Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

6.5 kq narkotikin mənzilə necə aparıldığı aydınlaşdırılacaq


Narkotikə görə cəzalar necə sərtləşdirilib?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Narkotikə görə cəzalar necə sərtləşdirilib?

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin birindən 6.5 kiloqram narkotik tapılmasıyla bağlı məhkəmə araşdırması yekunlaşıb. Məhkəmə belə nəticəyə gəlib ki, bu işdə suçlanan şəxsin əslində təqsiri yoxdur və o, nahaqdan 1 il 3 ay həbsdə saxlanıb.

Anar Hüseynovu Abşeron rayon Polis İdarəsinin əməkdaşları tutmuşdu. İddia edilirdi ki, onu yaşadığı binanın blokunda saxlayaraq cibindən 830 qram marixuana tapıblar. Ardınca evinə baxış keçirilərkən dolabın üstündəki qutudan 6.5 kiloqram narkotik maddə çıxıb.

Təqsirləndirilənsə bunun yalan olduğunu, sözügedən narkotik maddəni elə polislərin qoyduğunu və onu şərlədiklərini deyir. Narkotik istifadəçisi olduğunu danmayan R.Hüseynov onu heç vaxt satmadığını söyləyir. Dediyinə görə, həyat yoldaşı Aygünün şikayəti polislərin evinə narkotik atmasına səbəb olub: "21:15 radələrində evdə çörək yeyirdim. Qayınanam və onun bacısı da bizdə idi. Bu vaxt yoldaşım Aygün, ardınca polislər evə girdilər. Polislər qollarıma qandal vurdu, məni döyüb o biri otağa saldılar. Bir az sonra məni çıxaranda gördüm ki, Aygünün anası polislərə çay verib, üçü də şirniyyatla çay içir. Mənə dedilər ki, yoldaşın şikayətçidir, getməlisən. Guya üstümdən narkotik çıxması haqda video çəkdilər...".

O əlavə edib ki, mənzildən çıxarılıb blokda video çəkiləndə girişdəki dolabın üstündə olan karton qutunun tərpədildiyini görüb. Bunu deyib və çəkilən videogörüntülərdə də əksini tapıb.

"Arvadım Aygün məni tutdurmaq istəyirdi, polislər ona görə narkotiki gətirib qoymuşdu...", - təqsirləndirilən şəxsin sözləridir.

Həyat yoldaşı məhkəmədə dindiriləndə etiraf edib ki, ərindən bir neçə dəfə Abşeron rayon Polis İdarəsinə şikayət edib. Çünki əri narkotik almaqdan ötrü evdəki əşyaları satır, ondan pul tələb edir, verməyəndə onu döyürdü: "Hadisə günü mən gəldim, ardımca polislər gəldilər. Evdən tapıldığı iddia olunan torbanı əvvəl evimizdə mən görməmişdim. Anarın onu gətirməsinin də şahidi olmamışam".

"Bura tərpədilib… belə deyildi"

Polislərsə deyirlər ki, həyat yoldaşı Anarın narkotik istifadəçisi olması haqda polis idarəsinə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə dəfələrlə məlumat verib. Həmin məlumatı yoxlamaq üçün əməliyyat tədbiri keçirib onu saxlayıblar: "Vəkilin iştirakı ilə üzərinə baxış keçirildi, evdə axtarış aparıldı, marixuana aşkarlandı".

Amma hakimlər iş materiallarında və videogörüntülərdəki ziddiyyətləri təhlil edib belə nəticəyə gəlib ki, həmin narkotik maddənin təqsirləndirilən şəxsə aidiyyəti yoxdur. Videoda təqsirləndirilən şəxsin səsi eşidilir və o, dolabın üstünü göstərərək deyir: "Bura tərpədilib, oranı səhər səliqəyə salmışdım, belə deyildi...".

Evə baxış keçirilən vaxtla bağlı protokolda göstərilən saatla videogörüntülərdə divardakı saatın göstərdiyi zaman fərqlidir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bu və başqa məqamları da nəzərə alıb şəxsin təqsirsiz olduğu qənaətinə gəlib və onu məhkəmə zalından azadlığa buraxıb.

Bu cinayət işi üzrə istintaqa nəzarət etmiş prokurora da tapşırılıb ki, evdən tapıldığı iddia olunan 6.5 kiloqram marixuananın kimə məxsus olması, o mənzilə necə gedib çıxması məsələsi araşdırılsın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG