Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Reportyorlar və cəbhəçi xanım sərbəst buraxılıb


Firudin Səlimov
Firudin Səlimov

İyulun 14-də Milli Məclisin qarşısında aksiya zamanı çəkiliş edərkən saxlanan reportyorlar Anar AbdullaeyvFirudin Səlimov bu gün, iyulun 17-də sərbəst buraxılıb.

Bu barədə Azadlıq Radiosuna onların özləri məlumat verib.

Jurnalistlərin sözlərinə görə, onlar 60 saatdan çox polis bölmələrində saxlanıb.

"Çəkiliş edirdik, bizi saxladılar. Bizi gecə saxlayıblar, apardılar Səbail Rayon 9 saylı polis bölməsinə. Oradan isə Binəqədi Rayon 4 saylı polis bölməsinə. Saxlanma şəraiti pis idi. 9 kvadratmetrlik otaqda 6 nəfər saxlanırdıq. Havasızlıq idi. Bu gün isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə apardılar, sonra qaytardılar bölməyə. Sonra sərbəst buraxıldıq" - onlardan biri deyib

Jurnalistlər bildiriblər ki, saxlanmalarından şikayət verməyə düşünürlər.

Bu gün, iyulun 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mətanət Mahmarzayeva da sərbəst buraxlıb. O, isə iyulun 16-da saxlanmışdı.

Onun da həmin aksiya ilə bağlı saxlandığı söylənir.

Mətanət Mahmarzayeva bildirib ki, açılmış cinayət işi üzrə dindirilib, lakin iltizam verdiyinə görə, bu barədə ətraflı məlumat verə bilməz.

Bütün bu açıqlamalara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həmin aksiya ilə bağlı saxlandığı deyilən başqa cəbhəçi və fəallardan isə, hələlik, xəbər yoxdu.

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Orduya dəstək aksiyası…

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

Hüquq müdafiəçiləri bu hadisələrla bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər.

İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi:

"Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bəzi hərbçilərinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG