Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

Vəkili Rəhim Qazıyevlə görüşüb


Rəhim Qazıyev
Rəhim Qazıyev

Vəkil Zibeydə Sadıqova bu gün, dekabrın 27-də Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında keçmiş müdafiə naziri Rəhim Qazıyevlə görüşüb.

Bu barədə vəkil Z.Sadıqova özü danışıb. Onun deməsinə görə, R.Qazıyev İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi ilə saxlanıb:

«Bu, xırda xuliqanlıq deməkdir. Nərimanov Rayon Məhkəməsinin qərarına görə, R.Qazıyev telefonla hündürdən danışarkən ünvansız söyüş söyürmüş və buna görə inzibati cəza alıb. Ona 10 sutka verilib».

Vəkil deyib ki, R.Qazıyev səhhətindən şikayət etməyib və cəza müddəti 2018-ci il yanvarın 5-də bitir.

Müdafiə tərəfi ittihamla razılaşmır. Vəkil bu gün, dekabrın 27-də Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib:

«İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə, 65 yaşdan yuxarı şəxslər inzibati cəzaya məruz qoyula bilməz. R.Qazıyevin isə 74 yaşı var».

26 dekabr 2017

Rəhim Qazıyevə 10 sutka həbs verildiyi deyilir

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı danışıb.

«Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Rahim Qazıyevə 10 sutka verilib. Rahim Qazıyev hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb», - deyə o vurğulayıb.

Ancaq R.Qazıyevin nədə günahlandırıldığı açıqlanmayıb.

Hazırda keçmiş nazirin vəkili Zibeydə Sadıqova polisdə R.Qazıyevlə bağlı gələn məlumatları dəqiqləşdirir.

Ə.Zeynallı: «Rəhim Qazıyevin axtarışını davam etdiririk»

«Dekabrın 26-da vəkil Zibeydə Sadıqova ilə müqavilə imzaladıqdan sonra Rəhim Qazıyevin axtarışına başladıq. İlk əvvəl onun dekabrın 25-də saxlandığı deyilən Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsinə gəldik».

Bunu «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib. Onun deməsinə görə, adıçəkilən polis bölməsindən R.Qazıyevin Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldığını deyiblər.

Baş redaktor deyir ki, bundan sonra şəhər polisinə gediblər:

«Bakı Şəhər Baş Polis İdarəsində isə dedilər ki, sizə səhv məlumat veriblər, ümumiyyətlə, bura elə bir şəxs gətirilməyib. Odur ki, axtarışları davam etdiririk».

Dəfələrlə cəhd etsək də, bütün bunlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.

Vəkil Rəhim Qazıyevi axtarır

Vəkil Rəhim Qazıyevin yerini müəyyən etməyə çalışacaq.

Bu barədə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb. O deyib ki, vəkil Zibeydə Sadıqova R.Qazıyevin müdafiəsinə cəlb edilib:

«Artıq onunla müqavilə bağlanıb. Vəkil Rəhim Qazıyevin yerini müəyyən etməyə çalışacaq».

Rəhim Qazıyevin saxlandığı deyilir

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin dekabrın 25-də günorta saatlarında saxlandığı bildirilir.

Qardaşı Rahib Qazıyevin deməsinə görə, keçmiş müdafiə nazirini Bakıda metronun «Nəriman Nərimanov» stansiyasının qarşısındakı parkda saxlayaraq, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparıblar:

«Saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlandığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanır».

Bu gün, dekabrın 26-də bəzi hüquq müdafiəçisi və jurnalistlər 17 saylı Polis Bölməsinin önünə gedib.

«Deyirlər, burada yoxdur»

«İndi 17 saylı Polis Bölməsinin önündəyik. Növbətçi hissədən bizə deyirlər ki, Rəhim Qazıyev burada yoxdur».

Bunu isə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib. Ə.Zeynallı bildirib ki, amma dekabrın 25-də R.Qazıyevin bölməyə gətirilməsini onlara da təsdiq ediblər:

«Dekabrın 25-də Rəhim Qazıyevin saxlandığını eşidəndə arxasınca bura gəlmişik, adama su gətirmişik. Bizə deyiblər ki, burada saxlanılır və əlavə ediblər ki, dekabrın 26-sı saat 10-da bölməyə gələk. İndi də gəlmişik, indi isə deyirlər ki, Rəhim Qazıyev burada yoxdur».

Ə.Zeynallı deyib ki, dekabrın 25-də R.Qazıyevin saxlanması səbəbi barədə bölmədən hər hansı izahat ala bilməyiblər.

Məsələyə hələlik Daxili İşlər Nazirliyindən aydınlıq gətirmək mümkün olmayıb.

Hüquq müdafiəçiləri bildirirlər ki, dekabrın 24-də keçmiş müdafiə naziri «Kanal-13» internet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyevin və atası prezident Heydər Əliyevin ünvanına sərt tənqidlər söyləyib.

Xatırlatma

Rəhim Qazıyev 1992-ci ildən 1993-cü ilə kimi Azərbaycanın müdafiə naziri olub.

1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə günahlandırılaraq ölüm hökmünə layiq görülüb. Sonradan bu hökm ömürlük cəza ilə dəyişdirilib. R.Qazıyev 2005-ci ildə prezident İ.Əliyevin fərmanı ilə əfv olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG