Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

ABŞ İran metallurgiyasına sanksiyalar elan edir


İsfahan poladəritmə zavodu
İsfahan poladəritmə zavodu

Birləşmiş Ştatlar İran üzərinə yeni iqtisadi sanksiyalar elan edib. Bu sanksiyalar İranın poladəritmə və mədənçilik sənayelərini hədəfləyir.

Prezident Donald Trump-ın mayın 8-də elan etdiyi bu sanksiyalardan əvvəl ABŞ İran sularına yaxın əraziyə təyyarədaşıyan gəmi göndərmiş və dövlət katibi Mike Pompeo İranın qonşusu İraqa qəfil səfər etmişdi.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, sanksiyalardan məqsəd İranın polad, mis, alüminium mədənçiliyi və Tehrana valyuta gətirən bəzi başqa sahələrinin hədəflənməsidir.

Vaşinqtion bundan əvvəl Tehranın neft ixracına embarqo qoyub. Neft satışı İranın əsas xarici valyuta gəliri mənbəyidir.

Trump Ağ Evin açıqladığı bəyantında deyib ki, “Tehran özünün davranışını dəyişməyincə daha sərt tədbirlərin görülməsini gözləməlidir”:

"Mən hər hansı bir sazişin işlənib hazırlanması və ən mühümü, İrana onun layiq olduğu gələcəyin verilməsi üçün İran liderləri ilə görüşəcəyim günü gözləyirəm”.

İran mayın 8-də verdiyi bəyanatda bildirib ki, dünya gücləri onun maraqlarını ABŞ sanksiyaları qarşısında müdafiə etməsələr, Tehran uranın zənginləşdirilməsi fəaliyyətinə başlayacaq.

***

İran prezidenti deyir ki, dünya gücləri ölkənin maraqlarını ABŞ sanksiyalarından qorumasalar, İslam Respublikası uran zənginləşdirməni yüksək səviyyədə bərpa edəcək.

Hassan Rohani-nin dövlət televiziyası ilə çıxışı mayın 8-də yayılıb.

O deyib ki, nüvə sazişini imzalamış Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın İranın neft və bank sektorlarını qorumaqda ötrü tədbir görməyə 60 günü var.

“Əgər bu beş ölkə danışıqlara qoşulub İranın neft və bank sektorunda fayda əldə etməsinə kömək edərsə, İran nüvə sazişi çərçivəsindəki öhdəliklərinə qayıdacaq”, – Rohani vurğulayıb.

Hassan Rohani
Hassan Rohani

Rohani xəbərdarlıq edib ki, avropalı liderlər BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə İrana daha artıq sanksiya qoymağa çalışarsa, buna “güclü reaksiya” verilər. O, bu haqda ətraflı danışmayıb.

Xarici işlər naziri Mohammad Javad Zarif tvitində yazıb ki, “bir illik səbirdən sonra İran Birləşmiş Ştatların davam etməyi mümkünsüzə çevirdiyi tədbirləri dayandırır”.

Rohani-nin çıxışından az sonra Fransanın Müdafiə naziri Florence Parly ölkəsinin nüvə sazişini ayaqda saxlamaq istədiyini söyləyib. O xəbərdarlıq edib ki, İran öhdəliklərinə əməl etməsə, sanksiyalara aparacaq mexanizmin işə salınması məsələsi masanın üstündə olacaq.

Florence Parly
Florence Parly

BFM TV-yə danışan Parly vurğulayıb ki, İranın sazişdən çıxmasından pis bir şey ola bilməz.

Nüvə sazişinə görə, İran uranı 3,67 faizədək zənginləşdirə bilər ki, bununla da kommersiya məqsədi nüvə enerjisi zavodunu yanacaqla təmin etmək olur. Silah dərəcəli uran 90%-dək zənginləşdirilməlidir.

Bundan öncə İran uranı 205-dək zənginləşdirib. Bir ölkə uranı 20%-dək zənginləşdirirsə, alimlərin fikrincə, 90%-dək zənginləşdirməyə gərəkən vaxtın yarısı qət edilib.

Çin tərəfləri sazişi qüvvədə saxlamağa çağırıb. “Bütün tərəfləri təmkinli olmağa, dialoqu möhkəmləndirməyə, gərginliyi qızışdırmaqdan çəkinməyə çağırırıq”, – Çin Xarici işlər nazirliyinin sözçüsü Geng Shuang mayın 8-də deyib.

O, Çinin Birləşmiş Ştatların İrana birtərəfli sanksiyalarına “qətiyyətlə qarşı” çıxdığını əlavə edib.

***

İran nüvə sazişi öhdəliklərini azaldacağını deyir

İran 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində “bəzi öhdəliklərinin” icrasını dayandıracağı barədə qərarını sazişi imzaladığı ölkələrə bildirib. Dövlət mediası bu haqda mayın 8-də – Birləşmiş Ştatların nüvə sazişindən çıxmasının ildönümündə yazıb.

IRIB dövlət televiziyasının məlumatına görə, Prezident Hassan Rohani-nin məktubları Britaniya, Fransa, Almaniya, Çin və Rusiya səfirlərinə çatdırılıb. Məktubda İranın sazişdən qismən çıxdığı təsvir olunub.

Sazişi imzalamış bu ölkələr Birləşmiş Ştatların birtərəfli çıxmasına baxmayaraq ona sadiq qalır.

Tehran rəsmiləri daha öncə İranın uran zənginləşdirməni artıra biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Xarici işlər naziri Mohammad Javad Zarif Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini-yə məktubunda “İranın öhdəliklərinin ixtisarının texniki və hüquqi detallarını” izah edəcək.

Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Tehranın hansı addımları açıqlayacağı aydın olmasa da, Zarif Tehranın sazişdən tamamilə çıxmaq niyyəti olmadığını deyib.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Könüllü öhdəliklər...

Ancaq Prezident Donald Trump bir il öncə ABŞ-ın sazişdən çıxdığını elan elədi. Onun fikrincə, saziş qüsurludur, İranın ballistik raket hazırlamasını, Yaxın Şərqdəki proksilərə dəstəyini əhatələmir.

Vaşinqtonun bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub.

Tehran isə sazişin şərtlərinə əməl etməkdə davam edib. Bunu İranın nüvə fəaliyyətinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyib.

Avropa ölkələrin sazişi xilas etməyə çalışır, Tehran isə bu prosesin çox ləng getdiyini deyirdi.

“Avropa İttifaqı və digərləri... Birləşmiş Ştatların təzyiqinə dirəniş göstərməyə güc tapmadılar, bu səbəbdən... İran bəzi könüllü öhdəlikləri yerinə yetirməyəcək”, – Zarif deyib.

İranın gələcək hərəkətləri “tamamilə nüvə sazişi çərçivəsində olacaq, İslam Respublikası sazişdən çıxmayacaq”, – o əlavə edib.

ABŞ administrasiyası ötən ay elan elədi ki, İrandan neft idxalçılarına sanksiyalardan möhləti uzatmayacaq. Məqsədi İranın neft ixracını sıfıra endirməkdir.

Mayın 5-də isə Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton Yaxın Şərqə təyyarədaşıyan gəmir qrupu yerləşdirildiyini açıqladı, İrandan “narahatedici və qızışdırıcı əlamətlər və xəbərdarlıqlar” aldığını bildirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG