Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:52

Rumi poeziyasının islamdan 'təmizlənməsi'


Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Rumi

Rumi çox zaman ABŞ-da ən çox satılan şair adlandırılır. O, əsasən mistik, müqəddəs, sufi və aydınlanmış insan kimi tanınır. Maraqlıdır ki, o, həyatı boyu Quran və islamı öyrənmiş alim olsa da, Amerikada onu nadir hallarda müsəlman adlandırırlar.

«Quranın izahı»

Ruminin ömrünün sonuna yaxın yazdığı «Məsnəvi» altı kitabdan ibarət epik poemadır. 50 min sətirlik kitab fars dilində yazılıb. Ancaq kitabda ərəb dilində islami kitablardan gətirilmiş sitatlar da yer alıb. Kitab əxlaq dərslərini çoxsaylı Quran qissələri vasitəsilə oxucuya çatdırır. Bəzi alimlərin natamam hesab etdiyi bu əsər «fars Quranı» kimi tanınır. Merilend Universitetinin İran elmləri professoru Fatimə Keşavarz «The New Yorker» jurnalına müsahibəsində Ruminin Quranı əzbər bildiyi ehtimalı haqda danışıb. Rumi «Məsnəvi»ni «dinin (islamın) kökünün kökü» və «Quranın izahı» adlandırıb. Ancaq kitabın ABŞ-da bu qədər çox satılan versiyasında dinin izi çox azdır.

Mövlana Cəlaləddin Rumi XIII əsrin əvvəllərində bugünkü Əfqanıstanda, Bəlxdə doğulub. Onun ailəsi Orta Asiyanın monqollar tərəfindən işğalından sonra qərbə üz tutub, bugünkü Türkiyənin Konya şəhərində yerləşib. Onun din alimi olan atası Rumini sufiliklə tanış edib. Rumi ilahiyyat təhsilini Suriyada davam etdirib. Burada o, sünni islamın daha ənənəvi qanunlarını öyrənib. Sonradan Konyaya qayıdaraq mədrəsədə dərs deməyə başlayıb. Burada o, yaşlı səyyah Şəms Təbrizi ilə tanış olur. Təbrizi onun müəllimi olur. Bu iki şəxsiyyət arasındakı yaxın dostluq həm alimlər arasında dərin müzakirə mövzusudur, həm də bədii ədəbiyyatda, filmlərdə bu mövzuya çox müraciət olunur.

Şəms Təbrizinin Ruminin dini baxışlarına və poeziyasına təsiri çox böyükdür. Ruminin «Ruminin sirri» adlı bioqrafiyasında müəllif Bred Quç Şəmsin Rumini öz dini təhsilini sorğulamağa vadar etməsindən, onunla Quran ayələrini müzakirə etməsindən, Allahın birliyini anlamaqla ilahi sevgiyə çatmaq ideyasından söz açır. Rumi sufizmdən öyrəndiyi intuitiv Allah sevgisini sünni islamın qanunları və Şəmsdən öyrəndiyi mistik düşüncə ilə sintez edib.

Dini sevgi

F.Keşavarz deyir ki, Rumini müasirlərindən fərqləndirən də məhz bu qeyri-adi təsirlər çələngi idi. Buna baxmayaraq, kosmopolit Konyada Ruminin çox sayda izləyicisi var idi. Onların arasında sufilər, müsəlman ilahiyyatçılar, xristianlar, yəhudilər və hətta yerli sünni səlcuq hakimləri var idi.

«Ruminin sirri»ndə B.Quç Rumiyə təsir etmiş siyasi hadisələrin və dini təhsilin xronologiyasını verir. Bu kitabda da Ruminin müəyyən mənada onu yetişdirmiş amillərin fövqünə qalxması, bütün mütəşəkkil dindən kənara çıxan «dini sevgi» ideyasını ortaya qoymasından söz açılır.

Ancaq belə kitablarda hətta bu ideyaların da Ruminin islami baxışları vasitəsilə yarandığı faktı görməzdən gəlinir. Ratqer Universitetində erkən sufizmi öyrənən alim Cavid Mucaddedi deyir ki, Quran xristianları və yəhudiləri «əhli-kitab» kimi tanıdığı üçün universalizmə, bəşəriliyə başlanğıc nöqtəsi sayıla bilər: «Bu gün hər kəsin Rumidə görüb sevdiyi bəşərilik müsəlman kontekstindən qaynaqlanır».

Qərbdə Ruminin mətnlərindən islam izinin silinməsi yeni fenomen deyilmiş. Dyuk Universitetinin Yaxın Şərq və islam elmləri professoru Omid Safi deyir ki, Qərb oxucuları hələ viktorian dövründə (kraliça Viktoriyanın hakimiyyətdə olduğu dövr, XIX əsr – tərc.) mistik poeziyanı islam köklərindən ayırmağa başlayıblar. O dövrün tərcüməçi və ilahiyyatçıları əcaib qaydaları olan «səhra dini» haqda baxışlarını Rumi və Hafiz kimi şairlərin əsərləri ilə uyğunlaşdıra bilmirdilər. Safinin dediyinə görə, onlar bunu «bu şəxsiyyətlərin islama görə yox, ona rəğmən mistik olması» ilə izah ediblər. Bu o zamanlar idi ki, müsəlmanlar dini diskriminasiyada ittiham olunurdular. 1790-cı ildə çıxmış qanunla ABŞ-a gələn müsəlmanların sayına məhdudiyyət qoyulmuşdu. Bir əsr sonra isə ABŞ Ali Məhkəməsi müsəlman inancından olan insanların digər məzhəblərə, xüsusilə də xristianlara yüksək düşmənçilik münasibətindən söz açırdı.

1898-ci ildə «Məsnəvi»ni tərcümə etmiş ser Ceyms Redhaus kitabın ön sözündə yazırdı: «Məsnəvi» dünyanı tərk edərək Allahı tanımağa və onunla olmağa cəhd edənlərə, öz mənini silərək özlərini ruhani meditasiyaya həsr edənlərə xitab edir». Qərb insanı üçün Rumi və islam bir-birindən ayrı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG