Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 02:45

Reabilitasiya Mərkəzində ölüm nədən olub?


Bir müddət öncəyədək telekanallarda reklamı gedən reabilitasiya mərkəzində müalicə olunanlara işgəncə verildiyi iddia edilir

Bir müddət öncəyədək telekanallarda reklamı gedən reabilitasiya mərkəzində müalicə olunanlara işgəncə verildiyi iddia edilir.

Söhbət narkotik, alkoqolizm kimi asılılıqlardan əziyyət çəkən şəxslərin sağaldılması üçün fəaliyyət göstərən “New Life” Reabilitasiya Mərkəzindən gedir.

Bu işlə bağlı mərkəzin rəhbəri Orucəli Heydərov da daxil, toplam 5 nəfər həbs edilib. Onlar müalicə olunanlara işgəncə verməkdə suçlanırlar. İddiaya görə, hətta bir nəfər – Hüseyn Məmmədov işgəncələrdən dünyasını dəyişib.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Mərkəzdə reabilitasiya keçərkən işgəncəyə məruz qaldığı iddia edilən daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş kimi, mərhum Hüseyn Məmmədovun valideyni isə zərərçəkmişin hüquqi varisi statusunda tanınıb.

“12 addım” proqramından yararlanıblar?

“New Life” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsindəki bağlar massivində olan evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin heç lisenziyası da yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.

Qalan iki nəfər – Qənbər Həsənov və Sərxan Əliyev də daxil, 5 nəfərin hamısı əzabvermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə ittiham olunur.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən min 500 manatdan 6 min 600 manatadək ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyərkən, oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun durumu pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

'Qul bazarı'nda işləməyə məcbur olan müəllim
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Cavabsız sual da var

Ancaq adları çəkilən 5 nəfərin heç biri özünü təqsirli saymır, cinayət işinin materiallarında yazılanlarla razılaşmır.

“Başdan-ayağa nağıl yazıblar. Özümü təqsirli bilmirəm. Heç ittihamın mahiyyəti də mənə aydın deyil...” - Famil Rzayev məhkəmədə ona verilən ittihama münasibət bildirərkən belə deyib.

Onlar iyulun 18-də məhkəmədə daha ətraflı ifadə verəcəklər.

İş materiallarında ölümlə bağlı ekspert rəyi var. Orada göstərilib ki, Hüseyn Məmmədov artıq dozada narkotik qəbulundan ölüb.

Reabilitasiya Mərkəzinə narkotikin necə gedib çıxması isə bir başqa cavabsız qalan sualdır.

XS
SM
MD
LG