Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:10

Rəfael Hüseynov: ‘Biz müasir jurnalistikanı tərbiyə etməliyik,...’ -VİDEO


Rəfael Hüseynov: ‘Biz müasir jurnalistikanı tərbiyə etməliyik,...’
Gözlə

No media source currently available

0:00 0:07:38 0:00

Rəfael Hüseynov: ‘Biz müasir jurnalistikanı tərbiyə etməliyik,...’

"Güclü dövlət, ağıllı dövlət, sabahı görən dövlət mətbuata qayğı göstərməlidir"

“Jurnalist hər hansı təzyiqlərə məruz qalmamalıdır. Əgər qalırsa bunun səbəbini kənarda yox, elə jurnalistin özündə axtarmaq lazımdır”.

Bu fikiri Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyib.

Yanvarın 27-dən 31-dək Strasburqda keçirilən AŞPA-nın qış sessiyasında bir sıra məsələlərlə yanaşı üzv ölkələrdə medianın vəziyyəti ilə bağlı məruzə də müzakirə olunub.

Həmin məruzədə Azərbaycanın adı medianın vəziyyətinin qənaətbəxş olmadığı və jurnalistlərə daha çox təzyiqlərin olduğu ölkələrdən biri kimi çəkilib. Müzakirələrin sonunda qeyd olunan problemlərin aradan qaldırlması istiqamətində təcili addımlar atılması tövsiyyə olunub.

AŞPA, arxiv foto
AŞPA, arxiv foto

“Mən jurnalisti alpinistlərlə müqayisə edirəm”

Rəfael Hüseynov medianın vəziyyətinin acınacaqlı olması ilə bağlı Azərbaycanın adının daha qabarıq göstərilməsinin doğru olmadığını deyir. O, Azərbaycanda medianın indiki durumunu yalnız peşəkarlıqla bağlayır:

“Demək jurnalist kifayət qədər peşəkar deyil. Jurnalist hər şeyi, ən kəskin həqiqətləri də deyə, ən ağlagəlməz araşdırmalar da apara bilər. Əgər onun peşəkarlıq səviyyəsi üstündürsə, elə edəcək ki, ondan yapışamağa bir yer olmayacaq. Mən jurnalisti alpinistlərlə müqayisə edirəm. Alpinist nə qədər ustadırsa, nə qədər mahirdirsə o, ən uca dağa, ən sıldırım qayaya da dırmana biləcək və yıxılmayacaq. Əgər az peşəkardırsa, ən sadə yerdə də yıxıla və büdrəyə bilər. Qaldı ki, medianın vəziyyəti ilə bağlı AŞPA-dakı məruzədə Rusiya, Türkiyə və digər bir sıra ölkələrlə yanaşı Azərbaycanın da adının medianın təzyiqlər altında olduğu ölkələr sirasında yer almasına, hesab etmirəm ki, bu məruzəni tam obyektiv məruzə hesab etmək olar. Çünki həmin məruzədə adı çəkilməyən elə ölkələr var ki,- misal üçün İngiltərə, Fransa və İtaliyada jurnalistə təzyiq olunması baxımından çox faktlar bilirəm. Bu faktlar AŞPA-da müzakirə olunan sənədə salınmayıb. Ən böyük bəlalardan biri odur ki, dünyada çox böyük şirkətlər var, onlar ən böyük jurnalist qurumlarına, qəzetlərinə təsir edə bilirlər, istədiklərini yazdıra bilirlər. Bununla böyük layihələrin reallaşmasına maneə olmağa çalışırlar. Yəni siyasət jurnalistika peşəsinə qarışdırılır. Jurnalist də bu məngənələrdən çətin qurtula bilir. Bu baxımdan o jurnalist ki, özünü bu çətin proseslərin, çətin dövrlərin içərisində qoruya bilirsə əlbəttə bu təqdirə layiqdir. Amma o da var ki, bir gün jurnalistə təzyiq edənin özünün jurnalistlərə ehtiyacı olur. Ona görə güclü dövlət, ağıllı dövlət, sabahı görən dövlət mətbuata qayğı göstərməlidir. Bu qayğı da ölkənin demokratik inkişafında özünü göstərir”.

“Kim istəyir sayt açıra bilir, kim istəyir qəzet aça bilir,...”

“Jurnalistlərə təzyiqlər edilməsi baxımından heç narahat deyilmi” sualına cavab olaraq Rəfael Hüseynov deyib ki, Azərbaycanda mətbuatın inkişafı üçün hər bir şərait var.

“Kim istəyir sayt açıra bilir, kim istəyir qəzet aça bilir, kim istəyir telekanal aça bilir. Ciddi maneə də yoxdur. Əsas məsələ odur ki, sənin o qəzetləri, o radioları, o televiziyaları normal şəkildə idarə etməyə, normal şəkildə Azərbaycan insanına təqdim etməyə qüvvən varmı?. Yoxdur. Mən saytlara ürək ağrısı ilə baxıram. Çünki peşəkar nöqteyi-nəzərdən baxıram, görürəm ki, Azərbaycan dilində normal şəkildə cümlə qura bilmirlər. Jurnalist hər şeyi bilməlidir, jurnalist universal adam olmalıdır. O daxilən ədalətliliyi, obyektivliyi daşımalıdır. Həm də sərras söz deməyi bacarmalıdır. Bizim beynəlxalq jurnalistika da inkişaf etməlidir. Ona görə də düşünürəm ki, xüsusi bir proqram olmalıdır və dövlət də buna mütləq öz dəstəyini göstərməlidir. Tək Bakı Dövlət Universitetindəki jurnaistika təhsili kifayət deyil, müasir jurnalistikanın çox inkişaf etmiş təmayülləri var. Onları Azərbaycanda tətbiq edən kurslar təşkil olunmalı, ora dünyanın peşəkar jurnalistlərini dəvət etmək lazımdır. Ən əvvəl bunu dövlət etməlidir, çünkü bu dövlətimizə də lazımdır”.

“Axı dövlətə də lazımdı ki, cəmiyyət içərisində özünün əyər-əskiyini görsün”

“Bu deyilənləri dövlət edirmi” sualına isə o belə cavab verib:

“Dövlət müəyyən işlər görür, amma bu pərakəndə işlərlə ola bilməz. Bu sistemli şəkildə olmalıdır ki, biz müasir jurnalistikanı tərbiyə edək. Müasir jurnalistika tərbiyə olunanda onda dövlətin özünün də ona ehtiyacı olacaq. Axı dövlətə də lazımdı ki, cəmiyyət içərisində özünün əyər-əskiyini görsün. Biri var bunu sadəcə söyən şəkildə göstərirlər, biri də peşəkar şəkildə. O, peşəkar şəkildə tənqid edənə həmişə dövlətin də ehtiyacı var, sadə insanın da”.

“Mən mediaya dövlət səviyyəsində təzyiq görmürəm”

-Siz hesab edirsiniz ki, mediaya, jurnalistlərə nə olursa onların peşəkarlığından irəli gəlir? Azərbaycanda jurnalistlərə heçmi təzyiq yoxdur?

-Mən dövlət səviyyəsində belə bir təzyiq görmürəm. Ayrı-ayrı insanlar səviyyəsində ola bilər, fərdi qaydada belə şeylər mümkündür. Dövlət səviyyəsində təzyiq və ya məhdudlaşdırma nə ola bilər ki?. Sən qeydiyyatdan keçib bir sayt yaratmaq, qəzet, jurnal açmaq istəyirsən burada heç bir məhdudiyyət yoxdur. O cümlədən sənin öz fikirlərini sərbəst şəkildə ifadə etməyə hər hansı məhdudiyyət yoxdur. Mən Avropanı qoyuram kənara, sovetdən çıxçmış bəzi ölkələrdə mətbuatın vəziyyəti necədir? O, da hamıya bəllidir ki, o ölkələrdə mediaya hansı məhdudiyyətlər qoyulur. Həqiqətlər müqayisədə ortaya çıxır. Əgər sən özünü ABŞ-la müqayisə eləsən, təbii görəcəksən ki, mən geridə qalmışam. Mən demirəm ən pislə müqayisə edib ondan irəlidə olduğunu deyəsən, amma mənim müqayisə apardığım ölkələrlə müqayisədə Azərbaycanda məhdudiyyətlər yoxdur. Ayrı-ayrı adamların mediaya təzyiqləri ola bilər və bunun qarşısını almaq üçün dövlət də, ayrı-ayrı insanlar da səsini qaldırmalıdırlar.

“Dövlətin barmağı həmişə o nəbzin üzərində olmalıdır”

-Üç ildir AzadlıqRadiosunun veb səhifəsi Azərbaycanda bloklanıb, radionun ofisi Bakıda beş ildən çoxdur bağlıdır. Bu da ayrı-ayrı fərdlərin təzyiqləri ilə olubmu?

-Məsələ ondadır ki, ayrı-ayrı mətbuat vasitələrinə, mətbuat nümayəndələrinə qarşı formalaşan hansısa arzu olunmayan baxış, yanaşma ola bilsin o təqdimatlardan asılır olur. Bəzən hansısa mətbuat vasitəsində araşdırılan, ortaya qoyulan mövzuların dövlət və cəmiyyət üçün nə qədər lazımlı olduğunu bilməyən adamların, təhlilçilərin yuxarıya verdikləri təqdimatlar yanlış ola bilir. Ümumiyyətlə prosesləri təhlil edənlər, gələcəyə yönəlik təhlil verənlər çox ağıllı insanlar olmalıdırlar. Hesab edirəm ki, artıq Azərbaycanda bu sahədə addımların atılması istiqamətində müəyyən işlər gedir. Çünki bu sahədə qüsurların olduğu etiraf olundu və müəyyən adamlar da oradan kənarlaşdırıldı. Bu sahə çox vacibdir və düşünürəm ki, dövlətin barmağı həmişə o nəbzin üzərində olmalıdır. Çünki dövlət hər şeyi görmür və məhz o insanlara o vəzifə tapışrılıb ki, onlar baxıb düzgün təhlil edib, düzgün də nəticə çıxarsınlar".

Nəticələr düzgün təhlil olunanda

"Nəticələr düzgün təqdim ediləndə, düşünürəm ki, verilən qərarlar da doğru olur. Siz gördünüz ictimai-siyasi sektor tamam başqa şəkildə quruldu. Əgər ictimai-siyasi sektor tamamilə başqa strukturda qurulursa, demək indiyə qədər olan format təmin etmirmiş. Format niyə təmin etmirdi, bu öz-özünə olan bir qurum deyil, bu qurumu idarə edən ayrı-ayrı adamlardır. Yeni format üçün daha ağıllı adamlar, daha müasir baxışlı adamlar lazımdır. Hesab edirəm ki, həm hakimiyyət, həm müxalifət mətbuata bir körpü kimi, birləşdirici körpü kimi yanaşmalıdır. Yəni mətbuata o, tərəfi, ya bu tərəfi daha çox aşağılayıcı vasitə kimi baxılmamalıdır".

Xatırlatma

Azadliq Radiosu
Azadliq Radiosu

2O17-ci ildə qanunvericiliyə bir sıra dəyişilikdən sonra bir çox saytların Azərbaycandan girişinə məhdudiyyətlər qoyulub.Buna səbəb kimi həmin saytlarda dövlətin təhlükəsizliyinə qarşı bəzi yazıların dərc edilməsi göstərilib.Amma məhkəm proseslərində saytların vəkilləri bir qayda olaraq belə iddiaları yalanlayıblar.

Azadliq.org saytına giriş 2017-ci il martın 27-dən bloklanıb. Azərbaycanın Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyi bu addımı Baş Prokurorluğun göstərişi ilə atdığını, saytda bəzi yazıların Azərbaycanın milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Azadliq.org-dan savayı, Azadlıq qəzetinin, Meydan Tv-nin, daha iki internet TV proqramının (Turan TV, "Azərbaycan saatı" ) da saytları qapadılıb.

2017-ci il mayın 12-də Yasamal Rayon Məhkəməsi də bu saytların bloklanması barədə qərar çıxarıb. O zaman AzadlıqRadiosu-nun prezidenti Thomas Kent bunu radionun ölkədəki fəaliyyətini susdurmağa yönəlik “məqsədyönlü kampaniyanın bir hissəsi” adlandırmışdı.
AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq AzadlıqRadiosu-nun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla şəxsi informasiya ilə təchiz etməkdədir.

AzadlıqRadiosu-nun və daha dörd media orqanının saytlarının bloklanmasını Avropa Birliyi də pisləmişdi. Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic 2017-ci il mayın 14-də verdiyi bəyanatda qeyd edirdi ki, bu addım “müasir və demokratik cəmiyyətlərin azad, fərqli və müstəqil media ehtiyacına uyğun gəlmir”.

ABŞ-da mənzillənən “Freedom House” təşkilatı da məhkəmənin qərarını pisləyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə insan haqları qrupları və qərb hökumətlərinin tənqidlərini qəbul etmir. Onun narazıları susdurmasıyla bağlı səslənən ittihamları ölkəyə qarşı “müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası” adlandırır.

Sonrakı illərdə də daha bir sıra saytlara Azərbaycandan giriş məhdudlaşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG