkdən uşaq sahibi olmaqdan imtina nikahı dəyərdən salır və günah olması şübhəsizdir".

Etiraza başçılıq edənlərdən biri, rus pravoslav fəalı Tatyana Fadeyeva zavodun tikintisinə etirazını belə izah edir: "Kondomlar nədən ötrü istehsal olunur? Ailə planlamasından ötrü. Bu gün demoqrafiyamız ən yaxşı durumda deyil. Odur ki, belə bir istehsal demoqrafiyamızı yaxşılaşdırmayacaq".

Zavodun tikintisinin dayanacağı halda itiriləcək iş yerləri barədə suala isə Fadeyeva belə cavab verib: "Onda gəlin konfet fabriki açaq, suvenir, oyuncaq fabriki tikək".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG