Rumıniya hökuməti bildirib ki, ölkənin cənub-şərqində yerləşən Qalats şəhərində Rusiya dronu çoxmərtəbəli yaşayış binasına çırpılıb və iki nəfər yaralanıb.
Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq hüququn və ölkənin hava məkanının belə ciddi şəkildə pozulmasına cavab olaraq zəruri diplomatik addımlar atacaq. Nazirlik hadisəni "Rusiyanın ciddi və məsuliyyətsiz eskalasiyası" adlandırıb, NATO-dan Rumıniyaya antidron sistemlərinin verilməsini sürətləndirməyi xahiş edib.
Rumıniya hakimiyyətinin məlumatına görə, mayın 29-na keçən gecə Rusiyanın qonşu Ukraynaya endirdiyi zərbələr zamanı bir dron Qalats şəhərindəki 10-mərtəbəli yaşayış binasının damına düşərək partlayıb və yanğına səbəb olub.
Rumıniya fövqəladə hallar xidməti bildirib ki, dron binanın damına çırpılıb partladıqdan sonra 10-cu mərtəbədə yerləşən mənzildə yanğın başlayıb.
İki nəfərə hadisə yerində tibbi yardım göstərilib, 70 sakin isə təxliyə olunub.
NATO və Avropa İttifaqı (Aİ) üzvü olan Rumıniyanın Ukrayna ilə 650 kilometrlik quru sərhədi var. Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva Dunay çayı üzərindəki Ukrayna limanlarına hücumlara başlayandan bəri Rusiya dronları Rumıniya hava məkanını 28 dəfə pozub. Amma ilk dəfədir ki, dron sıx məskunlaşmış yaşayış zonasına düşərək xəsarətə səbəb olur.
Bu insidentin NATO-nun şərq cinahında gərginliyi artıracağı gözlənilir.
Rumıniya Müdafiə Nazirliyi mayın 29-da bildirib ki, hücumu izləmək üçün iki F-16 qırıcısı və hərbi helikopter havaya qaldırılıb. Pilotlara dronları vurmaq səlahiyyəti verilib.
Braila, Qalats və Tulça bölgələrinin sakinlərinə sığınacaqlara çəkilməklə bağlı xəbərdarlıq edilib.
Son həftələr Ukrayna dronları da Baltik ölkələrinin hava məkanına daxil olub. Bu insidentlər qarışıqlığa səbəb olub və Rusiya ilə bağlı gərginliyi artırıb.
NATO dronlara qarşı müdafiəni gücləndirəcəyini bildirir
NATO bütün təhdidlərə, o cümlədən dronlara qarşı müdafiəsini gücləndirəcəyini bildirib. Bu bəyanat Rusiyanın ötən gecə Ukraynaya hücumu zamanı bir dronun Rumıniyanın cənub-şərqindəki Qalats şəhərində 10-mərtəbəli yaşayış binasının damına düşməsindən sonra səslənib.
"Rusiyanın məsuliyyətsiz davranışını qınayırıq. NATO bütün təhdidlərə, o cümlədən dronlara qarşı müdafiəmizi gücləndirməyə davam edəcək", – NATO sözçüsü X sosial şəbəkəsindəki paylaşımında bildirib.