Keçid linkləri

2024, 21 İyul, bazar, Bakı vaxtı 13:54

Ərinə ‘Ukrayna qadınlarını zorla’ deyən rusiyalı qadın


Kollaj: Roman və Olqa Bıkovskilər
Kollaj: Roman və Olqa Bıkovskilər

Ərinə Ukraynalı qadınları zorlamağı təklif edən qadının səsi Ukrayna təhlükəsizlik xidməti SBU tərəfindən tutularaq yazılıb

AzadlıqRadiosunun Rus xidməti və Sxema təhqiqat layihəsi ona Ukrayna qadınlarını zorlamağı tapşıran qadının ərini – Rusiya əsgərini aşkar edib.

AzadlıqRadiosunun müxbiri Mark Krutovun bu barədə məqaləsində deyilir ki, həmin əsgər hazırda yaralıdır və Sevastopol hospitalında müalicə olunur.

Ərinə Ukraynalı qadınları zorlamağı təklif edən qadının səsi Ukrayna təhlükəsizlik xidməti SBU tərəfindən tutularaq yazılıb.

SBU bu səs yazısını aprelin 12-də yayıb. Səs yazısından belə başa düşmək olar ki, bu, daha uzun telefon söhbətinin kiçik fraqmentidir. Dialoqdakı kişi səsinin sahibi Rosqvardiyanın keçmiş müddətli hərbi qulluqçusu, daha sonra isə 108-ci qvardiya desant-hücum alayının döyüşçüsü, Krımın ilhaq olunmasında iştirak etmiş Roman Bıkovskidir. O sonradan öz ailəsini də Krıma köçürüb.

"Mənə heç nə demə!"

– Sən bax ha, orda Ukrayna arvadlarını zorla, yaxşı? Mənə heç nə demə. Başa düşdün? (gülür).

– Zorlayım və sənə heç nə deməyim?

– Hə, qoy mən heç nə bilməyim. Nə olsun ki? (gülür).

– Olar da?

– Hə, icazə verirəm. Amma qorun!

– Yaxşı.

Ukraynada Rusiya hərbçiləri tərəfindən Ukrayna vətəndaşlarına qarşı çoxsaylı cinsi zorakılıq halları sənədləşdirilib.

Aprelin 8-də Ukrayna insan haqları üzrə müvəkkil Lyudmila Denisova belə halların, daha doğrusu Kiyev vilayətinin Buça və İrpen şəhərilərində 14 yaşlı qızın, 11 yaşlı oğlanın və 20 yaşlı qadının zorlanmasının araşdırılması ricası ilə BMT-yə müraciət edib.

Aprelin 12-də Xarkov vilayətinin Malaya Roqan kəndinin bir sakini “Current Time” telekanalının müxbirinə Rusiya əsgərinin onun qızını məktəbə apararaq orda zorladığını danışıb.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının martın 4-də dərc etdiyi hesabatında Mariupol və Çerniqov vilayətində baş vermiş zorlamalardan bəhs edilirdi.

France Press agentliyinin müxbirləri işğal olunmuş Xerson şəhərində Rusiya əsgərləri tərəfindən zorlandığını deyən qadınla söhbət etmişdilər:

“Onlar məni çarpayının üstünə yıxıb soyundurdular. Səhər saat 4-də çıxıb getdilər. Öz aralarında danışmırdılar. Məni xoxluşka, banderovka deyib təhqir edirdlər. Sonra dedilər ki, posta getmək vaxtıdır və çıxıb getdilər”.

Dzerjinski adına diviziya

Sxema layihəsi aşkara çıxarıb ki, arvadından “Ukrayna qadınlarını zorlamaq icazəsi almış” əsgər məhz 2022-ci ilin aprelində, həmin telefon söhbəti zamanı Xerson vilayətində olub.

Sxema layihəsinin jurnalistləri Ukraynanın hüquq-mühafizə orqanlarından bu söhbətdə iştirak etmiş abonentlərin telefon nömrələrini öyrənə biliblər.

AzadlıqRadiosu isə müəyyənləşdirib ki, bu nömrələr Vkontakte şəbəkəsində qeydiyyatdan keçib. Nömrələr 27 yaşlı Roman Bıkovskiyə və Olqa Bıkovskayaya (qızlıq soyadı Pinyasovadır) aiddir. Onların 4 yaşında oğulları var.

Roman və Olqa əslən Oryol şəhərindəndirlər. Bıkovskinin hesabı artıq bağlanıb, amma o Aleksey Zabrusov adlı şəxsin dostluğunda qalıb. Birgə fotolarından məlum olur ki, onlar 2016-cı ildə Rusiya milli qvardiyasının Dzerjinski adına xüsusi təyinatlı əlahiddə diviziyasında xidmət ediblər.

Zabrusovun fotolarından birinin geolokasiyası şəklin Balaşixidə, diviziyanın qərargahı ərazisində çəkildiyini göstərir.

Krıma köç

"Nəhayət ki!” Bunu Olqa Bıkovskaya Roman haqqında yazır. O həmin postda 2016-cı ilin 26 oktyabrında, Romanın tərxisindən sonra birgə çəkdirdikləri fotonu da dərc edib.

Roman Bıkovskinin 2018-ci ildə Avito saytında dərc olunmuş elanından görünür ki, ər-arvad və uşaq artıq ilhaq olunmuş Krıma köçüblər.

Tezliklə elə buradan, Feodosiya şəhərindən Bıkovskinin anası İrina da özünün Odnoklasniki hesabından fotolarını paylaşmağa başlayıb.

Beləcə bəzi fotolar şəhərin görməli yerlərində, məsələn “Sevgililər fəvvarəsi”nin yanında çəkilib.

Olqa Bıkovskayanın VKontakte hesabından yazdığı postlardan görünür ki, ailə Feodosiyada yaşayır.

Məsələn 19 yanvar 2022-ci il tarixli postunda Olqa şikayətlənir ki, yerli kosmetoloqun qəbuluna düşə bilmir. Fevralın 13-də isə o maşın vurmuş bir itin əməliyyatı üçün pul istəyən bir posta şərh yazıb.

İrina Bıkovskayanın 10 fevral 2018-ci ildə Odnoklasnikidə paylaşdığı fotodan onun oğlunun 2022-ci ildə Xerson vilayətinə gedib çıxmasının tarixçəsini bilmək olur.

Bu fotoda əynində hərbi forma olan Roman Bıkovski əlində Kalaşnikov avtomatı ilə şlaqbaumun yanında dayanıb.

Onun qolunda yaxşı görünən qol nişanı – şevron var. AzadlıqRadiosu Conflict Intelligence Team təhqiqat qrupunun köməyi ilə öyrənib ki, Bıkovski həmin vaxt Novorossiyskdə mənzillənmiş 108-ci qvardiya desant-hücum alayında xidmət edib. Bu alay 7-ci qvardiya desant-hücum diviziyasının tərkibindədir.

“Sevimli oğlumu təbrik edirəm”

Roman 2018-ci ilin fevralından gec olmayaraq Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

İrina Bıkovskaya 2019-cu il fevralın 22-də özünün VKontakte hesabında oğlunu təbrik edib:

"Sevimli oğlumu vətənin müdafiəçisi günü münasibəti ilə təbrik edir, ona həyatda və hər şeydə sağlamlıq və uğur azrulayıram!”

108-ci desant-hücum alayı desantlarının Ukrayna müharibəsində iştirak etmələri haqqında əvvəllər məlumat yox idi.

Amma bu hərbi birləşmənin Krımın qanunsuz ilhaqında iştirakına dair məlumat var.

O vaxt, 2014-cü ilin yazında 108-ci alayın desantçıları Krım yarımadasında çoxlu şəkil çəkdirir və sosial şəbəkələrdə yayırdılar. Bu alay Suriya münaqişəsində də iştirak edib. Bıkovskinin orda xidmət edib-etmədiyi bilinmir.

Eyni səs

AzadlıqRadiosu Roman Bıkovskiyə zəng edib. O adını və soyadını təsdiqləyib, amma “Xersondadırmı” sualının cavabında Sevastopolda hospitalda olduğunu deyib.

Ona jurnalistin zəng etdiyini bilən Bıkovski deyib ki, SBU dinləməsinin dərc etdiyi səs ona məxsus deyil. Amma AzadlıqRadiosu jurnalistinin yazdığı səslə SBU-nun yazdığı səs eynidir.

AzadlıqRadiosu Olqa Bıkovskayaya da zəng edib. Onun da səsi SBU-nun audioyazısındakı səslə eyniyyət təşkil edir.

Olqa Bıkovskaya ərinin hazırda Sevastopolda olmasını təsdiq edib və deyib ki, yaralandıqdan sonra orada müalicə olunur. Qadın deyib ki, ərinin harda yaralandığını bilmir. Bu danışıqdan sonra Olqa əlaqəni kəsib və telefon zənglərinə cavab verməməyə başlayıb. AzadlıqRadiosunun sosial şəbəkələrdəki mesajlarına da nə Roman, nə də Olqa cavab verməyiblər.

Ailəsinin gözü qarşısında

Aprelin 11-də BMT-qadınlar təşkilatının direktoru Sima Baxus BMT Təhlükəsizlik Şurasında çıxış edib və Moldovaya səfəri barədə məlumat verib. O Moldovada Ukraynadan olan qaçqınlar, əsasən qadınlar və uşaqlarla görüşüb:

"Biz zorlamalar və cinsi zorakılıqlar barədə getdikcə daha çox məlumatlar alırıq. Bunların hamısı müstəqil təhqiqatla araşdırılmalıdır ki, ədalət təmin olunsun”.

Baxus bildirib ki, vəziyyəti mürəkkəbləşdirən eyni ərazidə, eyni vaxtda çox sayda qaçqınların və əsgərlərin olmasıdır.

Qaçqın
Qaçqın

TŞ üzvləri qarşısında Ukrayna qadın haqları və gender bərabərliyi təşkilatı La Strada qrupunun prezidenti Yekaterina Çerepaxa da danışıb:

"Zorlamar haqqında məlumatlar bizə Kiyev, Xerson və Çerniqov vilayətlərindən gəlir. Bu cinayətlər barəsində sağ qalmış qurbanlar və şahidlər məlumat verirlər. Onlar işğalçılar tərəfindən qrup şəklində və dəfələrlə zorlamalar barədə xəbər verirlər. Qadınları onların ailə üzvlərinin gözləri qarşısında zorlayıblar. Onları və doğmalarını öldürməklə hədələyiblər. Bunlar real, olmuş hadisələr, canlı insanlardır”.

Çerepaxanın sözlərinə görə bir çox zorlama qurbanları hələki başlarına gələnləri danışmaq halında deyillər. Bu barədə yalnız artıq başqa, təhlükəsiz yerlərdə olanlar və psixoloq köməyi alanlar danışırlar.

XS
SM
MD
LG