Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:01

Filosofla sosial şəbəkələr, şərq fəlsəfəsi, müasir həyatın sürəti haqda söhbət


Filosof Müşfiq Ötgün.
Filosof Müşfiq Ötgün.

Azərbaycanın sosial mediyasındakı qızğın siyasi polemikalar, şüarçı və populist çıxışların arasında yeni və fərqli bir səs meydana çıxıb. Filosof Müşfiq Ötgün həm sosial şəbəkədə, həm də gerçək həyatda elmin, fəlsəfi fikrin təbliği ilə məşğul olur. O bu yaxınlarda şərq müdrikliyi haqda fundamental mətnlərdən olan Konfutsinin öyüdləri haqda bir kitab yazıb. Oxu Zalı filosofla modern texnologiyalar və şərq fəlsəfi təlimləri arasında azərbaycan cəmiyyəti haqda söhbətini təqdim edir.

– Müşfiq bəy, yenilikcə “Tanımadığınız Konfuitsi” kitabınız işıq üzü gördü. Bu kitabın yazılması hansı ehtiyacdan doğdu?

Konfutsi 2500 il əvvəl uzaq Çində yaşasa da, bizim sosial və mənəvi gerçəkliklərimiz barədə danışır və cəmiyyəti sağlamlaşdırmaq reseptlərini göstərirdi.

- Bilirsiniz, mən Şərq fəlsəfəsini çox sevirəm. Lakin Konfutsi ilə tanışlıq əslində 4 il əvvəl baş tutdu. Oxudum və gördüm ki, artıq onu anlayıram. Gəncliyimdən tanış idi idi mənə Lun Yü məntləri. Amma çox şey fəlsəfi qavrayışdan kənarda qalırdı. Bundan başqa müxtəlif fəlsəfi ədəbiyyat və mətnlərdə Çin fəlsəfəsi və Konfutsi barədə akademik hesab edilən standart qeydlər də, görünür mənə təsir edir və Konfutsiyə marağımı azaldırdı. Bir çox ustad hesab elədiyim Şərq filosoflarının da Konfutsiyə “soyuq” münasibəti əsas çəkindirən amillərdən idi. Amma oxudum və heç kimin tanımadığı Konfutsini sezməyə başladım. Mənim şüurumda yenilik yaratdı bu. Konfutsi 2500 il əvvəl uzaq Çində yaşasa da, bizim sosial və mənəvi gerçəkliklərimiz barədə danışır və cəmiyyəti sağlamlaşdırmaq reseptlərini göstərirdi. Bir qədər “atipik” Şərq filosofudur Konfutsi. Hind və müsəlman mistiklərindən fərqli olaraq, onda Yerlə Göy əlaqədədir. Ayıq filosofdur. Sosial həyata Göy İşığını gətirməyi bacardı. Onun opponentləri – daosistlər tərki-dünyalıqdan başqa ruhani həyat üçün yol görmədikləri halda, Konfutsi cəmiyyət həyatının da insaniliklə nizamlanmağın mümkünlüyünə inanırdı.

Müşfiq Ötgünün "Tanımadığımız Konfutsi" kitabı.
Müşfiq Ötgünün "Tanımadığımız Konfutsi" kitabı.

Konfutsi barədə danışmağa başladım. Gördüm ki, adamlara maraqlıdır. Düşündüm ki, kitab yazsam pis olmaz. Kitabın əsasında Konfutsinin söhbətləri toplanmış qədim Lun Yü mətni durur. Bu mətn ilk dəfədir Azərbaycan dilinə tərcümə olunur. Və onun üzərində yazılan interpretasiyalarda bütün bu zamana qədərki fəlsəfi təcrübəmi də ifadə etmək imkanı verdim özümə. Üç il işlədim üzərində, sevgi ilə. İndi oxucuların ixtiyarındadır.

– Azərbaycan cəmiyyəti və höküməti qonşuluğundakı Türkiyə və yaşadığı coğrafiyaya yaxın Suriya, İraq və digər ərəb ölkələrindəki dini çalxantıları görəndən sonra demək olar irrasioanl təlimlərin hamısına qarşı mühafizəkar olub, məsəlçün Azərbaycanda nə Oşo, nə Mövlanə, nə də Krişnaçılıq yayıla bilməyib, düşünürsünüz ki, Konfutsiçilik cəmiyyət tərəfindən fərqli qarşılanacaq?

- Məncə biz “malı mala qatırıq”. Mövlana (Cəlaləddin Rumi) poeziyası ən sevimli ədəbiyyatdır ədəbiyyat sevərlər arasında bu gün də. Əgər mövləviliyin sufi təriqəti olaraq bizdə yayılmasından gedirsə söhbət, elə bir cəhd barədə eşitməmişəm. Mərkəzləri Konyadadır, ənənəvi olaraq. Krişnaizm ayrıca dindir, hinduizmin bir təzahürüdür və Azərbaycanda rəsmi qeydiyyat əsasında fəaliyyətləri var. Məbədlərində ayinlərini gerçəkləşdirir və öz fəlsəfələrinə uyğun da həyat tərzi sürürlər. Bütün dinləri mənasız hesab edən Şərq filosofu Oşonun kitabları isə bütün dünyada populyar olduğu kimi bizdə populyardır. Fikirləri müzakirə olunur, bəyənənlər, bəyənməyənlər var. Bir fəlsəfə üçün bundan artıq nə olmalıdır ki?

Türkiyənin Konya şəhərində mövlanəçiliyin davamçılarının "Səma" adlanan ritual rəqsi.
Türkiyənin Konya şəhərində mövlanəçiliyin davamçılarının "Səma" adlanan ritual rəqsi.

Konfutsi bütün bunlardan xeyli fərqli hadisədir. Bu hadisə, “nəcib insanın” formalaşması və sağlam sosial idarəetmənin əsaslarından bəhs edir. Azərbaycan oxucusunun onunla tanış olmaq haqqı vardı. Hər yeni klassik fəlsəfi ədəbiyyatla tanışlıq ictimai fikrin öz gerçəkliklərinə yeni refleksiya imkanları yaradır, özünü dərkinin dərinləşməsinə xidmət edir. İnanıram ki, “Tanımadığımız Konfutsi” kitabı da buna xidmət edəcək.

Türkiyə, Suriya... burdakı problem birdir – islam fundamentalizmi ideyası ilə manipulyasiyalar. Bu, yeni fenomen deyil. Neçə əsrdir bu corğafiyada bu mövzudan qan tökülür. Lakin çıxış yolu da Şərq fəlsəfəsinin inkarı olmamalıdır. Əksinə, islam fəlsəfəsi hərərəfli müzakirə olunmalı, komparativistik mütaliələr keçirilməli, həqiqi intellektual mədəni mühiti bərpa etməliyik. Meydanda at oynadan qaraguruh bir zamanlar E. Miyanəçiləri, Ş. Y. Sührəverdiləri, Nəsimiləri öldürən, təqib edən həmən qaraguruhdur (təəccüb etmədim bu qaraguruh Hələbdə Nəsiminin qəbrini dağıdanda). Halbuki bir zamanlar müsəlman Şərqində antik filosofları oxuyar müqayisəli tədqiqatlar aparardılar. Nizamini xatırlayın. İslam mədəniyyətinin intibahı da o zaman idi. Azad tədqiqat ruhu vardı onda. Sonra “layihə” qapadıldı. Hamını “kafir” elan edib susdurdular. Bu – Şərq fəlsəfəsin qətli idi. Düşünmək yasaq oldu az qala. Hakim qaraguruh, titullaşdırılmış üləmalar necə düşünürsə, elə düşünməlisən, əks halda kafirsən, asılacaqsan... Müsəlman Şərqi belə bir bəlaya düşdü. İdrakı zora və çoxluğa tabe etdirdilər.

Halbuki, peyğəmbər: “Elm üçün Çinə belə gedin”- demişdi. İndi mən də Qədim Çinin elmi ilə tanış etmiş Azərbaycan oxucusunu.

Buna da bax: Osho, Krishnamurti, Əli Şəriəti... Bizə hansı yol göstərə bilər...

– Ümumiyyətlə sizin şərq fəlsəfəsinə daha dəqiq desək, Oşo-ya olan sevginiz bəzi kəsimlər tərəfindən xoş qarşılanmır. Belə deyək, “fəlsəfə” deyəndə daha çox Qərb filosoflarını nəzərdə tuturlar və sizin kimi dünyagörüşlü birinin Qərbin deyil də, Şərqin tərəfindən çıxış etməyinizi birmənalı qarşılamırlar. Oşo-ya isə “fırıldaqçı” deyənlər də az deyil. Sizcə bunun səbəbi nədir və onların haqlılıq və yanılma payı nə qədərdir?

- Bilirsiniz, az qala hələ bu yaxınlara qədər mənim sevdiyim və bəyəndiyim müəlliflərə qarşı kimsə mənfi, bəzən isə təhqir dolu münasibət bildirəndə əsəbiləşirdim. Amma sonra başqa şeyə fikir verməyə başladım. Bu rəy mənim münasibətimi dəyişirmi? Dəyişirsə, yaxşı. Dəyişmirsə, yenə yaxşı. İndi neytral yanaşıram. Hamı mənim fəlsəfi zövqümü paylaşmağa borclu deyil ki. Məsələn, adamlar var muğamı anlamaqda zorluq çəkirlər. Deyirlər ki, simfonik musiqi daha yüksəkdir. Və ya jazzdan yaxşısı yoxdur. Nə etmək olar? Şərq fəlsəfəsi gözəl bir qız kimidir. Onun gözəlliyini, hüsnünü görə bilməyən adama nə etməlidir ki, o qız? Heç nə. Gülümsəyə bilər, axırıncı şans kimi. Qızlar gülümsəyəndə daha gözəl olurlar.

Hind filosofu Osho-nun məbədində ritual rəqs.
Hind filosofu Osho-nun məbədində ritual rəqs.

Leylanı görmək üçün Məcnun gözü gərək. Şərq fəlsəfəsi Qərb fəlsəfəsi ilə eyni planlı hadisələr deyildir. Eləcə bu, ədəbiyyata da, incəsənətə də, muqisiyə də aiddir. Hər şeyimiz fərqlidir. Fərqlərdən əsəbləşmək lazım deyil. Eyni alətlərlə və eyni üsullarla fərqli meyvələri və xörəkləri yeyə bilmədiyimiz kimi Qərb fəlsəfəsini anladığınız idrak iqlimində Şərq fəlsəfəsinə də açar tapacağımıza naiv ümidlər bəsləyə bilmərik. Qərb fəlsəfəsi rasional konstruksiyalara verir gücünü. Şərq fəlsəfəsi bir neçə sözdə ekzistensial dərinlik yaratmağı bacarır. Sözlərə sığmayacaq məzmun okeanına tullayır insanı. Əvəzolunmaz intellektual-ruhani praktikaya dönüşür idrak aktı. İnsanı dəyişdirir. Qərb fəlsəfəsi isə daha çox dünyanı dəyişdirməkdə maraqlıdır.

Qərb fəlsəfəsi kosmosun sonsuzluğunu göstərməyə çalışırsa insana, Şərq fəlsəfəsi insan ürəyində kəşf etməyi öyrədir bu sonsuzluğu. Sonsuzluq dadı ilə dadlandırır həyatı. Balacada böyüyü, ibtidaidə ailini göstərir. Bunun nəyi pisdir? İnsan həyatının keyfiyyətinə təsir edir bu. Qərb və Şərqin yollarını qarşı-qarşıya qoymaq deyil, sintezləşdirmək lazımdır.

Oşoya gəldikdə isə... Tarixdə hansı dahi barədə eybəcər şeylər danışan ədəbiyyat olmadı ki! Kaftar xislətli ədəbiyyatdır o, işıqlı hadisələrin arxasınca sürünür, onun həyatverici izlərini məhv etməyə çalışır. Hətta Çaykovski, Eynşteyn, Çarli Çaplin... barədə də elə ədəbiyyat mövcuddur. “Ay özü yazmırdı”, “seksual manyak idi”, “o idi, bu idi”...İndi nə edək? Onları oxuyaq, yoxsa, o dahilərin əsərlərini?

Buna da bax: Ədəbiyyatda Post insana kim inanır? (Polemika)

Müşfiq Ötgünün "Mütaliə və kitab barədə" mühazirəsi.

– Müşfiq bəy, günümüzdə texnologiyaların bu qədər inkişaf etməsi, həyat sürətinin həddən artıq artması, insanların mənəvi çöküşlərinə və mənəvi böhranlara səbəb olur. Fəlsəfə bu böhranlardan çıxış yolu olaraq nəyi görür?

Əvvəl sevgililərin on ilə yaşadığı sevgi macərasını indiki qəhrəmanlar çox zaman bir həftəlik votsap yazışmasında tamamlaya bilirlər.

- Bəli, sürətin çoxalması müasir insanın düşüncələri və duyğularına səthilik, ötərilik gətirdi. Bunu aydın görmək olur. Bütün münasibətlər də sürətləndi sanki. Əvvəlki əsrlərdə insan hər hansı münasibətlərə ağır-ağır daxil olur və eyni dərəcədə ağırlıqla çıxırdı. Bir neçə əsr bundan əvvəlin sevgi romanlarını oxuyun. İl ərzində sevgililər 2-3 məktub ala bilirdilər. Daxili aləmin həyat ritmi başqa idi. Onların 10 ilə yaşadığı sevgi macərasını indiki qəhrəmanlar çox zaman bir həftəlik votsap yazışmasında tamamlaya bilirlər. Lakin bu təcrübə daha səthidir, çünki daha sürətli baş verir. Qəhrəman düz əməlli yaralana da bilmir sevgiylə. Təbii, sonra sağalma.sı da yalandan olur. Dərin, həqiqi yaşantılar azalır. Fəlsəfə üçün də bu çox əhəmiyyətlidir. Çünki həqiqət təcrübəsi çox dərin idraki-hissi yaşantı tələb edir. Orta əsr romanlarındakı sevgiyə bənzər. İnformasiya – hələ fəlsəfə deyil. İnformasiyalı adam da – filosof. Filosof – həqiqəti sevəndir, yunanları xatırlasaq.

İndi nə etməli, texnoloji inkişafa qarşı çıxmalıyıqmı? Bunu edən fundamentalistlər az deyil, bilirsiniz. Bu, mənasız yoldur.

Məncə bu fenomen dərk olunmaqdadır. Adamlar virtual həyatla real həyatın təmas nöqtələrində sosial fəallıqlar yaradacaqlar (real görüşlər, “telefonsuz günlər”və s.). İnsan indi iki şeydən çox əziyyət çəkir, mənəvi sağlamlığı baxımından: 1) tək qala bilmir, 2) real insani ünsiyyətdən məhrumdur. Bu ikibaşlı problemi ağıllı adamlar yoluna qoymağı öyrənəcəklər. Əks təqdirdə insan psixoloji tarazlığını itirə bilər.

– Son dövrlər elm və sənətin sanki bir mübarizəsi gedir. Elm tərəfdarları şeirə, ədəbiyyata qarşı əks mövqedən çıxışlar edirlər. Necə düşünürsünüz elm elə bir inkişaf mərhələsinə çata bilərmi ki, artıq orada sənətin yeri olmasın?

Müşfiq Otgün tələbələri ilə birlikdə.
Müşfiq Otgün tələbələri ilə birlikdə.

- Əslində bu “mübarizələrə” mən çox şadam. Bizim cəmiyyət bu diskussiyaları yaşamalıdır. Və bəlkə də hər nəsil bu və ya digər formada bu disskusiyalardan keçməlidir. Bizdə bu bir qədər də daha “amansız” olacaq. Çünki Şərq fəlsəfəsi sənətə, Qərb fəlsəfəsi isə elmə yaxındır. Mən sintez tərəfdarıyam, odur ki, “elm tərəfdarları” ilə problemim yoxdur. Amma onların mənimlə “problemləri” ola bilir. Narahatlıqlarını anlayıram. İstəyirlər Şərq öz ölü vəziyyətindən çıxsın, dəyişsin, inkişaf etmiş Qərbdən öyrənsin. Texnokratik və rasional dəyərlərdə xilas görürlər. Razıyam ki, bu iki cəhət bizdə inkişaf etdirilməlidir. Lakin sənət, ədəbiyyat, musiqi və fəlsəfə hesabına yox. Biz yaxşı həyatı ürəyimizi satıb almamalıyıq. Ürəyimizlə yaşamalıyıq o yeni ədalətli həyatda. Qərb filosofları da bu barədə narahatdırlar. Prinsipcə, müasir həyat ruhsuzlaşma istiqamətidə “irəliləyir”. Qısa desək, müasir insan səthiləşir, mənəvi ehtiyaclar hedonizm, ləzzətçilik səviyyəsinə endirilir. Sənət insanın insani sifətini yaşadır. Onu itirəndən sonra həyat nəyə lazımdır ki. Həyatmıdır o?

Buna da bax: Elm bütün dinlərin gələcəyidirmi?

Əvvəllər profil şəklinə romantik bir rəsm qoyan qadınlar, zamanla o rəsmləri öz real fotoları ilə əvəzləyirlər. İnsanın öz adı və öz sifəti ilə cəmiyyətə çıxmasını mən humanitar inkişaf hesab edirəm.

– Demək olar ki, hər gün bir ictimai şəxs sosial şəbəkə fonemeninə çevrilir. Təəssüf ki, bu fenomenlik heç də müsbət yöndə olmur. Müxtəlif qruplar arasında geniş polemikalar olur. Siz də sosial şəbəkələrdən sıx istifadə edirsiniz. Sosial şəbəkənin azərbaycan insanına təsiri necə görünür?

- Sosial şəbəkələr azərbaycanlılara böyük xeyir verməkdədir. Konservativ adamlar narahat ola bilərlər. Onlar həyatla addımlamaqdan həzz almırlar. İnsanlar danışmağa başlayıblar. Virtual Azərbaycanın real Azərbaycanla kontaktından gerçək həyatımız dəyişməyə başlayır. Özünü tanımaq, dərk etmək baxımından yeni imkanlar yaranıb. Özünü ifadə etmək üçün də. Məsələn, bir çox qadınların profil şəkillərinin dəyişmə dinamikasına fikir verin. Əvvəllər profil şəklinə romantik bir rəsm qoyan qadınlar, zamanla o rəsmləri öz real fotoları ilə əvəzləyirlər. İnsanın öz adı və öz sifəti ilə cəmiyyətə çıxmasını mən humanitar inkişaf hesab edirəm. Çox tabular yıxılmaqdadır sosial şəbəkələrdə və mən buna şadam. Cəmiyyət dinamika götürür.

Filosof Müşfiq Ötgün.
Filosof Müşfiq Ötgün.

İndi sensasiya, kiminsə bir günlük fenomenə çevrilməsi, bu da təbiidir. Sosial şəbəkələr hamını media işçisi statusuna soxmuş oldu. İndi hamı öz “divarında” baş redaktordur, baş yazardır. O da çalışır maraqlı hadisələrdən yazsın, fikir bildirsin. Hər kəs də populyarlığını yeniləmək istəyir. Məncə, nəticədə biz danışmaq və eşitmək öyrənəcəyik. Şəxsən mən sosial şəbəkələrdə son 5 ildə çox şey öyrəndim. İnsan olaraq da xeyil dəyişdim.

– Kitabınıza olan maraq sizi qane edirmi? Yoxsa, tez-tez təkrarlanan “Azərbaycanda kitab oxuyanlar” azdır sözlərini siz də təkrarlayırsınız?

- Yox, mən şikayətçi deyiləm. Əsas oxucularım sosial şəbəkədən məni izləyənlər, 25 illik müəllimlik praktikamın yadigarı olan keçmiş tələbələrimdir. Məncə, müəllif sənə maraqlı deyilsə, onun kitabı heç maraqlı olmur. Amma bizim halda Konfutsinin özünə maraq kifayət qədərdir. Fəlsəfə tarixinin ən önəmli simalarındandır Konfutsi. Kitaba görə narahat deyiləm. Əlimdən gələni etmişəm. O öz həyatını yaşayır artıq. Bu barədə çox danışmaq da mənə düşməz.

Azərbaycanda fəlsəfi ədəbiyyat oxuyanların auditoriyasını genişləndirmək də müəlliflərdən asılıdır. Keyfiyyətli əsərlər yeni oxucular yaradır.

Buna da bax: Elmi bütün insanlara sevdirməyə çalışan amerikalı alimin fərqli metodu

– Azərbaycanda bir neçə il əvvəl Təhsil naziri yeniləndi. Əslində, bu stuktur yenilənməsini özünü bir neçə il sonra göstərməli idi? Bəs, siz hazırda təhsilimizin vəziyyəti necədir?

- Yeni nazir müasir insandır, dünyada təhsilin hansı ssenarilərlə inkişaf etdiyindən xəbərsiz deyil. Lakin o da heç bir kardinal yenilik edə bilmədi. Çünki sistem olaraq heç nə dəyişmədi təhsildə. Hər şey əvvəllki və hətta sovet dövründəki kimidir, mənə görə. Mən indikator kimi təkcə rektor-müəllim, müəllim-tələbə münasibətlərini götürürəm. Akademik azadlıq auditoriyalarda müstəqil fikirli şəxsiyyət yetirmək üçün yetərli deyil. Bütün dəyişiklikləri böyük nitqlərlə əvəz etməyə, yola verməyə öyrəşmiş cəmiyyətik. Bu tilsimi qıra bilmirik biz hələlik. Ruh təzələnməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG