Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

'Roma': Biz qadınlar həmişə təkik


Alfonso Kuaron
Alfonso Kuaron

Alfonso Kuaronun yarı avtobioqrafik «Roma» filmində rejissorun anasını təmsil edən personaj belə bir ifadə işlədir: «Sənə nə desələr də, biz qadınlar həmişə təkik». Bu ifadə filmin bütün mahiyyətini əhatə edir.

«Valiant» vs «Ford Galaxie»

Filmdə hadisələr 1970-ci illərin əvvəllərində Kuaronun böyüdüyü Mexiko şəhərinin Roma məhəlləsində cərəyan edir. Film dövrün ruhuna uyğun, neorealist ağ-qara tərzdə çəkilib. Kuaronun atasından qaynaqlanan Antonio obrazı özünün parıldayan, nəhəng «Ford Galaxie»sində işdən evə qayıdır. O, cərrahdır. Qapıya çatanda maşını ölçülərinə görə çox kiçik qaraja yerləşdirməyə çalışır və yolüstü it nəcisini basıb keçməli olur.

Biz onun arvadı Sofiyanı danladığını eşidirik. Sofiya nəticəsiz də olsa, ərini sakitləşdirməyə çalışır. Üstəlik, sonradan öyrənəcəyik ki, o, ərinin kənarda eşq macərası yaşadığını, ona xəyanət etdiyini bilir. Növbəti gün Antonionun ayağı yenidən it nəcisinə batır və kefi daha da pozulur. Sofiya da hirsini evin qulluqçusu Kleoya tökür, o da əlinə bel alıb giriş yolunu təmizləməyə başlayır.

«Bu, Antonionun… təqdimatıdır. Siz səhnənin sonunadək Antonionu görmürsünüz. Hər şey onun maşını park etməsi səhnəsi vasitəsilə təqdim olunur», - Kuaron deyir.

57 yaşlı Kuaronun «Roma» filmi 2018-ci ilin ən yaxşı rəy toplamış filmlərindən biridir. Film artıq «Golden Globes» mükafatını qazanıb.

«Roma» filmindən kadr
«Roma» filmindən kadr

Kuaron deyir ki, uşaqlıqda ailələrinin köhnə «Valiant»ı var imiş. Bu, «Chrysler»in xarici bazarlar üçün düzəltdiyi avtomobil idi. Köhnə, əzik və cızıq-cızıq olsa da, o bu maşını çox sevirmiş. Evə «Galaxie» gələndə çox da xoşbəxt olmayıb. Kuaronun valideynləri ayrılanda bu maşın diqqət mərkəzinə gəlib. Maşın bir növ metafor, atasının kişiliyinin, valideynlərinin maddiyyatçılığının və sinfi həsədin rəmzidir.

Sonradan Antonio ailəni tərk edir, Sofiya isə «Ford»u satıb daha sadə, qaraja rahat yerləşən bir maşın alır.

«O, maşını tamamilə fərqli əhvalla sürür. Biz Sofiyanı ilk dəfə belə təbəssümlə görürük», - rejissor deyir.

Kuaronun filmlərinə, xüsusən də «Roma»ya nəzər salanda rejissorun qadınları sevdiyi, hətta onlara səcdə etdiyi, ancaq kişilər barədə o qədər də əmin olmadığı təəssüratı yaranır.

Trampizmin tənqidi?

«Roma»dakı hadisələr yarım əsr bundan əvvəl Mexikoda baş versə də, asanlıqla trampizmin və #MeToo erası maskulinliyinin tənqidi kimi başa düşülə bilər.

Bir çox rejissorlar kimi, Kuaron da öz işində nöqtələri birləşdirməkdənsə, yaradıcı impulslarının qaynaqlarına çox da yaxın getməməyə çalışır. Ancaq onun qadın surətlərə xüsusi münasibəti, kişilərlə bağlı qarışıq hissləri 1991-ci ildən bəri çəkdiyi hər bir filmin içində kodlaşdırılıb və aydın hiss olunur.

«Roma» filmində ailənin mərkəzində ailə üzvü olmayan qadın - Kleo dayanır. Kleo Kuaronun həyatdan götürülmüş, çox sevdiyi dayəsi Libonu təmsil edir. «Mən ona Mama deyirdim. …5-6 yaşım olanda isə onunla evlənmək istəyirdim», - Kuaron deyir. Onun 9 yaşı olanda atası ailəni tərk edir. Bundan çox kədərlənən anası isə dörd övladın tənha valideyni olmaq yükünün çox ağır olduğunu anlayır. Yaranan boşluğu ailəsini uzaqda, Oaxakada qoyub gəlmiş Libo doldurur.

«Mənim həyatımda, anamın həyatında, elə Libonun da həyatında çatışmazlıq var. Hər bir halda bu çatışmazlıq başqa insanlar, əsasən kişilərdir. Onlar çıxıb gedib. …Qadınların ailəni böyütmək yükünü daşıması. Bir də kişilərin olmaması. …Bəziləri fiziki olaraq yox idi, bəziləri isə sadəcə, orada deyildi», - o deyir.

Kuaron etiraf edir ki, bu film onun Liboya ithafıdır. «Hiss etdim ki, ona borcum var. Az qala, izah borcum varmış kimi», – o deyir.

«Roma» evin sakit halı ilə sona çatır. Atasız Kuaron ailəsi oturub televizora baxır. Ailədə artıq dörd uşaq, üç qadın (Sofiyanın anası da onlara qoşulub) var, ancaq kişi yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG