Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tez bir zamanda tərtib oluna bilər.
Bunu dekabrın 29-da RIA Novosti agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Rudenko xatırladıb ki, noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məşvərət dəstəyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər:
"Ondan çıxış edirik ki, bu, tez bir zamanda baş verəcək. Bu razılaşmanın həyata keçirilməsi yolunda ən yüksək səviyyədə heç bir keçilməz maneə görmürük”.
Rusiya nazirinin müavini qeyd edib ki, Rusiya ötən may ayında Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginliyin artdığı vaxtlardan vasitəçi kimi çıxış edib və Azərbaycan və Ermənistan arasında müvafiq danışıqlar prosesinin işə salınmasında öz köməyini təklif edib:
"Qeyd etməliyəm ki, sözü gedən insidentlərin Rusiya sülhməramlılarının məsuliyyəti zonasına birbaşa aidiyyəti yoxdur. Bu problem sovet vaxtlarından miras qalıb və iki ölkə arasında dövlət sərhədinin lazımi beynəlxalq-hüquqi əsasının olmamasından irəli gəlib”.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında illərlə sürən gərginliklər olub.
Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb.Daha sonra onların arasında sialhlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Amma tərəflər tez-tez atəşkəsin pozulduğunu bildirir və buna görə bir-birlərini günahlandırırlar.