Keçid linkləri

2025, 19 Sentyabr, Cümə, Bakı vaxtı 07:50

ABŞ məhkəməsi may ayı üzrə AzadlıqRadiosuna ödəmə barədə qərar çıxarıb


Azad Avropa/Azadlıq Radiolarının Praqadakı qərargahı.
Azad Avropa/Azadlıq Radiolarının Praqadakı qərargahı.

ABŞ-nin dairə məhkəməsi Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddia çərçivəsində təqdim etdiyi üçüncü müvəqqəti qadağanedici qərarla (TRO) bağlı müraciətini təmin edib. Mayın 30-da məhkəmə USAGM-in may ayı üzrə RFE/RL-ə maliyyə vəsaitini dərhal ödəməsi barədə hökm çıxarıb.

Hakim Roys Lambert həmçinin USAGM-in digər donorların RFE/RL-ə maliyyə dəstəyi göstərmək niyyətində olduğu üçün agentliyin vəsaiti ödəmək öhdəliyinin olmadığı iddiasını da rədd edib.

Hakim bildirib ki, bir ay əvvəl tərəflər hansı vəziyyətdə idisə bu, yenə də dəyişməyib.

R.Lambert mayın 30-da verdiyi qərarda bildirib ki, USAGM yenidən RFE/RL-in may ayı üçün maliyyələşməsini təmin etmək məqsədilə bir aylıq "uzatma" razılaşmasına daxil olmaqdan imtina edib və RFE/RL may ayı üçün Konqres tərəfindən ayrılan vəsaiti ala bilməyib.

"Məhkəmənin aprel ayı üzrə müvəqqəti qadağanedici qərarın qəbulunu əsaslandıran arqumentləri indi də eyni dərəcədə qüvvədədir", - hakim Lambert bildirib

RFE/RL-in prezidenti və baş icraçı direktoru Stiven Kapus deyib ki, məhkəmə yenidən qərar çıxararaq USAGM-ın vəsaiti ödəməli olduğunu təsdiqləyib.

"RFE/RL artıq bir aydır gecikən may ayı üzrə ayrılmış vəsaiti almalıdır ki, ABŞ-nin kritik milli təhlükəsizlik və xarici siyasət məqsədlərinə uyğun şəkildə fəaliyyətini davam etdirə bilsin", - Kapus bəyanatında vurğulayıb.

"Fədakar jurnalistlərimiz USAGM-in vəsaitimiz vaxtında ayırmaqdan imtina etməsinə görə əsassız yerə ağır bədəllər ödəyir", - o əlavə edib.

Hakim Roys Lambert
Hakim Roys Lambert

"Zaman ötdükcə qrant üzrə razılıq daha az mümkün görünür"

Hakimin qərarında xatırladılıb ki, Avropa İttifaqı (Aİ) Avropa Demokratiya Fonduna 5.5 milyon avro ayırmaq niyyətini bəyan edib və bu vəsaitin bir hissəsinin RFE/RL-ə yönəldiləcəyi gözlənilir.

USAGM isə bunu əsas gətirərək iddia edib ki, RFE/RL hazırkı mərhələdə ağır zərərlə üzləşdiyini iddia edərək məhkəmə müdaxiləsini əsaslandıra bilməz. Lakin hakim R.Lambert bildirib ki, RFE/RL (Aİ-nin ayırdığı) bu vəsaitin heç bir hissəsini iyunun 30-dək ala biləcəyinə gözləmir.

Qərarda qeyd olunub ki, bu müddət ərzində heç bir maliyyə vəsaiti ayrılmazsa, RFE/RL iyunun sonunadək fəaliyyətinin böyük bir hissəsini dayandırmaq məcburiyyətində qalacaq.

Hakim Lambert əlavə edib ki, gələcəkdə naməlum məbləğdə vəsaitin ayrılacağı vədi RFE/RL-in hazırda üzləşdiyi "bərpaolunmaz" zərəri heç bir şəkil aradan qaldırmır: "Buna görə də məhkəmə hesab edir ki, RFE/RL-in yaxın zamanda fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvafiq müvəqqəti qadağanedici qərarın (TRO) verilməsi əsaslıdır".

R.Lambert onu da qeyd edib ki, RFE/RL-in ilkin qadağanedici qərar tələbi ilə bağlı müraciəti hələ baxılma mərhələsindədir. Hakim bildirib ki, məhkəmə bu qərarla bağlı müraciəti bir qədər gecikdirir. O, bunun səbəbini izah edərkən deyib ki, məqsəd müvafiq məsələ ilə bağlı apellyasiya prosesinin formalaşmasına imkan verməklə yanaşı, həm də tərəflərin 2025-ci il üzrə maliyyə ilə bağlı qrant sazişi üzrə razılığa gələcəyinə ümid etməsi ilə bağlıdır. Lakin R.Lambert etiraf edib ki, zaman ötdükcə bu ehtimal daha az mümkün görünür. Bu səbəbdən məhkəmə iyunun sonunda da eyni vəziyyətin təkrarlanmaması üçün ilkin qadağanedici qərar üzrə müraciətlə bağlı tez zamanda qərar çıxarmağı planlaşdırır.

RFE/RL cari maliyyə ilinin ikinci yarısı - aprel-sentyabr ayları üzrə dondurulmuş büdcə vəsaitinin ödənilməsi tələbi ilə martda USAGM-a qarşı məhkəmə iddiası qaldırıb.

XS
SM
MD
LG