Azərbaycan bugün, dekabrın 29-da Ermənistanın 5 hərbi qulluqçusunu da bu ölkəyə qaytarıb.
Bu barədə məlumatı da Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.
Məlumatda qeyd edilir ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər şəxsi Ermənistan tərəfinə təhvil verib.
Bəyanatda deyilir ki, həmin şəxslər bu il noyabrın 16-da “Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdikləri təxribatın qarşısı alınarkən” saxlanılan hərbi qulluqçulardır:
"Qeyd olunan 5 nəfər… 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçatryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir".
Bir mülki də erməni tərəfinə verilib
Komissiya bugün, dekabrın 29-da bir erməni əsilli mülki şəxsin də ölkəsinə qaytarıldığını açıqlamışdı. Onun isə yolunu azdığı bildirilirdi.
Azərbaycan bundan əvvəl də, bu il noyabrın 16-da saxlanan Ermənistan hərbi qulluqçularından bir qisminin ölkəsinə qaytarıldığını açıqlamışdı. Rəsmilər həmin vaxt ümümilikdə 30 civarında hərbi qulluqçunun saxlandığını bildirib.
Azərbaycan prezidenti bir müddət əvvəl isə vurğulayıb ki, ötən il 10 noyabr bəyanatının imzalanmasından sonra ümumilikdə Ermənistana 100-dən çox şəxs qaytarıblar.
Həmin bəyanatdan sonra Azərbaycanın saxladığı Ermənistan hərbi qulluqçuları uzun müddət iki ölkə arasında mübahisələrə səbəb olmuşdu.
Ermənistan onları da hərbi əsir sayir və qaytarılmasını istəyirdi. Azərbaycanın rəsmi qurumları isə onları hərbi əsir yox təxribatçı sayırdılar. Hərçənd, onların bir çoxunun sonradan işğaldan azad edilən rayonlara aid mina xəritələri əvəzində geri qaytarıldığı bildirildi.
Sonradan Azərbaycan rəsmiləri həmin xəritələrin də reallığı qismən əks etdirdiyini vurğuladı.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında illərlə sürən gərginliklər olub.
Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb.Daha sonra onların arasında sialhlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Amma tərəflər tez-tez atəşkəsin pozulduğunu bildirir və buna görə bir-birlərini günahlandırırlar.