İran prezidenti Hassan Rohani ölkədəki siyasi fraksiyaları ABŞ-ın sanksiyalarına qarşı durmaq üçün birləşməyə çağırıb.
“Düşmənlər tərəfindən edilən təzyiq İslam İnqilabımızın tarixində ən amansız müharibədir” Rohani mayın 11-də deyib.
Rohani bildirib ki, hazırkı vəziyyətin İraq-İran müharibəsi dövrü ilə müqaisədə pis və ya yaxşı olduğunu demək olmaz. “Müharibə vaxtı banklar, neft satışı, idxal və ya ixracla bağlı problemlərimiz yox idi.Təkcə silah almağa embarqo var idi”, Rohani vurğulayıb.
Amma Rohani deyib ki, gələcəyə çox ümidlə yanaşır və inanır ki, indiki ağır vəziyyətdən də çıxacaqlar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il-2018-ci ildə ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.
Buna da bax:ABŞ İran metallurgiyasına sanksiyalar elan edir
İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.
ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.
Birləşmiş Ştatlar İranı nüvə sazişinin şərtlərini pozmaqda günahlandırır.
Tehran ittihamı rədd edir.