Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Dünya xəbərləri

Romanovlara məxsus zinət əşyaları hərraca çıxarılır

Sotbi hərracı
Sotbi hərracı

Yaqut və brilyant işləməli bəzək sancağı və sırğaların 1900-cü ilə aid olduğu deyilir

Rusiyanın Romanovlar imperiya sülaləsinə məxsus zinət əşyaları noyabrın 10-da Sotbi hərracına çıxarılacaq. Bu zinət əşyalarını 1917-ci il inqilabı vaxtı Rusiyadan çıxarıldığı bildirilir.

Hərrac İsveçrə paytaxtı Cenevrədə keçiriləcək.

Yaqut və brilyant işləməli bəzək sancağı (broşka) və sırğaların 1900-cü ilə aid olduğu deyilir.

Əşyalar Rusiya çarı II Nikolayın xalası, Böyük Hersoginya Mariya Pavlovnaya aiddir. Hərrac evi onların dəyərinin 307 min – 526 min dollar arasında dəyişdiyini bildirir.

Zinət əşyalarını Londona Pavlovnanın dostu, britaniyalı incəsənət alverçisi və diplomatik kuryer aparıb. Qadının ona inanaraq zinət əşyalarını saxlamağa verdiyi deyilir.

Pavlovna II Aleksandrın oğlu, Böyük Hersoq Vladimirin həyat yoldaşı olub. “Onun fantastik zinət əşyaları kolleksiya vardı”, – Sotbinin Cenevrə ofisinin satış üzrə rəhbəri və cəvahirat eksperti Olivier Vaqner “Reuters”ə deyib.

1919-cu ildə, Bolşevik qüvvələrinin irəliləməsi səbəbindən Rusiyadan qaçan Pavlovna 1920-ci ildə Fransada vəfat edib.

Broşka və sırğaları 2009-cu ildə hərracda almış avropalı ailə satışa çıxarır.

Bütün xəbərləri izləyin

Ermənistan Solovyova görə Rusiyaya nota verib

Sergey Kopırkin
Sergey Kopırkin

Yanvarın 12-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Ona rusiyalı aparıcı və şərhçi Vladimir Solovyovun bəyanatları ilə bağlı "dərin" narazılığı bildirən etiraz notası təqdim edilib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla xəbər yayıb.

Badalyanın sözlərinə görə, "notada vurğulanıb ki, bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilə, düşməncəsinə ifadədir, Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur".

Kremlin tanınmış təbliğatçılarından olan V.Solovyov özünün müəllif proqramında deyib ki, "Ermənistanı itirmək Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüququ nəzərə almadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir dairəsinə daxil olan ərazilərdə xüsusi hərbi əməliyyatlar aparmalıdır".

Moskva Ukraynada dörd ilə yaxındır apardığı təcavüzkar müharibəyə "xüsusi hərbi əməliyyat" deyir.

2024-cü ilin martında Ermənistan Solovyovun "RTR Planeta" kanalında yayımlanan müəllif proqramlarının translyasiyasını bloklayıb. Buna Solovyovun müəllif proqramında bir neçə dəfə Ermənistanın və onun rəhbərliyinin adını çəkərək təhqiramiz ifadələrdən istifadəsi səbəb olmuşdu.

Gürcüstanın keçmiş baş nazirinə 5 il həbs və cərimə kəsildi

İrakli Qaribaşvili Tbilisi məhkəməsində
İrakli Qaribaşvili Tbilisi məhkəməsində

Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlandığını açıqlayıb. Qurum bildirilir ki, ona cəza növü olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qaribaşvili xüsusilə külli miqdarda gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, əlavə cəza olaraq 1 milyon lari (təxminən 370 min ABŞ dolları) məbləğində cərimə ödəməlidir. Bundan başqa, "cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində axtarış zamanı götürülmüş" pul vəsaiti dövlətin xeyrinə müsadirə olunacaq.

Prokurorluq İ.Qaribaşvilinin törətdiyi cinayəti etiraf etdiyini, prosessual razılaşmanın şərtləri ilə razılaşdığını bildirir. Bu razılaşma bağlanmasaydı, Qaribaşvilini 9 ildən 12 ilədək həbs cəzası gözləyirdi.

Vəkili keçmiş baş nazirin artıq penitensiar müəssisəyə köçürüldüyünü açıqlayıb.

Daha öncə açıqlanan rəsmi bilgiyə görə, Qaribaşvili dövlət vəzifəsində olduğu dövrdə "gizli və ört-basdır edilmiş şəkildə" müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olub, qeyri-qanuni mənşəli xüsusilə külli miqdarda gəlirlər əldə edib, əmlak vəziyyəti barədə bəyannamələrdə düzgün olmayan məlumatlar göstərib.

2025-ci il oktyabrın 17-də Qaribaşvilinin mənzilində axtarış zamanı 6.5 milyon ABŞ dolları aşkarlanaraq götürülüb.

Oktyabrın 24-də məhkəmə onun barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib və girov daşınmaz əmlakla təmin olunub. Onun ölkədən çıxışına da qadağa qoyulub.

İ.Qaribaşvili Gürcüstan hökumətinə iki dəfə rəhbərlik edib, milyarder Bidzina İvanişvilinin ən yaxın silahdaşlarından biri olub. 2024-cü ilin aprelində ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasətdən tam getdiyini elan edib.

Səmərqənddə müəllim Məhəmməd peyğəmbəri təhqir etmək ittihamı ilə 12 sutka həbs olunub

Həbs
Həbs

Özbəkistanın Səmərqənd vilayətində müəllim dini ədavəti təbliğ edən materialların yayılması maddəsi ilə 12 sutkalıq həbs edilib. Bu barədə "Gazeta" məhkəmə qərarına istinadla xəbər verir.

21 yaşlı müəllimə qarşı iş açılmasına onun ötən il dekabrın 30-da Telegram kanalında Məhəmməd peyğəmbər haqqında yazdığı şərh səbəb olub. Yanvarın 7-də sosial şəbəkələrdə şərhin skrinşotları yayılıb, "Şoxruxbek" istifadəçisinin "peyğəmbəri təhqir etməsinə görə" məsuliyyətə cəlb olunmasına çağırış səslənib.

Yanvarın 9-da daxili işlər orqanlarının əməkdaşları müəllimin telefonuna giriş əldə edərək şərhi onun yazdığını müəyyən ediblər. Həmin gün məhkəmə keçirildiyi və müəllimin təqsirini etiraf etdiyi bildirilir.

Məhkəmə onun telefonunun məhv edilməsi və "hüquq pozuntusunun davam etməsini önləmək" məqsədilə öz hesabından istifadənin məhdudlaşdırılması barədə qərar çıxarıb. Üstəlik, onu həbsdə saxlanılmasına görə 741.6 min sum (61 dollar) ödəniş etməyə məcbur ediblər.

Tramp Qrenlandiyanın müdafiəsi barədə: 'İki it xizəyidir'

Danimarka Hərbi Dəniz Qüvvələrinin "Sirius" bölməsinin itləri
Danimarka Hərbi Dəniz Qüvvələrinin "Sirius" bölməsinin itləri

ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur.

"Əslində, onların müdafiəsi iki it xizəyindən ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it xizəyindən", – Tramp jurnalistlərə deyib.

Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.

Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu Rusiya və ya Çin edəcək. "Prezident olduğum müddətdə bu, baş verməyəcək", –Tramp deyib.

Tramp bundan öncə də ABŞ-nin Danimarka Krallığına məxsus muxtar ada üzərində nəzarətinin qurulmasının zəruriliyini Rusiyadan, Çindən gələn təhdidlərlə əsaslandırıb. "The Financial Times" isə Şimali Avropa ölkələri diplomatlarının Trampın Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib etdiyini yazır.

ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir. Bu bölmə XX əsrin ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti aparır.

ABŞ Venesuela neftinin satışından gəlirləri dondurub. Kubaya çağırış

Venesuela sahilləri yaxınlığında neft tankeri
Venesuela sahilləri yaxınlığında neft tankeri

ABŞ prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan gəlirlərin Maliyyə Nazirliyinin hesablarında saxlanılan hissəsinin məhkəmə yolu ilə həbsini, müsadirəsini və ya tutulmasını bloklayan sərəncam imzalayıb. Sənəd bu vəsaitlərlə xüsusi icazə olmadan istənilən əməliyyatı qadağan edir.

Ağ ev bildirib ki, bu gəlirlər Venesuelanın mülkiyyətidir, ABŞ hakimiyyətinin idarəçiliyində saxlanılır. Onların kreditorlar və fiziki şəxslərin iddiaları əsasında müsadirəsini önləmək üçün isə qorunması zəruridir.

Vaşinqton sərəncamın "Amerika və Venesuela xalqlarının rifahı naminə" imzalandığını bildirir. Bundan öncə isə Venesuelanın neft resursları üzərində ABŞ-nin nəzarətinin gücləndirilməsinə yönəlik bəzi addımlar atılıb. Yanvarın 3-də ölkə lideri Nikolas Maduro ələ keçirilib, Venesuelada neft hasilatı və ixracına ABŞ nəzarət etməyə başlayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, artıq bu həftə Vaşinqton Venesuelaya bəzi sanksiyaları ləğv edə bilər. Məqsəd neft satışını asanlaşdırmaq, ölkənin iqtisadi bərpasını dəstəkləməkdir. Bessent Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə onların Venesuela iqtisadiyyatının bərpasında iştirak imkanlarını müzakirə edəcəyini deyib.

Prezident Tramp isə "Truth Social" sosial şəbəkəsində yazıb ki, Kuba artıq Venesueladan pul və neft almayacaq. Onun sözlərinə görə, Kuba Venesueladan gələn vəsait və neft hesabına yaşayırdı.

"Əvəzində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərirdi, amma bu, artıq olmayacaq! Keçən həftə ABŞ-nin hücumunda bu kubalıların əksəriyyəti həlak oldu. Venesuelanı artıq onu illərlə girov saxlayan quldurlardan və reketçilərdən qorunmağa ehtiyacı yoxdur. İndi Venesuelanın onu qoruyacaq ABŞ kimi, dünyada ən güclü orduya (böyük fərqlə!) malik müttəfiqi var və biz onu qoruyacağıq. Kubaya daha nə neft, nə də pul veriləcək – olmayacaq!", – Tramp yazıb.

ABŞ prezidenti həmçinin Havanaya "nə qədər gec deyil", ABŞ ilə razılaşma bağlamağı tövsiyə edib.

Tramp dövlət katibi Marko Rubionu Kuba prezidenti etmək ideyasını bəyəndiyini də yazıb.

ABŞ Suriyada 'İslam Dövləti'nin obyektlərini vurub

F-15E qırıcı-bombardmançısı
F-15E qırıcı-bombardmançısı

ABŞ müttəfiqləri ilə birgə Suriyada terrorçu "İslam Dövləti" (İŞİD) qruplaşmasının obyektlərinə genişmiqyaslı zərbələr endirib. Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.

Prezident Donald Tramp zərbələrin endirilməsi haqda yanvarın 10-da göstəriş verib. Komandanlıq bildirir ki, hücum dekabrın 13-də cihadçıların Palmira şəhərində Suriya-ABŞ birgə patruluna hücumuna cavab olaraq başladılan "Şahin zərbəsi" əməliyyatı çərçivəsində gerçəkləşdirilib. Həmin hücumda üç amerikalı – iki hərbçi və bir mülki tərcüməçi həlak olub.

Əməliyyat zamanı ABŞ hərbçiləri və onların müttəfiqləri 35-dən çox hədəfə 90-dan artıq yüksəkdəqiqlikli döyüş sursatı buraxıblar. "CBS News"un məlumatına görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib. Zərbələrin dəqiq harada endirildiyi hələlik açıqlanmayıb. İtkilər haqda məlumat verilməyib.

İŞİD 2019-cu ilədək İraq və Suriyanın bir hissəsinə nəzarət edib. O vaxtdan Qərb ölkələri qruplaşmanın yenidən dirçəlməsini önləmək üçün bölgədə müşahidə və kəşfiyyat fəaliyyətlərini davam etdirirlər. BMT hazırda İŞİD-in İraq və Suriyada 5 mindən 7 minədək üzvü olduğunu bildirir.

2025-ci ilin noyabrında Suriya ABŞ-nin rəhbərlik etdiyi İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulub, onun 90-cı üzvü olub.

2025-ci ilin dekabrında Pentaqonun rəhbəri Pit Heqset "intiqam əməliyyatı"nın başladığını elan edib. Bu əməliyyat çərçivəsində ABŞ hərbçiləri Suriyada İŞİD-in onlarla obyektinə zərbələr endiriblər. Yanvarın 4-də Böyük Britaniya və Fransa "İslam Dövləti"nin Palmira yaxınlığında silah anbarını vurub.

İsrailin zərbələrindən Qəzzada 11 nəfər həlak olub

İsrailin Qəzza zolağının mərkəzindəki binaya hücumu.
İsrailin Qəzza zolağının mərkəzindəki binaya hücumu.

Yanvarın 8-də İsrailin zərbələrindən Qəzza zolağında azı 11 fələstinlinin həlak olduğu bildirilir. Ordu anklavdakı silahlıların uğursuz raket buraxmasına cavab verdiyini açıqlayıb.

Qəzzanın müxtəlif yerlərinə zərbələrdə yaralananlar da var.

İsrail ordusu HƏMAS-ın bir neçə silahlısını, raket buraxılan yerləri, "terror" infrastrukturunu hədəf aldığını bildirib. Buna Qəzza şəhərindən İsrailə doğru raket atılmasının səbəb olduğu deyilir. Ordunun bildirdiyinə görə, raket Qəzzada xəstəxanaya düşüb. İsrail HƏMAS-ı atəşkəsi pozmaqda suçlayıb.

ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyır.

Oktyabrda tərəflərin əldə etdiyi atəşkəs birinci mərhələdən irəli gedə bilməyib. Böyük döyüşlər dayanıb, İsrail Qəzzanın yarıdan az hissəsindən çəkilib, HƏMAS isə fələstinli məhbusların əvəzində girovları qaytarıb.

ABŞ prezidenti Donald Trampın planına HƏMAS-ın tərksilahı, İsrailin daha da geri çəkilməsi, beynəlxalq qüvvələrin yerləşdirilməsi və Qəzzanın bərpası daxildir.

Rusiya Ukraynaya 'Oreşnik' ilə zərbə endirdiyini bildirir [Video]

Lvova raket hücumu
Lvova raket hücumu

Rusiya Silahlı Qüvvələri Ukraynada kritik obyektlərə "Oreşnik" mobil ortamənzilli raket kompleksi və dronlar ilə kütləvi zərbə endirdiyini bildirir. Müdafiə Nazirliyi Telegram kanalında bunun ötən il dekabrın 29-da Novqorodda prezident Vladimir Putinin iqamətgahına "Kiyev rejiminin terror aktına cavab" olduğunu yazıb.

Nazirlik zərbənin məqsədlərinə çatdığını bildirib: "Terror aktı zamanı istifadə edilmiş dronların istehsalı ilə məşğul olan obyektlər, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektləri məhv edilib".

Kiyev Putinin iqamətgahına hücumla bağlı Kremlin iddialarını rədd edib. ABŞ prezidenti Donald Tramp əvvəlcə Rusiyanın iddialarını qəbul edə biləcəyinə eyham vurub. Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) belə bir hücumun olmadığını müəyyən edəndən sonra o, Kiyevin tərəfini tutub.

"Bu zərbənin baş verdiyinə inanmıram. Yaxınlıqda nəsə baş verib, amma bununla əlaqəsi olmayıb", – o, yanvarın 4-də deyib.

Rusiyanın Kiyevə dron hücumunda dörd nəfər həlak olub

Yanvarın 9-da səhər Rusiya dronları Kiyevə hücum edib, 4 nəfər həlak olub, azı 19 nəfər yaralanıb. Yaşayış binaları və infrastruktura ciddi ziyan vurub.

Kiyevin meri Vitali Kliçko Telegram-da yazıb ki, ölənlərdən biri təcili tibbi yardım əməkdaşı olub. Eyni briqadadan olan dörd nəfər də yaralanıb.

Bir dron ticarət mərkəzində yanğın törədib, digəri tibb ocağının yaxınlığına düşüb. Rəsmilər bir neçə rayonda yanğınların baş verdiyini qeyd ediblər.

Paytaxtda beş saat ərzində hava həyəcanı verilib.

Cümə günü Ukraynanın qərbi Lvov vilayətində bir infrastruktur obyekti də Rusiyanın hücumuna məruz qalıb.

Rusiyalı jurnalist Fransada ölü tapılıb

Ambulans
Ambulans

Yanvarın 6-sı səhər saatlarında Fransada 38 yaşlı rusiyalı jurnalistin meyiti tapılıb. Bu barədə "Le Parisien" və "Le Figaro" polisdəki mənbələrə istinadla məlumat yayıb.

Jurnalistin yeddinci mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığı bildirilir. Polis onun mənzilində pəncərənin yanında qoyulmuş stul, zibil qutusunda isə dərmanlar aşkarlayıb. Bundan əlavə, mənzildə rusca məktublar da tapılıb.

"Le Parisien" yazır ki, hazırkı mərhələdə əsas versiya intihardır, ancaq "qurbanın ölüm şəraiti suallar yaradır". "Le Figaro" onun Rusiyanın təhdidlərinə məruz qalması ehtimalından yazır.

Fransa mediası jurnalistin adını açıqlamır. Jurnalist Denis Balaşovun yazdığına görə, həlak olan jurnalist Yevgeni Safronovdur. O, Safronovun Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Rusiyanı tərk etdiyini yazıb. Hakimiyyət çalışdığı media orqanını "xarici agent" kimi tanıyıb. "Altı ay öncə o, Parisə köçüb, burada məskunlaşmağa çalışırdı. Depressiyada idi. Düz bir həftə əvvəl telefonlarının, sosial şəbəkələrinin, messencerlərinin, "Qosusluqi"dəki hesabının sındırıldığını demişdi, bu da onu özündən tamamilə çıxarmışdı", –Balaşov qeyd edib.

Hüquqşünas Dmitri Zaxvatov Y.Safronovun ona vida məktubu göndərdiyini, bunu jurnalistin ölümündən sonra oxuduğunu bildirib. "Son həftələr Yevgeni öz durumu ilə mübarizə aparmağa çalışırdı, lakin bunu bacarmırdı. Ətrafındakı insanlar, mən faciənin qarşısını ala bilmədik", – o, Telegram kanalında yazıb.

Safronovun yaşadığı mənzildə onun qonşusu da olub. Medianın yazdığına görə, həmin şəxs şok vəziyyətində olub və yalnız russa danışıb deyə, polis onu dərhal dindirə bilməyib. Qonşu polisin müşayiəti ilə xəstəxanaya aparılıb.

38 ölkənin vətəndaşları ABŞ-yə turizm vizası üçün 15 min dollaradək depozit ödəməli olacaq

H1B vizası üçün ərizə forması
H1B vizası üçün ərizə forması

ABŞ Dövlət Departamenti turist və ya işgüzar vizalar (B-1/B-2) üçün depozit ödəməli olan ölkələrin siyahısını genişləndirib.

Yanvarın 6-da siyahıya 25 ölkə əlavə edilib. Onların sırasında Əlcəzair, Anqola, Fici, Banqladeş, Kuba, Nigeriya, Nepal, Venesuela, Qırğızıstan Tacikistan var. Yeni tələblər yanvarın 21-dən qüvvəyə minəcək.

Türkmənistan 38 ölkənin olduğu siyahıya daha öncə salınmışdı.

Bu ölkələrin vətəndaşları 5 min, 10 min və ya 15 min ABŞ dolları depozit ödəməlidirlər. Məbləğ vizanın alınması üçün müsahibə zamanı müəyyən edilir. Amma depozit vizanın verilməsinə zəmanət demək deyil, viza tələblərinə əməl olunduğu halda, yaxud viza verilmədikdə depozit geri qaytarılacaq.

Viza alan şəxslər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil olub çıxmalıdırlar: Loqan hava limanı (Boston), Kennedi hava limanı (Nyu-York) və Dalles hava limanı (Vaşinqton). Bu tələbin yerinə yetirilməməsi ölkəyə girişdən imtinaya, çıxışın lazımi qaydada qeydə alınmamasına səbəb ola bilər.

Viza sahibi viza öhdəliklərini pozarsa, pozuntunun olub-olmadığını ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) müəyyən edəcək.

ABŞ 2025-ci ilin avqustunda depozit qarşılığında giriş vizalarının verilməsi üzrə pilot proqramı işə salıb. ABŞ hakimiyyət orqanlarının mövqeyinə görə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez aşırlar.

Tramp administrasiyasının 'Green Card' yoxlamaları Azərbaycana da şamil ediləcək?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Erməni xizəkçi kostyumundakı 'Azərbaycan' sözünü örtdüyünə görə cərimələnib

Mikael Mikaelyan
Mikael Mikaelyan

Erməni xizəkçi Mikael Mikaelyan idman kostyumunun sinəsində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib. Hadisə dekabrın sonunda İtaliyada "Tour de Ski" yarışmasında baş verib. Ermənistanın Xizək Federasiyası Mikaelyanı müdafiə edib, onun cəriməsini ödəməyi təklif edib.

"İdmana siyasətdən ayrı baxa bilmərəm, vətənimə təcavüzə meylli ölkənin adını örtmədən yarışa biıməzdim", – Mikaelyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Mikaelyan Azərbaycanla Ermənistan arasında müharibənin yenidən qızışmayacağına ümidini bildirsə də, sülh danışıqlarında durumun aydın olmadığını deyib, gələcək yarışlarda da belə davranacağını əlavə edib.

Dediyinə görə, kostyumu ona yarışa iki saat qalmış veriblər və o da "Azərbaycan" sözünün üstünü örtmək qərarına gəlib.

Yarışdan sonra jüri Mikaelyanı çağırıb, ona sanksiyanın səbəbi izah olunub.

"OC Media" yazır ki, cərimənin məbləği hələlik bəlli deyil. Ermənistanın Xizək Federasiyası onu ödəməyə hazır olduğunu bildirib.

Azərbaycan beş illik tərəfdaşlıq sazişi çərçivəsində İtaliyada keçirilən turnirin sponsorudur.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Dekabrda Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərilib. Ondan öncə isə Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan buğda daşınıb.

ABŞ senatoru: Tramp Rusiyayla bağlı sanksiyalar layihəsinə 'yaşıl işıq' yandırır

Lindsi Qrem
Lindsi Qrem

ABŞ-nin Rusiyaya qarşı sanksiyalar layihəsi gələn həftə Konqresdə səsverməyə çıxarıla bilər. Bunu respublikaçı senator Lindsi Qrem yanvarın 7-də bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp çərşənbə günü onunla görüşdən sonra qanun layihəsinə "yaşıl işıq" yandırıb. Hər iki partiyanın dəstəklədiyi layihə Rusiya ilə işgüzar əlaqələri hədəf alacaq.

Qrem digər respublikaçı və demokrat senatorlarla aylardır bu qanun layihəsi üzərində işləyir. Layihə Rusiya ilə iş görən ölkələrə, ondan enerji alanlara sanksiyaların tətbiqini nəzərdə tutur. Səbəb Ukrayna ilə sülh danışıqlarında Moskvanın sülh sazişi üzrə razılığa gələ bilməməsidir. Rusiya Ukraynaya 2022-ci ildə müdaxilə edib.

"Bu qanun layihəsi prezident Trampa Putinin müharibə maşınını hərəkətə gətirən ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək", - deyə Qrem Çin, Hindistan və Braziliyanı potensial hədəflər kimi göstərib.

Konqres indiyədək qanun layihəsini səsverməyə çıxarmayıb, əvəzində Tramp Hindistandan idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısıdır.

ABŞ rəsmisi noyabrda "Reuters"ə deyirdi ki, qanun layihəsi qəbul olunarsa, Tramp onu imzalayacaq, amma sanksiyalar üzərində nəzarətin onun əlində qalması üçün xüsusi müddəaların salınmasına israr edəcək.

Ukraynada müharibə dörd ilə yaxındır gedir. Ötən noyabrdan danışıqlar intensivləşsə də, nəticə əldə olunmayıb.

Tramp ABŞ-ni onlarla beynəlxalq və BMT qurumundan çıxarır

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edir.
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edir.

ABŞ prezidenti Donald Tramp yanvarın 7-də deyib ki, Vaşinqton onlarla beynəlxalq və BMT qurumundan çıxacaq. Buraya iqlim sazişi, BMT-nin gender bərabərliyini təbliğ edən qurumu daxildir. Tramp onların ABŞ-nin milli maraqlarına zidd işlədiyini söyləyib.

Tramp administrasiyasının göndərdiyi siyahıda 35 qeyri-BMT qrupu və 21 BMT qurumu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası isə 2015-ci il Paris İqlim Sazişinin əsasını təşkil edir.

Ötən il Birləşmiş Ştatlar son 30 ildə ilk dəfə olaraq BMT-nin beynəlxalq iqlim sammitini təxirə salıb.

ABŞ "BMT-Qadınlar" qurumundan və BMT Əhali Fondundan da çıxacaq. Sonuncu təşkilat 150-dən çox ölkədə ailə planlamasına, ana-uşaq sağlamlığına fokuslanır. ABŞ ötən il onun maliyyəsini kəsib.

BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü məsələni şərh etməyib.

"Reuters" yazır ki, Tramp dəfələrlə beynəlxalq qurumlara xərclənən pullar və onların effektivliyini sual altına alıb, onların ABŞ-nin maraqlarına xidmət etmədiyini deyib.

Bir il öncə ikinci dönəm prezidentliyə başlayan Tramp ölkəsinin BMT-yə maliyyəsini kəsib, BMT İnsan Haqları Şurasında işi dayandırıb, UNRWA Fələstinə yardım agentliyinə maliyyənin kəsilməsini uzadıb, BMT-nin UNESCO mədəniyyət agentliyindən çıxıb. Tramp Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişindən çıxacağını açıqlayıb.

Avstraliyanın cənubunda temperatur 40 dərəcəni keçib

Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər.
Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər.

Yanvarın 7-də Avstraliyanın cənub ştatlarında kəskin istilər başlayıb, temperatur 40 dərəcə Selsini keçib. Səhiyyə orqanları xəbərdarlıq səsləndirib, meşə yanğınları alovlanıb.

Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər. 2020-ci ilin "Qara yay" adını almış yanvarında istilər 33 nəfərin həyatına son qoymuşdu.

Viktoriya ştatında temperatur 44 dərəcəyə çatıb. Ştatın paytaxtı Melburnda 41 dərəcə istilik var və sakinlərə evdən çıxmamaq tövsiyə olunub.

Kitabxanalar kimi ictimai məkanlar sakinlərin sərinlənməsi üçün iş vaxtlarını uzadıblar. Monarto safari-parkı isə bağlanıb.

Adelaida şəhərində minlərlə insanın işıqsız qaldığı xəbər verilir.

Hələbdə toqquşmalarda azı dörd nəfər öldürülüb

SDF döyüşçüləri
SDF döyüşçüləri

Yanvarın 6-da Suriyanın şimalında Hələb şəhərində toqquşmalarda azı dörd nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) zorakılığa görə bir-birini ittiham edib.

Rəsmi SANA agentliyi dünən öldürülənlərin üçünün dinc sakinlər, birinin əsgər olduğunu xəbər verir.

Yanvarın 7-də Hələbdə təhsil ocaqlarının, hökumət idarələrinin işini dayandırdığı, eləcə də Hələb aeroportuna uçuşların 24 saatlığa təxirə salındığı bildirilir.

Bu arada hökumət ABŞ-nin dəstəklədiyi SDF-i hökumət qüvvələrinə birləşdirməyə çalışır. SDF 14 illik müharibədə qazandığı muxtariyyəti əldən vermək istəmir. Bu qruplaşma hazırda "İslam Dövləti" (İŞİD) həbsxanalarına və neft resurslarına nəzarət edir. Suriyada təxminən bir il öncə Bəşər əl-Əsəd devriləndən sonra siyasi durum kövrək olaraq qalır.

Kürd qüvvələrin inteqrasiyası üzrə razılaşma 2025-ci ilin sonunadək icra olunmalı idi. Amma bu yöndə irəliləyiş olmayıb və tərəflər buna görə bir-birini qınayıb.

"Reuters" yazır ki, SDF-in Suriya ordusuna inteqrasiyası alınmasa, zorakılıq qızışa, nəticədə Türkiyə duruma müdaxilə edə bilər. Ankara terrorçu saydığı kürd silahlılara qarşı müdaxilə ilə hədələyib.

Davamı

XS
SM
MD
LG