Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:51

Reuters: Kreml ürəklənib və geri çəkilmək fikrində deyil


Moskvada 2 fevral etirazı
Moskvada 2 fevral etirazı

Kreml müxalifətçi Aleksey Navalnının həbsinə ölkə boyunca yayılan etirazları yatıracağına əmindir və lazım gələrsə nümayişçilərə daha sərt güc tətbiq etmək qətiyyətindədir.

Bunu Rusiya hökumətinin siyasətinə “yaxşı bələd olan” iki mənbəyə istinad edən Reuters agentliyi yazır.

Məhkəmə fevralın 4-də prezident Vladimir Putinin ən sərt tənqidçisi olan Navalnı barəsində 2014-cü ildən qalma şərti cəzanı həbsxana cəzası ilə əvəz edib.

Buna etiraz olaraq Rusiya şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, Qərb isə məhkəmə qərarını pisləyərək Moskvaya qarşı yeni sanksiyalarla hədələyib.

Sözü gedən aksiyalarda minlərlə etirazçı saxlanıb, Navalnının əsas müttəfiqləri isə ev məhbusluğundadır.

Sərt, amma qanuni

Bu da xəbər verilir ki, Rusiya polisi etirazçılarla son dərəcə sərt davranıb.

Mənbələrdən biri Reuters agentliyinə deyib ki, “bu hələ oyunqabağı məşqdir”:

“Real macəralar heç şübhəsiz sonra başlanacaq. Ölkə boyunca getdikcə güclənən reaksiya tamamilə realdır”.

Kremlin sözçüsü Dmitri Peskov fevralın 4-də demişdi ki, polis sərt, amma qanuni əks-tədbirlərə əl atıb.

Peskov əlavə edib ki, polis kütləvi aksiyalar zamanı qanunsuz hücumlara məruz qalıb.

Bununla belə sözçü deyib ki, hakimiyyət orqanları polisdən ayrı-ayrı şikayətlərə baxır.

Belarus etirazlarından birindəki plakat
Belarus etirazlarından birindəki plakat

Lukaşenka, Maduro tab gətiribsə, Putin də gətirər

Sözü gedən mənbələr qonşu Belarusda baş verənləri misal gətiriblər. Onlar deyiblər ki, orada prezident Alyaksandr Lukaşenka Kremlin dəstəyi ilə aylarla davam edən etirazlara tab gətirə bilib.

Mənbələr habelə Venesueladakı hadisələri yada salıblar. Orada da prezident Nikolas Maduro çox ciddi etirazlara sinə gərməyi bacarıb.

Reuters agentliyinin müsahibləri deyiblər ki, Kreml özünü bu iki nəfərdən də güclü sayır:

“Belarusda sınaqdan çıxarılan ssenari uğurlu olub. Kreml də, qətiyyətlə demək olar ki, diz çökməyəcək. Lukaşenka tab gətirib. Maduronun vəziyyəti yaxşıdır. Bu da deyilməlidir ki, orada baş verənlərlə bizim küçələrdəki etirazlar heç müqayisə oluna bilməz”.

İkinci mənbə isə bildirib ki, Rusiyadakı ictimai-iqtisadi vəziyyət pandemiyaya görə korlansa da, Venesuelada olduğu qədər pis deyil.

Mənbə əlavə edib ki, həm də Rusiyada dəyişiklik istəməyən mühafizəkar təbəqə çoxluğa malikdir.

O bildirib ki, Rusiya hakimiyyəti qətiyyən qorxmur:

“Belarus nümayiş etdirdi ki, repressiv rejimlərin böyük imkanları var. Bunu Venesuela da göstərdi. Halbuki orada insanlar sözün əsl mənasında acdırlar, maaşlar verilmir, dəhşətli işsizlikdir, cinayətkarlıq baş alıb gedir. Buna görə də Kremlin nəhəng resursları var.”

“Kremldə oturanlar praqmatikdirlər”

Londondakı Royal United Services İnstitutunun professoru Mark Qaleotti deyir ki, hakimiyyət baş verənlərdən heç nigaran olmamış da deyil:

“Kreml daha çox özünəinam nümyiş etdirdikcə, ehtimal ki, narahatlığı da var. Küçələrə nəhəng polis qüvvəsinin çıxarılması bundan irəli gəlir. Amma bu, həm də adamları müqavimətin mənasız olduğuna əmin etmək üçündür”.

Moskvada yaşayan müstəqil politoloq Dmitri Oreşkin isə bu qənaətdədir ki, Kremlin özünə inamlı olması əsassız deyil.

Onun fikrincə Putinə alternativ siyasi qüvvə və əks-elita olmayınca etirazlardan heç bir ciddi təhlükə yoxdur.

O xatırladıb ki, elə fevralın 4-də keçirilmiş bir rəy sorğusu Putinə etimadın Navalnıdan qat-qat çox olduğunu göstərib:

“Kremldə oturanlar praqmatikdirlər və regionun yaxın tarixini yaxşı öyrəniblər. Onlar bilirlər ki, küçə nümayişləri əvvəl-axır tükənib itir. Üstəlik bu etirazlara nəzarət edən generallar bildirlər ki, onları aşırı zorakılığa görə heç kim cəzalandırmayacaq, amma yumşaq tərpənməyə görə cəzalandıra bilərlər”.

68 yaşlı Putin son 21 ildə Rusiyada hegemon mövqeyə malik olub və yeni konstitusiya dəyişikliklərinə görə 2036-cı ilədək hakimiyyətdə qala bilər.

O, bundan əvvəl, ən izdihamlısı 2012-ci ildə olmaqla, çox etirazların öhdəsindən gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG