Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:19

'Türklərin İranı' nəşr olunub


«Türklərin İranı» kitabı

Məşhur türk diplomatı və yazarı Recep Albayrak-ın «Türklərin İranı» kitabı Azərbaycan dilində çapdan çıxıb.

Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunub.

İki cilddən, 1256 səhifədən (628 səh. + 628 səh.) ibarət irihəcmli bu əsəri Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər Azərbaycan dilinə uyğunlaşdırıb.

Xəbəri AzadlıqRadiosuna elə Ramiz Əskərin özü verib.

Kitabda İran türkləri elmi şəkildə təsnif və təsbit edilərək Azərbaycan, türkmən, xalac, qaşqay və Xorasan türklərindən ibarət olduğu göstərilib, onların sayı vilayət (ostan), şəhər və digər yaşayış məntəqələri üzrə dəqiq şəkildə hesablanıb, İrandakı Azərbaycan torpaqlarının dəqiq sərhədləri müəyyənləşdirilib.

Buna da bax-Onun ölümünə 'Türklərin İranı' kitabı səbəb ola bilərdimi?

Burada İranı idarə etmiş səfəvi, zənd, əfşar, qacar və pəhləvi sülalə və xanədanlarının xronologiyası, ən yeni tarixin bir sıra mühüm hadisələri (Təbriz əncüməni, məşrutiyyət hərəkatı, Azadistan dövləti, Azərbaycan Milli Hökuməti, 21 Azər hərəkatı, ağ inqilab, islam inqilabı), tarixə damğasını vurmuş şəxsiyyətlər (Səttar xan, Bağır xan, Məhəmməd Tağı xan Pəsyan, Mirzə Kiçik xan, Şeyx Məhəmməd Xiyabani, Əbülqasım Lahuti, Seyid Cəfər Pişəvəri, Dr. Məhəmməd Müsəddiq, ayətullah Ruhulla Xomeyni), müxtəlif dövrlərdə mövcud olmuş mülki sistem və ərazi-inzibati bölgü, ölkədəki xalqlar, əşirətlər, etnik qruplar, dinlər və məzhəblər, dillər və ləhcələr, o cümlədən türkcədən farscaya keçmiş sözlər, türkcə toponimlər, maraqlı etnoqrafik məlumatlar, tarixi fotoşəkillər, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin mətnləri verilib.

Bu əsər indiyədək İran Azərbaycanı haqqında yazılmış ən maraqlı və mötəbər qaynaqlardan biridir.

Recep Albayrak bu əsəri 30 il müddətində İranı kənd-kənd, şəhər-şəhər dolaşaraq yazıb.

Onun ulu babası Rusiya zülmü nəticəsində XIX əsrdə Quzey Qafqazdan Anadoluya köç etməyə məcbur olub.

Recep Albayrak 2013-cü il fevralın 27-də 62 yaşında ata-anasının məzarı başında canına qıyıb.

Ancaq bu qəsdin intihar olduğuna şübhə edənlər, onu «Türklərin İranı» ilə bağlayanlar var.

XS
SM
MD
LG