Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Robert Mueller Rusiya təhqiqatının hesabatını başa çatdırdı


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

ABŞ-ın Ədliyyə Nazirliyi bildirir ki, xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə, habelə ABŞ prezidenti Donald Trump-ın mümkün qanun pozuntularına dair hesabatı baş prokuror William Barr-a təqdim edib.

Baş prokurorun bu barədə məktubu martın 22-də Ədliyyə Nazirliyi tərəfindən açıqlanıb.

ABŞ Senatı və Nümayəndələr Palatasında bir neçə yüksək vəzifəli millət vəkillərinə ünvanlanmış bu məktubda Barr bildirir ki, o hesabatın başlıca nəticələri barədə məlumatı elə “bu həftəsonu” Konqresə təqdim edəcək.

Bundan sonra sözü gedən hesabatın hansı hissələrinin ictimaiyyətə açıqlanacağı barədə qərarı Barr, Ədliyyə Nazirliyi, Konqres və Ağ Ev qəbul etməlidir.

"Biz bütün hesabatı və dərhal istəyirik"

Qanun baş prokuror Barra hesabatın nə qədər hissəsinin açıqlanmasını müəyyən etməkdə geniş səlahiyyət verir.

Məhz buna görə də Konqresdə bir çoxları narahatdırlar ki, Trump-ın Ağ Evi bu sənədin ən kəskin hissələrinin məxfi saxlanmasına çalışa bilər.

Demokrat konqresmen Eric Swalwell CNN telekanalına deyib:

“Biz bütün hesabatı və dərhal istəyirik. Biz bu hesabatı prezident ona heç bir redaktə etmədən istəyirik”.

Spiker Nancy Pelosi və senator Chuck Schumer
Spiker Nancy Pelosi və senator Chuck Schumer

Nümayəndələr Palatası bu ayın əvvəlində Mueller-in hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.

Martın 22-də Nümayəndələr Palatasının spikeri Nancy Pelosi və Senat demokratlarının lideri Chuck Schumer deyiblər ki, hesabatın tam mətninin ictimaiyyətə açıqlanması “mütləqdir” və Ağ Ev nəyin açıqlanıb, nəyin açıqlanmamasını müəyyənləşdirməməlidir.

Bu iki millət vəkilinin birgə bəyanatında deyilir ki, “Amerika xalqı həqiqəti bilmək haqqına sahibdir”.

Ağ Evin mətbuat katibi Sarah Sanders deyib ki, hələlik hesabat barədə brifinq olmayıb.

“Növbəti addımları baş prokuror Barr atmalıdır və biz bu prosesin qaydasınca irəliləməsini gözləyirik”.

Əsas sual açıq qalır

Mueller 2017-ci ildən bəri həm Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini, həm də prezident Donald Trump-ın adamlarının Rusiya rəsmiləri ilə əlaqələrini araşdırırdı.

Mueller habelə Trump-ın bu təhqiqata qanunsuz olaraq maneçilik törədib-törətmədiyini aşkara çıxarmalı idi.

O bu məqsədlə Trump-ın FTB direktoru James Comey-dən özünün ilk milli təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiya ilə əlaqələrinin araşdırılmasının dayandırılmasını istəməsini, habelə bunun ardınca Comey-nin hansı səbəbə vəzifəsindən uzaqlaşdırmasını təhqiq edirdi.

Öz təhqiqatının gedişində xüsusi prokuror 30-dan artıq şəxsə qarşı müxtəlif ittihamlar irəli sürüb. Bunların arasında Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort və onun qeyri-rəsmi müşaviri Roger Stone da var.

Lakin bugünədək bu ittihamlardan heç biri Trump rəsmiləri ilə Rusiya rəsmiləri arasında sövdələşmənin olub-olmadığına dair sualla bağlı olmayıb.

Mueller habelə Demokrat Partiyası rəsmilərinin kompüterlərinə haker hücumları ilə bağlı Rusiya kəşfiyyatının vəzifəli rəsmilərinə, Rusiyanın “troll fabriki” kimi tanınan şirkətinə qarşı da ittihamlar irəli sürüb.

Trump Mueller-in apardığı təhqiqatı dəfələrlə “əcinnə ovu” adlandırıb və özünün seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmənin mövcudluğunu inkar edib.

Rusiya da ABŞ kəşfiyyat agentliklərinin Moskvanın ABŞ seçkisinə Trump-ın xeyrinə müdaxilə etdiyinə dair qiymətləndirməsini rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG