Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:31

'Direktorlar pul alıb özləri müəllimləri işə götürür' [Media icmalı]


İlham Əliyev Ağsuda
İlham Əliyev Ağsuda

Çörəyin qiymətinin bahalaşması, Azərbaycan iqtisadiyyatının vəziyyəti, valyuta ehtiyatının azalması, manatın tədricən dəyərdən düşməsi və müəllimlərin şikayəti bu gün medianın əsas mövzusudur.

İLHAM ƏLİYEV VƏDLƏRİNƏ SADİQDİR

«Azərbaycan» qəzetində «Müstəqil siyasət aparan ölkə» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatın inkişafında, ordu quruculuğunda böyük uğurlar əldə edib və bunda dövlət başçısı İlham Əliyevin rolu danılmazdır.

Müəllifin fikrincə, artıq ölkə postneft dövrünə qədəm qoyub. İqtisadi hədəf olaraq Azərbaycan Malayziya, Cənubi Koreya və Sinqapur kimi ölkələrlə bir sırada durmaq xətti götürüb. Yazıda deyilir ki, getdikcə qeyri-neft sektoru və kənd təsərrüfatı inkişaf etməkdədir: «Prezident İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli prezidenti olduğunu təsdiqləyib».

Müəllifə görə, Azərbaycan indi dünyada sülh, tolerantlıq, iqtisadi inkişaf mərkəzlərindən biridir. Məqalədə vurğulanır ki, Azərbaycan regional müstəvidə əsas oyunçulardan birinə çevrilməkdədir.

Daha sonra ordu quruculuğuna toxunan müəllif bu ilin aprelində Qarabağ cəbhəsində baş vermiş döyüşləri yada salır və bunu Azərbaycanın qələbəsi adlandırır: «Bütün sahələrdə əldə olunan müsbət nəticələr deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmaq imkanı əldə edəcək».

Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?

Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

ELEKTRİK BAHALAŞDI, ÇÖRƏK BAHALAŞDI

«Exo» qəzeti çörəyin bahalaşması ilə bağlı müzakirələri davam etdirir.

Ekspertlərdən Oqtay Haqverdiyev qəzetə deyib ki, çörəyin qiymətini qaldırmağa əsas yoxdur: «Son vaxtlar dünyanın heç bir yerində buğda və ya unun qiyməti qalxmayıb. Görünür, elektrik enerjisinin tarifləri qaldırıldıqdan sonra çörək və çörək məmulatları bişirmə sexləri qiymətləri qaldırmağa qərar veriblər».

O.Haqverdiyev vurğulayır ki, hər şeyin qiyməti onun maya dəyərindən asılıdır. Onun fikrincə, elektrik enerjisinin qiymətinin qaldırılması hüquqi şəxslərə ağır zərbə olub.

Çörəyin strateji məhsul olduğunu deyən ekspertlərdən Nəriman Ağayev də onun qiymətinin sərbəst buraxılmasını düzgün saymır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə çörəyin qiymətinin qalxmasını normal adlandırıb: «36 adda istehlak əmtəəsi bahalaşıb, bəzi rəsmi qurumlar bunu diqqətə almır. 10 qəpik bahalaşacaq çörəyin qiymətini diqqətdə saxlayırlar. Bu, doğru siyasət deyil, dövlət çörəyin qiymətini tənzimləmir. İstehsalçı onu istədiyi qiymətə satmaqda azaddır».

Penitensiar Xidmət: "Nikah avqustun 2-də olacaq"

Penitensiar Xidmət: "Nikah avqustun 2-də olacaq"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

AZADLIQ AŞİQİ...

«Azadlıq» qəzetində hazırda həbsdə olan jurnalist Seymur Həzi və bir zaman məhbus taleyi yaşamış Nigar Yaqublunun evlənməsinə maneələrdən bəhs edən «Azadlığın zindandakı nikahı» sərlövhəli yazı oxumaq olar.

Müəllif həm Nigar Yaqublunun, həm də Seymur Həzinin əzmini zaman və məkana müqavimət kimi dəyərləndirir: «Bu evliliyin bu qədər səs-küylü olması, sosial şəbəkənin gündəmini zəbt etməsi təkcə nikah yerinin həbsxana olması ilə bağlı deyil. Bu nikahı möhtəşəm edən əsas amil səbəbkarların azadlıq aşiqi olmasıdır».

Müəllif yazır ki, Seymur Həzi məhz azadlıqların boğulmasına etirazlarına, ədalətsizliyə boyun əymədiyinə görə həbs edilib.

Daha sonra yazıda qeyd edilir ki, ASAN Xidmət kəbinin kəsilməsi prosesində gənclərə problemlər yaradıb. Müəllifin gəldiyi nəticəyə görə, bu da hakimiyyətin təzyiqlərinin tərkib hissəsidir: «Onsuz da bu hökumətin yarıtmaz və yaramaz idarəçiliyi nəticəsində nikahlar azalıb. Bəli, əzəmətli hökumətimiz ailə qurulmasına yox, ailə dağılmasına töhfə verir».

Müəllif sonda da yazır ki, bu qədər çətin sınaqlardan çıxmış, ən çətin məqamlarda da optimizmini, mübarizə əzmini itirməmiş adamları məyus etmək, sındırmaq mümkün deyil: «Mənəviyyatı hüzr yerinə çevrilmiş adamların, mübariz gənclərin xeyir mərasiminə əngəl törətmək cəhdi əbəsdir. Biz bu nikahı indidən baş tutmuş hesab edirik».

Mərkəzi Bank
Mərkəzi Bank

MANAT UCUZLAŞIR, EHTİYAT AZALIR...

«Novoye Vremya» qəzetində dərc olunan «Tənzimləyici pul itirir» məqaləsində Mərkəzi Bankın ehtiyatlarının azalmasından və manatın tədricən dəyər itirməsindən bəhs edilir.

Məqalədə qeyd edilir ki, Mərkəzi Bankın iyul ayının göstəricilərinə əsasən, 4 milyard 163 milyon manat ehtiyatı var. Ötən ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatının yarıdan çoxu xərclənib.

Müəllifə görə, əgər manatı sabit saxlamaq mümkün olsaydı, bu itkilərə təəssüflənməmək olardı. Amma nə ehtiyatlar qorunub, nə də manatın məzənnəsini sabit saxlamaq mümkün olub: «Əgər maliyyə müdaxiləsi ilə də manat sabit deyilsə, onsuz durum daha kəskin pisləşə bilər».

Müəllif ölkə iqtisadiyyatının gələcəyinə nikbin baxmır. O, 2020-ci ildə Ümumi Daxili Məhsulun istehsalında qeyri-neft sektorunun payının 80 faiz olacağı haqda rəqəmlərə də şübhə ilə yanaşılır. Məqalədə qeyd edilir ki, hətta bundan sonra neftin qiyməti qalxsa belə, ölkə iqtisadiyyatında gerçək inkişaf mümkün olmayacaq.

Müəllim
Müəllim

VAKANSİYA QALMAQALI

«Bizim Yol» qəzetində isə «Müəllimlərin işə qəbul olunmaları ilə bağlı qalmaqal» sərlövhəli məqalə oxumaq olar.

Yazıda qeyd edilir ki, müəllimlər məktəblərdə olan vakansiya yerləri tutmaqdan ötrü müsabiqələrdə iştirak edirlər. Çox zaman uğurla imtahan versələr də, işlə təmin edilə bilmirlər. Məqalədə müəllimlərdən biri işə düzələ bilməmələrini belə izah edir: «Əsas məsələ vakant yerlərin yoxluğundadır. Məsələn, bu il Bakı şəhərində dil-ədəbiyyat üçün 2-3 yer ayrılıb. Bunun əsas səbəbi məktəb direktorlarının boş yerləri Təhsil Nazirliyinə göndərməməsidir. Çünki direktorlar pul alıb özləri müəllimləri işə götürür».

Qəzetə danışan narazı müəllimlər Təhsil naziri Mikayıl Cabbarovun birbaşa bu məsələləri nəzarətə götürməsini istəyirlər.

Qəzet məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeni dərc edib. Nazirlik həmin müəllimlərə belə məsləhət verir: «Konkret faktlarla nazirliyə müraciət edilməlidir. Hansı rayonda, hansı məktəbdə vakansiya gizlədilirsə, bununla bağlı nazirliyə məlumat verilməlidir. Nazirliyin özünün də marağındadır ki, bu məsələlər araşdırılsın».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG