Azərbaycan xəbərləri
Bloqerin həbsdə işgəncəyə məruz qaldığı deyilir
Mayın 20-də həbs olunan bloqer Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir. Bloqerin yaxınları deyir ki, bu barədə onun özü mayın 27-də həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman söyləyib. R.Ramazanov bildirib ki, o, saxlanan zamanı təzyiqə məruz qalıb: "Daha sonra Rəşad dedi ki, o, Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb, orada onun cibinə narkotik qoyulub və etirafedici ifadələrə qol çəkməsi üçün ona işgəncələr verilib".
Vəkil Elçin Sadıqov isə bildirib ki, R.Ramazanovun həbsindən verdiyi apellyasiya şikayəti təmin olunmayıb: "Rəşad Ramazanovun hər iki ayağında, başında izlər var. Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göyümtül qançır) izləridir".
Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcəyini deyib.
DİN təkzib edir
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə "Turan"a deyib ki, məhkəmə prosesi zamanı R.Ramazanov tərəfindən səsləndirilən iddialar əsassızdır: "Həmin iddialarla bağlı səsləndirilən fikirlər gözləniləndir. Onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyət üzrə müraciət etmək hüququ var".
Bloqer R.Ramazanov mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu rayon Məhkəməsi R.Ramazanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu, onun ikinci həbsidir. R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Yerli hüquq-müdafiə təşkilatları onun həbsinin sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar. O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" R.Ramazanovu vicdan məhbusu kimi tanıyıb.
2019-cu ilin martında R.Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.
Amma rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətmiş olduqları əmələ görə məsuliyyətə alınıblar.
Bütün xəbərləri izləyin
Əliyev və Fidan Azərbaycan-Türkiyə əlaqələrini müzakirə etdi
Oktyabrın 15-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə son dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb. Amma müzakirələrin detalları açıqlanmayıb.
H.Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıdakı 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə, bir sıra digər liderlərdən fərqli olaraq, bu toplantıya qatılmayıb.
Son vaxtlar Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması Türkiyədə, xüsusən də Ərdoğanın baş müşaviri Oktay Saral tərəfindən tənqid olunub. Həmçinin, iki ölkə rəhbərliyi arasında bəzi regional məsələlərdə, xüsusilə İsrail-Fələstin böhranında fərqli baxışların olduğu bildirilir.
Trans-Xəzər fiber-optik kabel xəttinin açılışı olub
Azərbaycan və Qazaxıstan prezidentləri bu gün — oktyabrın 15-də Trans-Xəzər fiber-optik kabel xəttinin açılışını ediblər. Dövlət başçıları Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü çərçivəsində bir araya gəliblər.
AZƏRTAC-ın məlumatına görə, liderlərə təqdim olunan hesabatda "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində reallaşdırılan bu layihənin Asiya ilə Avropa arasında rəqəmsal əməkdaşlıq üçün yeni imkanlar açdığı bildirilib. Layihə çərçivəsində Sumqayıt və Aktau şəhərləri arasında, Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib.
Məlumata görə, bu xətt saniyədə 400 terabitdən çox məlumat ötürmək qabiliyyətinə malikdir.
Vurğulanıb ki, xəttin istifadəyə verilməsi Orta Dəhlizin həm nəqliyyat, həm də rəqəmsal sahədə strateji əhəmiyyətini artıracaq. Bu yeni marşrut data axınının Çin və Mərkəzi Asiyadan Qazaxıstan, Azərbaycan, Gürcüstan, daha sonra isə Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək.
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Çin ilə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirən, dəmir, dəniz və avtomobil yollarından ibarət strateji multimodal logistika marşrutudur.
Azərbaycanın nefti kimi qazı da azalıb, amma ixracı artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə oktyabrın 15-də Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 11,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in, 0,4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5.1 milyon ton olub.
Bu dövrdə 15.5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3.86 faiz, ixracı isə 10.92 faiz azalıb.
Bu il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Azərbaycan nefti 70 faizdən çox bahalaşıb.
"Mavi yanacaq"
2026-cı ilin doqquz ayında ölkədə 37.9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10.8 milyard kubmetrini "Azəri-Çıraq-Günəşli", 20.6 milyard kubmetrini "Şahdəniz", 1.2 milyard kubmetrini "Abşeron" yatağı, 5.3 milyard kubmetrini isə SOCAR təmin edib.
Bu dövrdə qaz ixracı 18.4 milyard kubmetr olub. Bunun 8.6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1.6 milyard kubmetri Gürcüstanın, 1.2 milyard kubmetri isə Suriyanın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı cüzi — 0.79 faiz azalsa da, ixracı, əksinə, 0.55 faiz artıb.
Bu ilin doqquz ayında dünyada qaz da neft kimi bahalaşsa da, mavi yanacaqdakı qiymət artımı neftlə müqayisədə daha az olub.
AXCP iki üzvünün saxlanıldığını bəyan edir
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün inzibati qaydada həbs olunduğu, digərinin isə saxlanıldığı bildirilir.
Partiyadan oktyabrın 15-də verilən məlumata görə, Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov heç bir qanun pozuntusu törətmədiyi halda, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib.Onun əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə təqsirləndirildiyi deyilir.
AXCP bundan əvvəl onun polislər tərəfindən saxlanıldığını açıqlamışdı. Lakin məsələnin detallarını öyrənmək və AXCP-nin yaydığı bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Partiyanın yaydığı digər məlumatda isə oktyabrın 14-də partiya üzvü Mətanət Turan və övladının Abşeron rayon Polis İdarəsinə aparıldığı bildirilir.
AXCP-dən Mətanət Turana yaxın şəxslərin açıqlamasına görə, onlar haqqında Cinayət Məcəlləsinin 233-cü maddəsi ( İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə cinayət işi başlanıb.Bununla belə, onlarla bağlı da rəsmi qurumlardan hər hansı bir dəqiqləşdirmə aparmaq mümkün olmayıb.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-yə yaxın üzvü uzunmüddətli həbs həyatı yaşayır. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Səlahiyyətli şəxslər və rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması barədə iddiaları əsassız sayır. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.
İsrail prezidenti, Çin və Rusiya nazirləri Azərbaycandadır
Rusiya və Çinin xarici işlər nazirləri (Sergey Lavrov və Van Yin) də oktyabrın 14-ü, günün ikinci yarısı Azərbaycana gəliblər.
Lavrov və Van Yin də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Bakıdırlar.
Onlardan bir qədər sonra isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib. Həmçinin, AQEM toplantısına İran xarici işlər nazirliyinin təmsilçisinin də qatılacağı gözlənir.
Buna qədər isə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və İsrail dövlət başçısları bu zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlmişdilər
İsrail prezidenti Azərbaycandadır
İsrail prezidenti İsxak Hersoq oktyabrın 14-də Azərbaycana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, o, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıdadır.
İ.Hersoq bundan əvvəl sonuncu dəfə 2023-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.
İki ölkə arasında bir sıra sahələrdə, xüsusilə də müdafiə sənayesi istiqamətində sıx əməkdaşlıq əlaqələrinin olduğu bildirilir.
Azərbaycanla İsrail arasındakı bu tərəfdaşlıq zaman-zaman qonşu İran və Türkiyənin bəzi siyasi dairələrində tənqidlərlə qarşılanıb.
Xüsusilə ötən ay keçirilən BMT Baş Assambleyasının sessiyasında İsrail baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi ciddi müzakirələrə səbəb olub. Qəzza bölgəsində İsrailin apardığı hərbi əməliyyatlar bir çox dövlətlər tərəfindən pislənsə də, İsrail tərəfi bu addımların sırf özünümüdafiə xarakteri daşıdığını bəyan edir.
Azərbaycan isə Fələstin-İsrail münaqişəsinin həllində BMT-nin irəli sürdüyü "iki dövlət" konsepsiyasını dəstəklədiyini bildirir.
Son hadisələr fonunda bəzi ekspertlər prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı çıxışı zamanı ölkənin müstəqil xarici siyasət xəttini xüsusi vurğulamasını məhz xaricdən gələn bu təzyiq və tənqidlərə dolayı bir cavab kimi qiymətləndirirlər.
Xatırlatma
AQEM-in təsis edilməsi təşəbbüsü ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi Asiyada sülh və təhlükəsizliyi təmin edəcək effektiv və universal bir təşkilat yaratmaq olub. Hazırda 29 üzv dövləti bir araya gətirən AQEM-in Katibliyi Astana şəhərində yerləşir.
Hicab etirazlarına görə sutkalıq həbs olunanlar var
Azərbaycanda məktəblərə hicablı şagirdlərin buraxılmamasına etiraz olaraq keçirilən aksiyalarda saxlanılanlardan bir neçəsinin inzibati qaydada həbs olunduğu bildirilir. Həmin şəxslərə 10, 25 və 30 sutkalıq cəzalar verilib.
Yerli medianın yaydığı məlumatlara görə, insidentlərin əksəriyyəti Abşeron rayonunda, xüsusilə Ceyranbatan qəsəbəsində qeydə alınıb. Eyni zamanda Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da bənzər hadisələrin yaşandığı vurğulanır.
Buna baxmayaraq, ümumilikdə neçə nəfərin saxlanıldığı, onlardan neçəsinin inzibati həbsə məhkum edildiyi və hansı maddələrlə ittiham olunduğu tam açıqlanmayıb. Həmçinin həbs edilənlərin adları və məhkəmə qərarlarının detalları da hələlik bəlli deyil.
Baş verənlərlə bağlı aidiyyəti rəsmi qurumlardan, yaxud saxlanılan şəxslərin yaxınlarından münasibət öyrənmək mümkün olmayıb.
12 oktyabr
DİN: 37 nəfər həbs edilib
Daxili İşlər Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını bəyan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
"Tədbirlərin əsas məqsədi... nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır", - məlumatda bildirilir.
Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir.
Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Bir sıra təhlilçilər bu ifadənin həm də hicaba şamil ediləcəyini söyləyiblər. Odur ki, dəyişikliklər bəzi insanların narazılığına səbəb olub. Ardınca da istər Bakıda, istərsə də bölgələrdə bəzi məktəblərə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığı ilə bağlı şikayətlər eşidilib.
Son günlər isə bununla bağlı bir çox məktəblərdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdikləri, dərsləri boykot etdikləri bəlli olub.
Məsələ ilə bağlı saxlanılan şəxslərin yaxınları ilə danışmaq mümkün olmayıb.
Kartdan karta pul köçürmələrində yeni tariflər – 3 qəpikdən 4 manatadək
Azərbaycanda kartdan karta pul köçürmələri üçün yeni xidmət haqqı tarifləri gəlir. Yeni qaydalara görə, göndərilən məbləğdən asılı olaraq 3 qəpiklə 4 manat arasında xidmət haqqı tutulacaq.
Bu dəyişiklik Mərkəzi Bankın bu il sentyabrın 15-də qəbul etdiyi yeni tariflərdə yer alıb. Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan köçürmələrin xidmət haqları məbləğə uyğun olaraq belə müəyyənləşib:
100 manatadək köçürmələr – 3 qəpik;
100–1000 manat – 10 qəpik;
1000–10 000 manat – 50 qəpik;
10 000–40 000 manat – 2 manat;
40 000 manatdan yuxarı – 4 manat.
BKM üzərindən xarici valyuta ilə edilən köçürmələr üçün də məbləğdən asılı olaraq yeni qiymətlər müəyyən olunub: 100 vahidədək 0.03, 1000 vahidədək 0.10, 10 min vahidədək 0.50, 40 min vahidədək 2, daha böyük məbləğlərə görə isə 4 dollar yaxud avro xidmət haqqı tutulacaq.
Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları aprelin 1-dən qüvvəyə minir.
Bunun vətəndaşlara hansı aidiyyəti var?
Mərkəzi Bankın qərarına əsasən, kartlararası köçürmələrin emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə birbaşa Mərkəzi Banka daxil olacaq. Ekvayer bank kartları vasitəsilə nağdsız ödənişlərin qəbuluna şərait yaradan maliyyə qurumudur (bank və ya ödəniş təşkilatı).
Ekspertlərin fikrincə, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiya sayılmamalıdır. Bankların müştərilərə tətbiq etdiyi köçürmə haqları onların daxili tarif siyasətindən asılıdır. Bankların yeni tariflər qoyub-qoymayacağı isə hələlik qeyri-müəyyəndir. Ölkədəki maliyyə qurumlarından şərh almaq mümkün olmayıb.
Dövlətə məxsus 100-dən çox domen kiberhücuma məruz qalıb
Dünən, oktyabrın 13-ü saat 22:00 radələrindən başlayaraq Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücumlar qeydə alınıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Rəsmi məlumata görə, xarici haker qruplaşması tərəfindən törədilən kiberhücum zamanı Azərbaycanın dövlət strukturlarına məxsus 100-dən çox domen hədəf seçilib.
Açıqlamada kiberhücum səbəbindən bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yarandığı bildirilir: "Görülmüş operativ texniki tədbirlər nəticəsində kiberhücumun qarşısı alınıb, təsirləri minimuma endirilib və saytların fasiləsiz fəaliyyəti bərpa edilib".
Bununla belə, rəsmi açıqlamada həmin "xarici haker qruplaşmasının" hansı ölkəyə bağlı olduğu qeyd edilmir.
Azərbaycanda rəsmi qurumlar əvvəllər də bu adda kiberhücumlarla bağlı bənzər bəyanatlarla çıxış ediblər.
Hətta prezident İlham Əliyev bu il fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ötən il ölkənin çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qaldığını vurğulamışdı: "Biz onun mənbəyini də bilirik və özümüzü bu ciddi problemlərdən qorumaq üçün lazımi tədbirlər də görülüb. Ona görə də bu sahəyə ciddi diqqət yetirilməlidir. Ölkəmizdə artıq Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir və onun işi daim diqqət mərkəzində saxlanılmalıdır".
Xatırlatma
Prezident konkret ölkə adı çəkməyib. Ötən il hakimiyyətə yaxın bir sıra media orqanlarında bu məsələ ilə bağlı Rusiyanın adı hallanıb. Amma belə iddiaları nə Azərbaycanın, nə də Rusiyanın rəsmi qurumları təsdiqləyib.
Azərbaycanda Milli Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə təsis edilib.
'Instagram' və 'TikTok'da problemlər yaşandığı bildirilir
Azərbaycanda bir sıra istifadəçilər oktyabrın 12-də səhər saatlarından etibarən "Instagram" və "TikTok" sosial şəbəkələrinə girişdə problemlər yaşadıqlarını bildirirlər.
Daxil olan şikayətlərə görə, "Instagram"da əsas lent yenilənmir, profillər və paylaşımlar açılmır. "TikTok"da isə videoların yüklənməsində və hesablara daxil olmaqda çətinliklər müşahidə olunur.
Bəzi istifadəçilər isə "Instagram" və "TikTok"un yalnız VPN vasitəsilə işlədiyini, VPN-siz girişdə və kontentin yüklənməsində problem yaşandığını vurğulayırlar.
"Meta" və "ByteDance" şirkətləri problemin səbəbi ilə bağlı hər hansı bir açıqlama verməyiblər. Azərbaycanın rəsmi qurumlarından da, hələlik, məsələyə dair heç bir rəsmi şərh yoxdur.
Azərbaycanda analoji hallara əvvəllər də rast gəlinib. Həmin hallar zamanı bəzi vaxtlarda müxalif qüvvələr bu məhdudiyyətləri ölkədə cərəyan edən müəyyən siyasi proseslərlə əlaqələndiriblər. Onda rəsmi qurumlar isə müxalif düşərgənin bu iddialarını təsdiqləməsələr də, baş verənlərlə bağlı ele bir konkret səbəb göstərməyiblər.
Son illər Qarabağ müharibəsi, həmçinin bölgədə aparılan hərbi əməliyyatlar zamanı da (2020-ci və sonrakı bəzi illərdə) "TikTok"un fəaliyyətinə və bütövlükdə internetə müəyyən məhdudiyyətlərin qoyulduğu açıqlanmışdı. Onda isə rəsmi qurumlar bu addımı Azərbaycan ordusunun uğurlarına kölgə salan, hərbi sirləri daşıyan və cəmiyyətdə yanlış rəy formalaşdırmağa yönələn məlumatların yayılmasının qarşısını almaqla izah etmişdilər.
Azərbaycanda rəsmi işləyənlərin sayı 31 mindən çox azalıb
Azərbaycanda muzdla çalışan işçilərin sayında aydan-aya azalma davam edir. Dövlət Statistika Komitəsi (DSK) oktyabrın 12-də bildirib ki, bu il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776 min 800 nəfər olub. Onlardan 834.2 min nəfəri dövlət sektorunda, 942.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Halbuki, avqustun 1-nə olan məlumata görə, onların sayı 1 milyon 781 min 100 nəfər açıqlanmışdı. Həmin vaxt işçilərin 836.9 mini dövlət sektorunda, 944.2 mini isə qeyri-dövlət sektorunda çalışırdı. Bu isə o deməkdir ki, təkcə avqust ayında ölkədə rəsmi işləyənlərin sayı 5 minə yaxın azalıb.
2026-cı il yanvarın 1-də isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olmuşdu.
Aylıq hesabatların təhlili göstərir ki, bu ilin səkkiz ayında ölkədə rəsmi işçilərin sayı 31 mindən çox azalıb. Bu azalma əsasən dövlət sektorunda baş verib.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra dövlət qurumları ya ləğv edilir, ya da bir-biri ilə birləşdirilir. Rəsmilər bu addımları idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması ilə izah edirlər. Müstəqil iqtisadçılar da hesab edirlər ki, hökumət neft hasilatı azaldıqca, xərclərə qənaət siyasəti yürüdür. Son illər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) özündə də işçilərin sayı azalıb.
Buna baxmayaraq, hökumət ölkədə məşğul əhalinin sayının 5 milyondan çox olduğunu bəyan edir. İnsanların bir qisminin qeyri-rəsmi fəaliyyət göstərdiyi bildirilir. Son illər rəsmilər, bir qayda olaraq, "iqtisadiyyatın ağardılması"ndan danışsalar da, bu proses muzdla çalışan işçilərin sayında özünü göstərmir; artım əvəzinə, əksinə, azalma müşahidə olunur.
AZAL-ın Moskva reysləri təxirə salınıb
"Azərbaycan Hava Yolları"nın (AZAL) oktyabrın 9-na planlaşdırılan Bakı–Moskva–Bakı marşrutu üzrə reyslərində Rusiya hava məkanındakı məhdudiyyətlər səbəbindən dəyişikliklər edilib.
AZAL-dan AZƏRTAC-a bildiildiyinə görə, səhər saatlarında Bakıdan Moskvaya yollanan J2-185 reysinin təyyarəsi Sankt-Peterburqa məcburi eniş edib. Hava məkanındakı məhdudiyyətlərin davam etməsi səbəbindən təyyarə Bakıya geri qayıda bilməyib. Digər bir səhər uçuşu — J2-805 nömrəli Bakı–Moskva reysi isə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönməli olub.
Bu məhdudiyyətlər növbəti uçuşların qrafikinə də təsir göstərdiyindən, həmin marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri təxirə salınıb.
AZAL yaranmış vəziyyəti operativ şəkildə izlədiyini bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya səmaları üzərindən uçan beynəlxalq aviaşirkətlərə və sığorta qurumlarına xəbərdarlıq edib. O bildirib ki, Rusiya üzərində dronların aktiv hərəkəti səbəbindən həmin ərazi mülki təyyarələr üçün təhlükəli zonaya çevrilir. Rusiyanın hava məkanının tamamilə bağlana biləcəyini vurğulayan Zelenski beynəlxalq şirkətləri və sığortaçıları bu riskləri ciddi nəzərə almağa çağırıb.
Xatırlatma
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb. Bundan səkkiz il əvvəl isə o, Ukraynanın Krım yarımadasını işğal etmişdi. Yeni müharibənin başlaması ilə Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları daha da genişləndiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu ölkəyə humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.
Azərbaycan sənayesində geriləmə sürətlənir
Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 9-da açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında sənaye sektorunda 51 milyard 178.1 milyon manat dəyərində məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır.
DSK cəmi bir ay öncə — ilk 8 ayın yekunlarına dair hesabatında sənaye sektorundakı azalmanı 0.4 faiz elan etmişdi.
Həm rəsmi qurumlar, həm də müstəqil iqtisadçılar ölkə sənayesindəki bu geriləməni əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb. Halbuki, 2009-cu ildə bu göstərici 50 milyon ton təşkil edirdi.
Digər tərəfdən, bu il Yaxın Şərqdə sabitliyin pozulması və Hörmüz boğazında yaranan problemlər səbəbindən neft kəskin bahalaşıb, hətta Azərbaycan neftinin qiyməti az qala iki dəfəyə yaxın artıb. Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, sənayedə geriləmənin davam etməsi və DSK-nın açıqladığı 1.5 faizlik cüzi ümumi daxili məhsul (ÜDM) artımı iqtisadiyyatda böhran təhlükəsindən xəbər verir.
Azərbaycan hökuməti Fuad Əhmədliyə kompensasiya ödəməlidir
Oktyabrın 8-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ictimai fəal Fuad Əhmədlinin şikayəti üzrə Azərbaycanla bağlı qərarını açıqlayıb.
F.Əhmədli 2016-cı ildə barəsində seçilmiş həbs-qətimkan tədbirini qanunsuz sayır. Ərizəçi qeyd edib ki, yerli məhkəmələr onun həbsdə saxlanılmasının zəruriliyini əsaslandıra bilməyib. AİHM oxşar işlərə istinad edərək, Avropa Konvensiyanın 5.3-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozulduğu qənaətinə gəlib.
Ərizəçi həmçinin dövlət orqanlarının 2016-cı ildə verdiyi bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunun tanınmasını xahiş edib. Hökumət ərizəçinin ölkədaxili müdafiə vasitələrini tam tükəndirmədiyini əsas gətirərək, şikayətin qəbulolunmaz elan edilməsini istəyib. AİHM isə oxşar qərarlarına əsaslanaraq bildirib ki, dövlət rəsmilərinin bəyanatları ilə təqsirsizlik prezumpsiyasının pozulmasına qarşı ölkə daxilində effektiv şikayət mexanizmi yoxdur. Buna görə də məhkəmə Konvensiyanın 6.2-ci (təqsirsizlik prezumpsiyası) maddəsinin də pozulduğunu qəbul edib. Həmin maddəyə görə, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs təqsiri qanunla sübuta yetirilməyənə qədər təqsirsiz hesab olunur.
Məhkəmənin qərarı ilə ərizəçiyə mənəvi zərərə görə 3 min 900 avro, məhkəmə məsrəflərinə görə isə 500 avro kompensasiya müəyyən edib.
AİHM-ın bu qərarına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Həbsin tarixçəsi
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi "Azerfon" şirkətində texniki imkanlardan istifadə edərək bir sıra müştərilərin fərdi məlumatlarını kənar şəxslərə ötürüb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib. Yuxarı məhkəmə instansiyaları da bu hökmü qüvvədə saxlayıb. F.Əhmədli ittihamları rədd edərək siyasi sifarişlə həbs olunduğunu bildirib. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.
F.Əhmədli 4 illik cəza müddətini tam başa vurduqdan sonra, 2020-ci il avqustun 18-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Xatırlatma
Son illər Azərbaycanda AİHM-in kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Prezident İlham Əliyev ötən il deyirdi ki, Azərbaycan AİHM hakimlərinin seçilməsində iştirak etmədiyindən bu məhkəmənin qərarları ölkə üçün hər hansı bir hüquqi qüvvəyə malik deyil: "Bu, bizim qəti mövqeyimizdir".
Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi göstərilib. Cavab addımı olaraq rəsmi Bakı bu qərarın lehinə səs verən AŞPA deputatlarının ölkəyə gəlişinə qadağa (stop) qoyub. O vaxtdan bəri Azərbaycan Assambleyanın sessiyalarına nümayəndə heyəti göndərmir.
Nazirlik pambıq pulunu ala bilməyən fermerlərə məhkəmə yolunu göstərir
Kənd Təsərrüfatı Nazirliyi pambıq pullarını ala bilmədiklərini deyən fermerlərin şikayətinə münasibət bildirib.
Son günlər müxtəlif media resurslarında və sosial şəbəkələrdə ayrı-ayrı fermerlərin müraciətləri yayılıb; onlar bəzi pambıq tədarükçüsü şirkətlərin təhvil aldıqları məhsulun dəyərini ödəməməsindən və ya ödənişləri gecikdirməsindən şikayətlənirlər.
Qurum bildirir ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər "Müqaviləli əkinçilik" modeli əsasında tənzimlənir: "Müvafiq müqavilə şərtlərinə əsasən, mövsüm ərzində şirkətlərin fermerlərə verdiyi avanslar, həmçinin mineral gübrə, pestisid, toxum və texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilən pambığın ümumi qiymətindən çıxılır. Yerdə qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə öhdəliyidir".
Nazirlik əlavə edir ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslər olduqları üçün onun tabeliyində deyillər. "Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər", - nazirlik vurğulayır.
Xatırlatma
Ötən həftə Salyan rayonunda 100-dən çox fermer "Aztəsərrüfat" MMC-yə təhvil verdikləri pambığın pulunu aylardır ala bilmədiklərini bildirərək şirkətin yerli məntəqəsinin qarşısına toplaşmışdı.
Fermerlərin sözlərinə görə, onlar 2024–2025-ci illərdə şirkətlə müqavilə bağlayaraq pambıq əkiblər, məhsul təhvil verilsə də, ödənişlərin bir hissəsi hələ də edilməyib. Onlar ödənişlərin gecikməsi səbəbindən kredit borclarını ödəməkdə və yeni əkin mövsümünə hazırlaşmaqda çətinlik çəkdiklərini deyirdilər.
Şikayətlərə "Aztəsərrüfat" MMC-dən münasibət almaq mümkün olmasa da, bəzi media resursları Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsinə istinadən ötən il 15 oktyabr tarixinədək təhvil verilmiş pambığın pulunun tam ödənildiyini yazır. Eyni zamanda, mediada o da bildirilib ki,şirkətin bəzi ödənişlərdə yubanmalar olduğunu təsdiq etdiyi və borcların ödənilməsi üçün tədbirlər gördüyü açıqlanıb.
Hərçənd bəzi şikayətçi fermerlər oktyabrın 15-nə qədər təhvil verilmiş pambığın pulunun tam ödənilməsi barədə deyilənlərin həqiqət olmadığını iddia edirlər.
AXCP: Anar Ərkivana 20 sutka həbs verilib
Oktyabrın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivana 20 sutka inzibati həbs verildiyi bildirilir.
Bu barədə AXCP məlumat yayıb.
Məlumata görə, O, polisin qanunu tələbinə əməl etməmək və xırda xuliqanlıqda təqsirləndirilib. Hələlik, məsələnin başqa detallarını və partiyanın açıqlamasına rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Partiya daha əvvəl isə oktyabrın 6-da mülki geyimli şəxslərin evinin qarşısında Anar Ərkivanı saxladığı və sonrada onun evinə polislərin gəldiyini açıqlamışdı.
Partiyadan bildirilirdi ki, oktyabrın 6-sı günorta saatlarında onun yaşadığı evə gələn polislər qapının açılmasını və A.Ərkivanın mobil telefonunun verilməsini tələb ediblər: "Anar Ərkivanın həyat yoldaşı telefonun yerini bilmədiyini deyib, bundan sonra polislər evdə axtarış aparıblar. Telefonu tapa bilmədikdən sonra onun şəxsiyyət vəsiqəsini götürərək gediblər".
AXCP baş verənləri ölkədəki repressiyaların davamı sayır.
Bu açıqlamaya da Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi motivli həbslərin olmasını inkar edirlər.
6 oktyabr
AXCP fəalının evinin qarşısında saxlanıldığı bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivanın oktyabrın 6-da saxlanıldığı bildirilir. Partiyanın yaydığı məlumata görə, onu bir qədər əvvəl yaşadığı evdən zibil atmaq üçün çıxarkən dörd–beş mülki geyimli şəxslər saxlayıb.
Yaxınlarının sözlərinə görə, həmin şəxslər Ərkivanı məcburi şəkildə avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
"Onun hazırda harada olduğu və onu kimlərin apardığı məlum deyil", - AXCP-dən əlavə edilib.
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
A.Ərkivan bundan əvvəl il ərzində iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib.
Partiya bu həbslərin siyasi motivli olduğunu bildirsə də, rəsmilər ölkədə siyasi həbs və təzyiqlərin olması barədə iddiaları tamamilə əsassız sayırlar.
17 iyun
AXCP-də həbslər var
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Anar Ərkivanın 30 sutka həbs edildiyi bildirilir. O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirləndirilib. Bu barədə AXCP məlumat yayıb.
Partiyadan vurğulandığına görə, dünən, iyunun 16-da şəxsi avtomobilini idarə edən zaman Dövlət Yol Polisinin (DYP) əməkdaşı onu saxlayaraq telefonla danışmaqda günahlandırıraq cərimələmək istəyib. O, isə avtomobili idarə edən zaman telefonla danışmadığını deyib: “Yazılacaq cəriməyə etirazını bildirib. DYP əməkdaşı əlavə qüvvə çağıraraq Anar bəyə zor işlədib, onu Nərumanov rayon Polis İdarəsinin 17- ci polis şöbəsinə gətiriblər . Bir sutka orada saxlandıqdan sonra bu gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub".
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Anar Ərkivan bu ilin fevralında da polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka həbs edilmişdi. Yaxınları onda da onun şərləndiyini açılamışdılar.
AXCP-dən yayılan məlumata görə, ötən həftə isə Masallı Rayon Şöbələrinin fəalı Əlixan Rəcəbov narkotik ittihamı ilə həbs olunub. Partiyadan bu il yanvarın 7-də saxlanan Əlixan Rəcəbovun 1 il 6 ay həbs cəzası aldığını açıqlayıblar.
AXCP bildirir ki, o, sərt tənqidlərinə görə cəzalandırılıb.
Amma rəsmi qurumlar isə bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-i civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 328 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.