Rumıniya prezidenti Klaus Yohannis Ukrayna pilotlarına ölkənin Feteşti şəhərindəki Avropa Təlim Mərkəzində F-16 təyyarələrində təlim verilməsinə razılıq verib.
Prezident habelə Finlandiyadan Ukraynaya daşınan hərbi yüklərin tranzitinə icazə verib.
İndi prezident qərarlarının parlament tərəfindən təsdiqlənməsi gözlənilir.
Bu yəqin ki, tezliklə baş verəcək, çünki parlamentdə Ukraynaya dəstək verən deputatlar çoxluq təşkil edir.
Yerli Digi24 kanalının mənbələri bildiriblər ki, Ukrayna pilotları mərkəzə bu yay gətiriləcək.
Feteşti bazası
Feteştidəki yeni təlim mərkəzi ötən ilin sonlarında açılıb. Burada artıq Rumıniya pilotlarına təlim keçilir.
Xəbər verilir ki, Ukrayna təyyarəçilərinin təliminə hələ ötən il Danimarka, Britaniya və ABŞ-da başlanıb.
Lakin The New York Times qəzeti adları çəkilməyən ABŞ, rəsmilərinə istinadla yazır ki, Ukrayna pilotlarının təlimində həlledici rolu məhz Rumıniyanın cənubundakı Feteşti bazası oynayacaq.
Burada F-16 pilotları döyüş şəraitinin simulyasiya ilə təlim keçirlər.
Bundan əvvəl xəbər verilirdi ki, bu yayadək Ukraynaya 6 ədəd F-16 təyyarəsi verilə bilər.
F-16-ları Ukraynaya kim verəcək
Ukrayna hökuməti ölkəyə Rusiyanın tammiqyaslı basqını başlanandan bəri Qərb müttəfiqlərindən hərbi yardım, o cümlədən F-16 qırıclarının verilməsini xahiş edir.
Hazırda Rusiya və Ukraynanın hərbi hava qüvvələri arasında böyük fərq var.
Ukrayna kifayət qədər aviasiya vasitələrinə malik deyil. Digər tərəfdən etibarlı hərbi aviasiya olmadan yerüstü hücum əməliyyatlarına dəstək vermək mümkün deyil.
Bir sıra NATO ölkələri Ukraynaya belə qırıcılardan verəcəklərini 2023-cü ildə elan ediblər.
F-16 ABŞ istehsalı dördüncü nəsil döyüş təyyarəsidir. Bu təyyarələrdən həm hücum, həm də hava məkanının müdafiəsi zamanı istifadə etmək mümkündür.
ABŞ özü təchizat prosesində iştirak etmir. Buna baxmayaraq Vaşinqton F-16 qırıcılarının başqa ölkələr tərəfindən Ukraynaya verilməsinə razılıq verib.
NATO-nun Avropada ən böyük hərbi bazası
Bu arada Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisinə başlanıb.
Burada alyansın 10 minədək hərbçisinin yerləşdirilməsi planlaşdırılıb.
Bu obyekt Konstansa qəzasındakı Mixail Koqelniçau adına 57-ci aviabazanın əsasında qurulur.
Bazanın təxminən 3 min hektar ərazisi var. 2.5 milyard dollar dəyərində olan bazanın layihəsində eniş-uçuş zolaqlarının salınması, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, habelə uşaq bağçaları, mağazalar və xəstəxana yaradılması nəzərdə tutulub.
Şərq cinahı gücləndirilir
Bundan əvvəl Rumıniya prezidenti ölkə parlamentinə göndərdiyi məktubda yazırdı ki, Rumıniyanın milli təhlükəsizliyinə hədə olduğu təqdirdə ölkə ərazisində 2024-cü ildə NATO qüvvələrinin yerləşdirilməsinə icazə verib.
ABŞ-ın Almaniyadan Rumıniyaya minədək hərbçi gətirəcəyinə dair məlumatlar hələ 2022-cü ilin yanvarından verilirdi.
Pentaqonda bunu müvəqqəti tədbir adlandırmışdılar. Elə o vaxt NATO komandanlığı bildirmişdi ki, Ukraynada yaranmış vəziyyətlə bağlı gəmi və təyyarələrini Şərqi Avropaya köçürür.
2022-ci ilin martında isə baş katib Yens Stoltenberq demişdi ki, alyans şərq qanadını genişləndirəcək, Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada dörd döyüş qrupu yerləşdirəcək.