Keçid linkləri

2026, 17 Oktyabr, şənbə, Bakı vaxtı 01:53

Rubio Orta Asiyaya gedir: ABŞ regionda daha böyük rol oynamaq istəyir

ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiyanın "C5+1" formatına daxil olan ölkələrin liderləri ilə şam yeməyində. 2025
ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiyanın "C5+1" formatına daxil olan ölkələrin liderləri ilə şam yeməyində. 2025

ABŞ dövlət katibi Marko Rubio bu həftəsonu Özbəkistana səfər edərək Orta Asiyanın beş ölkəsinin təmsilçiləri ilə danışıqlar aparacaq.

Rubio oktyabrın 17-20-də Səmərqənddə keçiriləcək C5+1 formatlı nazirlər görüşünə qatılacaq. Bu formatda ABŞ ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təmsil olunur.

Rubio beş ölkənin yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Onun rəhbərlik edəcəyi nümayəndə heyətinə 200-dən çox biznes rəhbəri daxildir.

Bu səfər ABŞ-nin Orta Asiyanın kritik minerallarına, enerji resurslarına və nəqliyyat dəhlizlərinə marağının artması fonunda baş verir. Region ölkələri isə tərəfdaşlarını şaxələndirməyə və ənənəvi güclərdən asılılıqlarını azaltmağa çalışırlar.

Hudson İnstitutunun baş elmi əməkdaşı Ken Moriyasu AzadlıqRadiosuna bildirib ki, Orta Asiya ölkələri əslində Rusiyanın dominantlığını Çinin dominantlığı ilə əvəz etmək istəmirlər.

Ukraynaya qarşı təcavüzkar müharibənin Moskvanın diqqətini və resurslarını başqa istiqamətə yönəltdiyi bir vaxtda, digər güclərin Orta Asiya ilə əlaqələrini dərinləşdirməsi üçün yeni imkanlar yaranıb.

Bu arada Çin "Bir kəmər, bir yol" layihəsi vasitəsilə regiondakı mövcudluğunu genişləndirib.

"Tramp administrasiyası öz maraqlarına, Amerikanın maraqlarına və Çinlə qlobal rəqabətə ciddi şəkildə fokuslanıb", – deyə Atlantik Şuranın ştatdankənar baş elmi əməkdaşı Ariel Koen vurğulayır.

Təhlilçinin sözlərinə görə, Çin regionun əsas iqtisadi tərəfdaşıdır, Rusiyanın isə təhlükəsizlik sahəsində çoxsaylı əlaqələri var. Bununla belə, ABŞ bu regiondan geri çəkilmir və onu tərk etmək niyyətində deyil.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu təhlilçilərə istinadən yazır ki, 200-dən çox biznes rəhbərinin Özbəkistana səfəri administrasiyanın kommersiya diplomatiyasına verdiyi önəmi göstərir. Vaşinqton əlaqələrin genişlənməsinin müxtəlif sektorlarda investisiya və biznes razılaşmalarına yol açacağına ümid edir.

Azərbaycan və Orta Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü
Azərbaycan və Orta Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü

ABŞ Azərbaycanı da C5+1 formatına daxil etsəydi…

Respublikaçı senator Stiv Deyns AzadlıqRadiosuna bildirib ki, Vaşinqton Orta Asiya ölkələri ilə tərəfdaşlığı genişləndirmək üçün sovet dövründən qalmış, köhnəlmiş Cekson-Venik ticarət məhdudiyyətlərini aradan qaldırmalıdır. Bu qanun indiki və keçmiş qeyri-bazar iqtisadiyyatlı ölkələrin qarşısına normal ticarət əlaqələri üçün mühacirət azadlığı ilə bağlı müəyyən şərtlər qoyur.

Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, Orta Asiya-Qafqaz İnstitutunun proqramlar direktoru Laura Lindermana görə, Rubionun C5+1 görüşündə iştirakı artıq özlüyündə müsbət hadisədir. Onun sözlərinə görə, formata Azərbaycanın da daxil edilməsi və beləliklə C6+1 çərçivəsinin yaradılması əməkdaşlığı daha iddialı səviyyəyə qaldıra bilər.

"ABŞ formatı C6+1-ə qədər genişləndirərək Azərbaycanı da bura daxil etsəydi, bu tədbir daha böyük uğur sayılardı", – deyə Linderman AzadlıqRadiosuna bildirib.

Azərbaycan artıq gələn ildən Mərkəzi Asiya ölkələri ilə birgə yer aldığı C6 platformasına sədrliyi öz üzərinə götürəcək. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən regional sammitdə rəsmi Bakının bu birliyə tamhüquqlu üzv qəbul edilməsi ilə əvvəlki C5 formatı "altılıq" mexanizminə çevrilib.

Rubio Özbəkistandan sonra Hindistanın Mumbay və Camnaqar şəhərlərinə səfər edəcək. Bu, onun bu il Hindistana ikinci rəsmi səfəri olacaq.

​
XS
SM
MD
LG