Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

ReAl-ın imzalarını yoxlayacaq işçi qrup yaradılıb


İlqar Məmmədov
İlqar Məmmədov

Mərkəzi Seçki Komissiyası (MSK) “Respublikaçı Alterenativ” (ReAL) təşəbbüs qrupunun Milli Məclisə təqdim etdiyi qanun layihələrinin qəbulundan ötrü topladığı 41500 imzanın yoxlanılması ilə bağlı İşçi qrup yaradıb. Bu barədə MSK mətbuat xdmətindən bildiriblər.

Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar MSK-nın aprelin 9-da keçirdiyi iclasında qəbul edilib. “İşçi qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq”, mətbuat xidməti bildirib.

Mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri İşçi qrupda yer alacaq.

MSK üzvü Etibar Əliyev isə işçi qrupunun əlaqələndiricisi təyin olunub.

Mətbuat xidmətindən habelə deyilib ki, proses yekunlaşdıqdan sonra işçi qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

ReAL Partiyası 2018-ci il noyabrın sonlarında üç qanun layihəsinin parlamentə təqdim olunmasından ötrü lazım olan (40 mindən çox) imzanı topladığını açıqlayıb.

Bu məsələ ilə bağlı fevralın 28-də keçirilən mətbuat konfransında ReAL Partiyasının sədri İlqar Məmmədov hər 3 qanun layihəsi (problemli kreditlər, təhsil və Bakı meri seçkiləri) ilə bağlı məlumat verib.

O, deyib ki, problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görürlər. Onun fikrincə, buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.

Partiya sədri habelə deyib ki, əhalinin indiki yaşayış səviyyəsində ali məktəblərdə təhsilin pullu olması düzgün deyil.

Bakı meri seçkilərinə gəlincə, REAL sədri əlavə edib ki, bu, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biridir.

Xatırlatma

Amma elə həmin mətbuat konfransı günü, noyabrın 28-də prezident İlham Əliyev 10 min dollara qədər kredit borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman imzalamışdı.

Həmn sənədlə, 2015-ci ildə baş verən devalvasiyalara görə, vətəndaşa dəyən ziyan əsasən dövlətin üzərinə qoyulur.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Hazırda problemli kreditlərin həcminin 1.6 milyard manata yaxın olduğu bildirilir.

Son rəsmi məlumatlara görə, Azərbaycandakı ali məktəb tələbələrinin yaxın vaxtlara qədər yalnız 30 faizi dövlət hesabına təhsil alıb.

Prezidentin 2 ay əvvəl bu sahəyə aid verdiyi sərəncamla bunun yaxın aylarda 45 faizə çatacağı açıqlanıb.

Hələ illər öncə isə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin başçısının seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verib.

Ancaq Azərbaycan rəsmiləri, hələlik, bu tövsiyəyə soyuq yanaşırlar.

XS
SM
MD
LG