Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 03:32

Bakılı repetitor: 'Qazancımı direktorla bölüşdürürəm...'


Orta məktəb (arxiv fotosu)

Orta məktəblər sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaqlar. Buna Nazirlər Kabinetinin qərarı imkan yaradır.

Məşğələlər təşkil oluna bilər

Bakı şəhər təhsil idarəsindən AzadlıqRadiosu-na bildiriblər ki, hökumət təhsil ocağının əlavə gəlir əldə edə biləcək sahibkarlıq fəaliyyəti növlərini müəyyən edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada deyilir ki, məktəblər bundan ötrü təhsil ocağının maddi-texniki bazasından dərsdənkənar yararlanacaq: “Bu sahibkarlıq növləri dövlət təhsil proqramına salınmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, təhsil ocağının profilinə və fəaliyyət istiqamətlərinə zidd olmayan iş və xidmətlərdir”, – açıqlamada deyilir.

Buna da bax:​ 'Normal müəllim'ə maaş müəmması

Bakı şəhər təhsil idarəsinin rəhbəri Məhəbbət Vəliyeva bir neçə gün öncə mətbuata bildirmişdi ki, idman, musiqi, incəsənət sahəsində məşğələlərin təşkilindən söhbət gedir.

Hələlik, Bakı məktəblərinin çoxu bu qərardan ya xəbərsizdir, ya da eşidiblər, amma hələ ki, kimsə ilə müqavilə imzalamayıblar. Əlaqə saxladığımız bir çox məktəbdən bu cavabı eşitdik.

32 saylı məktəbin direktoru Sevda Abdullayeva deyir, onlara təklif gəlməyib, ona görə də kimləsə belə bir müqavilə imzalamayıblar. Direktor hesab edir ki, məktəblilərin idman, şahmat kimi məşğələlərə ehtiyacı var və təhsil ocağının maddi-texniki bazası buna imkan verir.

Buna da bax:​ Dayə, repetitor, tərcüməçi... vergiyə cəlb olunacaq

Yığılan pullara kim nəzarət edəcək?

Bu məşğələlər pullu olacaq. Bakı şəhər təhsil idarəsinin rəhbəri M. Vəliyeva bu günlərdə deyib ki, xidmətlərin qiymətini idarə müəyyənləşdirir: “Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur”, – o bildirib.

Bəs əldə edilən vəsait məktəbinmi bazasında qalacaq, nəyə sərf olunacaq və bu vəsaitin şəffaf xərclənməsinə kim nəzarət edəcək? AzadlıqRadiosu-nun bu suallarına Bakı şəhər təhsil idarəsindən cavab verilməyib.

“Belə məşğələlərin təşkili alqışlanır”

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu bu vəsaitə şəffaf nəzarətə şübhə edir. O, AzadlıqRadiosu-na müsahibəsində deyir ki, məktəbdə təhsilə mane olmadan belə məşğələlərin təşkili alqışlanır, ancaq qiymətlərin valideynlərdən ötrü əlçatanlığı nəzərə alınmalıdır:

“Məncə, Təhsil Nazirliyi yaxşı bilir ki, məktəblərdə mövcud dərnəklər, demək olar, işləmir. Dərnək müəllimi ştatına yazılan pullar şəxsi ciblərə gedir. Ona görə də dərnəklər rəsmi ödənişli sistemə keçirilir, amma bu, effektiv olacaqmı, zaman göstərəcək”.

Buna da bax:​ Nazir müəllimlər üçün boş iş yerlərinin gizlədildiyini deyir

Əgər məktəb bu yolla əlavə gəlir mənbəyi əldə edəcəksə, “süpürgə pulu” aradan qalxacaqmı?

Nabatəli Qulamoğlu “süpürgə pulu”nun aradan qalxacağına və həmin məşğələlərdən “süpürgə pulu”ndan yığılan məbləği əvəzləyəcək gəlirin əldə olunacağına inanmadığını söyləyir.

“Repetitorlarla da müqavilə bağlanması gözlənir”

Ekspert birgə fəaliyyət adı altında müqavilə imzalanmasını dəstəkləyən qanunda incə bir məqamın da olduğunu vurğulayır. Onun fikrincə, “müqavilə tələbi” tədricən repetitor-müəllimlərə də şamil oluna bilər. Nabatəli Qulamoğlu əlavə edir ki, belə bir hal repetitorluq institutunu dağıda bilər. Müsahibimiz bunu hazırda “təhsilin üzünü repetitorluq ağartması”yla izah edir, təhsil sisteminin keyfiyyəti qalxmayınca, repetitorluğa həssas yanaşmağı məsləhət görür.

Buna da bax:​ Müəllimlərin iqtisadi durumu yaxşılaşdırılmayınca pul yğmaq davam edəcək

Nabatəli Qulamoğlu: 'Dərnək müəllimi ştatına yazılan pullar şəxsi ciblərə gedir'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

Ekspert bir məqama da diqqət çəkir, deyir, məktəbdə repetitorluq edən müəllim onsuz da direktora vəsait ödəyir, onun həm də rəsmi ödənişə məcbur edilməsi məşğələnin qiymətini artıra bilər.

“Hər uşaq üçün 10 manat ödəyirəm”

Bakı orta məktəblərinin birində işləyən, həm də repetitorluqla məşğul olan müəllimlərdən biri qazancını direktorla bölüşdüyünü təsdiqləyir, deyir ki, əks halda ona dərsdən sonra sinif otağında məşğul olmağa imkan yaradılmaz.

– Evdə niyə keçmirsiz?

– Bütün uşaqların evə gəlmək imkanı yoxdur, məcbursan sinifdə keçəsən.

– Qazancınızı necə bölürsüz, yarısını verirsiz məktəb rəhbərliyinə?

– Xeyr, belə olsa, mənə heç nə qalmaz. Hər uşaq üçün direktora 10 manat verirəm.

Buna da bax: 'Direktorlar pul alıb özləri müəllimləri işə götürür' [Media icmalı]

– Birdəfəlik?

– Xeyr. Ödəniş 8 dərs hesabıdır. Bir dəfə ilin əvvəli siyahı verirsən. Tutaq ki, 10 uşağın adını yazdın. İlin sonuna qədər ayda 100 manat ödəməlisən. Hazırlıqdan çıxan uşaq üçün ödəmirəm.

Müsahibimiz repetitorlardan vergi tutulması, müqavilə imzalanması kimi məsələləri eşidib, amma hələ ki, bu halda nə edəcəyini bilmir, deyir, hər şey şərtlərdən asılıdır. O, məşğələnin qiymətinin də artacağını istisna etmir. Hər hansı problemlə üzləşməməkdən ötrü anonim qalmaq istəyən müəllim deyir ki, dərsdən sonra repetitorluq müəllimlərə ağır yükdür, amma dolanışığının xatirinə hər kəs buna dözür.

Avropada da “süpürgə pulu” var, ancaq…

Avropada da “süpürgə pulu” var, ancaq repetitorluq geniş yayılmayıb. Almaniyada yaşayan və məktəbyaşlı uşaqları olan Nağıyevlər ailəsi AzadlıqRadiosu-na gördüklərini anladırlar.

Buna da bax:​ Azərbaycanlılar və təhsil

Almaniyada orta məktəblərdə rəsm dərsləri, üzgüçülük pulsuzdur. Məktəblərin üzgüçülük hovuzu yoxdur, onun üçün də məktəblilər həftədə bir dəfə dövlətə və cəmiyyətlərə məxsus hovuzlara gedirlər. Məktəbdən əlavə uşağı üzgüçülüyə aparmaq istəsən, bu, çox ucuzdur, aya 10 avro. Valideyn uşaqla birgə üzgüçülüyə getsə, bu, daha ucuz başa gəlir, 4 nəfərə cəmi 28 avro ödəyirsən.

Məktəbdə musiqi, şahmat pulludur, bu da təxminən aya 15-25 avro arası edir. Özəl yerlərdə aylıq 35-60 avro arası dəyişir.

Ailə başçısı Yunis Nağıyev deyir ki, burda da valideynlər daim məktəbə yardım edirlər. O bildirir ki, Almaniyada repetitorluq valideynin hesabına deyil: “Tutalım, uşaq hansısa fəndən zəifdirsə, valideynin müraciətindən sonra ona ayrıca vaxt və müəllim ayrılır. Buna görə pul ödənmir”.

Buna da bax:​ Əyalət müəllimləri nə vaxt yada düşəcək?

“Hər sinfin özəl kassası var”

Almaniyada məktəbdən uşaqları tez-tez muzeylərə, teatr, konsert və digər yerlərə aparırlar, bütün yolpulunu valideynlər ödəyir: “Demək olar ki, hər həftə 2-10 avro arasında belə xərclər olur. Bundan başqa, məktəbdə bütün siniflərin özəl kassası var. Məktəbdə müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdə cürbəcür yemək və içki satılır və bütün pullar kassaya yığılır. Bir neçə aydan bir siniflər evdə hazırlanan tort, keks və cürbəcür bişmələrin bazarını keçirir, burdan da yığılan pullar sinif kassasına gedir. Valideynlər iclasında elan olunur ki, hər valideyn kassaya 25 avro ödəsin. Bütün pullar uşaqlara və məktəbə bəzi ləvazimatlar almağa xərclənir”, – Yunus Nağıyev deyir.

Buna da bax: Azərbaycan müəlliminə niyə belə az maaş verir? (Fotoqalereya)

Onun sözlərinə görə, bütün pul məsələləri ilə bağlı valideynlərə məktub göndərilir, hətta bu, çox cüzi, qəpik-quruş da olsa, mütləq rəsmi şəkildə istənilir və nəyə xərclənəcəyi ilə bağlı açıqlama verilir: “Ən böyük xərc yay tətilində uşaqların 1 həftəlik səfəri ilə bağlıdır. Bir uşağa 253, digərinə 170 avro ödəmişik”. Y. Nağıyev Almaniya məktəblərində bütün kitabların pullu olduğunu, ancaq işsizlərin övladlarına kitabların pulsuz verildiyini də sözlərinə əlavə edir.

XS
SM
MD
LG